Müşviqabad qəsəbəsində yerləşən məscid qapadılıb. Bu barədə “Qafqazinfo”ya məscidin dini icmasının üzvü Rəşad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, artıq 10 gündür ki, rayon Polis İdarəsinin və 10-cu bölmənin rəisləri məscidə gələrək dini icmadan məscidin qapadılmasını tələb edirlər. Bu gün isə rayon polis idarəsinin əməkdaşları məscidə gələrək dindarlara məsciddə cümə namazını qılmağı qadağan ediblər: “Biz hazırda məscidin qarşısına toplaşmışıq. Bura əhli-sünni məscididir. Amma şiələr də namaz qılır. Məscid 1997-ci ildə qeydiyyatdan keçib. Hazırda isə təkrar qeydiyyat mərhələsindədir. Sənədlərimiz Qafqaz Müsəlmanları İdarəsindədir”.
R.Məmmədov bildirib ki, məscidin imamı Mübariz Qaçayev polislərə ifadə verib və məscidin bağlanmayacağını bildirib. O həmçinin İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilib və 200 manat cərimə olunub.
Məscidin imamı Mübariz Qaçayev isə “Qafqazinfo”ya bildirib ki, Polis İdarəsinin rəisi ona təklif edir ki, məscidi şiə məscidi etsin: “Bizə deyirlər ki, əqidənizi dəyişin. Hər dəfə məni polis idrəsinə çağırır, təzyiqlər edirlər. Amma biz geri çəkilmək fikrində deyilik. Əslində, belə bir münasibət əhalini ayağa qaldırmaqdır”.