abd-kongres

ABŞ-dan Əliyevə növbəti “sürpriz”

«Freedom House» Azərbaycanda internet istifadəçilərinin hakimiyyətin senzurasından yayınmasına imkan yaradan təlimat hazırlayıb

Sosial şəbəkələrin genişlənməsi avtoritar rejimlərə başağrısı yaratmağa başlayıb. Ərəb ölkələrində baş verən inqilablarda da texnologiyanın bu nailiyyətinin rolu danılmazdır. Bu səbəbdən də bəzi avtoritar ölkələrdə hökumət interneti nəzarətə götürərək fəallığın qarşısını almağa çalışır. Lakin artıq avtoritarların bu addımına qarşı da vasitə tapılıb.
“Yeni Müsavat” qəzetinin yazdığına görə, ABŞ Dövlət Departamentinin sifarişi ilə “Freedom House” təşkilatı Azərbaycan da daxil olmaqla, dörd ölkədə internet istifadəçilərinin bir-birləri ilə əlaqə saxlayarkən hakimiyyətin senzurasından yayınmasına imkan yaradan xüsusi sxem hazırlayıb. Sxem Azərbaycan, Birma, Çin və Irandakı internet istifadəçiləri üçündür. Təlimat hətta Azərbaycan hakimiyyətinin ölkədə internetə çıxışı bağladığı halda istifadəçilərin qlobal şəbəkəyə çıxışı üçün imkan yaradır. Təlimatda göstərilir ki, internet istifadəçiləri hakimiyyətin senzurasından yayınmaq üçün saytlara “Google”, “Freegate” kimi saytlar üzərindən girsinlər.
Həmçinin sürətli interneti izləməyin daha asan olduğunu deyən mütəxəssislər bəzi əhəmiyyətli materialların göndərilməsində zəif internetdən istifadə etməyi məsləhət görür.
Yerli ekspertlər də bu təlimatların internet istifadəçiləri üçün faydalı olduğunu deyir. Proqramçı-mütəxəssis Abbas Namazov internetə yerləşdirilən materialın, yaxud istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün müxtəlif yolların olduğunu deyir. “Google” və “Freegate” kimi saytların xüsusi qoruma sistemi mövcuddur.
Ekspert sürəti az olan internetin daha təhlükəsiz olduğunu qeyd edərək təcrübədə də bundan geniş istifadə olunduğunu deyir. Məsələn, 2009-cu ildə Iranda keçirilən prezident seçkilərindən sonra bu ölkədə internetə çıxış bağlansa da, insanlar məlumatı sürətsiz, yəni dial-up internet vasitəsilə ötürə bilirdi.
Qeyd edək ki, hazırda Azərbaycanda 400 min Facebook sosial şəbəkə istifadəçisi var. Lakin hakimiyyət orqanlarının internetə ciddi nəzarəti, fəal gəncləri təqib etməsi müəyyən qorxu yaradır. Məsələn,  sosial şəbəkələrdə fəal olan gənclərə bir müddət əvvəl ali məktəblərdə xəbərdarlıq edildiyi barədə məlumat vermişdik. Görünür, beynəlxalq qurumlar bütün bu amilləri nəzərə alaraq demokratik düşüncəli insanlara hərtərəfli yardım etmək niyyətindədir. Bu da yaxın gələcəkdə insanları daha da fəal olmağa, fikirlərini sosial şəbəkələr vasitəsilə sərbəst çatdırmağa geniş imkan yaradacaq.

Fizzə