Yaltaqlıqların tarifi

Xalq yaradıcılığının bənzəri olmur. Sadə, gözəl və real. “Viva” ləqəbli Facebook istifadəçisinin yazdığı mətni oxucularla bölüşmək qərarına gəldim. Bu mətn TV-lərdəki zəhmətkeş çıxışlarına verilən ən real və ən gözəl qiymətdir. “Viva” ləqəbli Facebookçu aşağıdakı siyahıda həmin çıxışlara görə verilən məbləğləri yazıb.
1. AzTV də paytaxt sakini təqlidi yapmaq – 50 manat;
2. Müxalifəti söymək – 50 manat;
3. “Çiçəklənən ölkəmizdə” demək – 45 manat;
4. Xaricdən maliyyələşən qüvvələr demək – 55 manat;
5. Əliyevə öz minnətdarlığını bildirmək – 155 manat;
6. Əli Kərimliyə və Isa Qəmbərə söymək – 145 manat;
7. Verilən mətni qüsursuz oxumaq – 150 manat;
8. Verilən mətni qüsursuz oxuyarkən duyğulanmaq effekti nümayiş etdirmək – 165 manat.
Hər kəs yaxşı bilir ki, Azərbaycan hakimiyyəti bu məsələlərdə kifayət qədər səxavətlidir. Amma heç də hamı fərqində deyil ki, müxalifətə və xalqa qarşı xərclənən pullar elə xalqın öz pullarıdır. Bizdən oğurlanan pullardır. Korrupsiya bizdə həm də siyasi sistemi saxlamaq üsuludur. Məmurlara verilən paket maaşlar da ondan ötrüdür ki, onlar paytaxt sakini təqlidi yapanlar kimi xalqa xidmət edən məmur rolunu oynasınlar, amma bu hakimiyyətə xidmət etsinlər, oğurluq və qanunsuzluq fəaliyyətində iştirak etsinlər. Paket maaşlar doğrudan əmək haqqıdır, alın təri ilə qazanılan pullardır, amma qanunsuzluğa sərf olunmuş zəhmət və tərlə qazanılır.

Inkişaf və oğurluq

Tanınmış Iqtisadçı Qubad Ibadoğlunun hazırladığı “Ictimailəşməsi tövsiyə olunan məlumat və faktlar” adlı sənəddən bəzi rəqəmlərə baxın. Bu, bizim ölkənin inkişaf rəqəmləri olmaqla yanaşı, həm də oğurluq rəqəmləridir. 2011-ci ilə qədər bəzi xərclər:
– Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə 747 milyon manat;
– Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsində Azərbaycan tərəfinin payına – 625 milyon 720.2 min manat; 
– “Əzizbəyov” metro dairəsindən Bakı Beynəlxalq Aeroportuna gedən avtomobil yolunun layihələndirilməsi, tikintisi, (14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsi – 360 milyon 499.6 min manat;
– Qusar rayonunda turizm infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün 279 milyon 600 min manat;
– Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi-Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət yolu kimi yenidən qurulması üçün 250 milyon manat;
– Bakı şəhərində Heydər Əliyev adına mərkəzin tikintisi üçün 4 il ərzində (2007-2010) 171 milyon 256 min manat; 
– Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində (“Əzizbəyov” metro stansiyası dairəsi) yol qovşağının tikintisi, tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi üçün 147 milyon 191.3 min manat.