Real siyasət! O, bu qədər müşküldürmü?

Siyasətə də alışmaq lazımdır. Siyasətdə də yenilər və köhnələr olur. Yenilər üçün hər şey qeyri-adi görünür, onlar hamının normal qəbul etdiyi prinsip və qaydalardan qeyzlənirlər. Hesab etmirəm ki, siyasətdə 18 il az müddətdir və bu qədər müddət əslində siyasətin məntiqini tutmaq üçün yetərli olmalı və kafi dərəcədə böyük təcrübə sayılmalıdır. Bəs onda YAP liderlərini ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı növbəti hesabatı nədən belə qeyzləndirib? Onlar hesabatın məzmunundan danışmır, daha çox belə bir cəhətə diqqət yönəldirlər ki, axı ABŞ hansı haqla başqa ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı hesabat hazırlayır?!. Qəribədir, deyilmi? Artıq hamı ABŞ-ın hesabatlarını normal qarşılayır və bütün dünyada bu hesabat insan haqlarının vəziyyəti ilə bağlı ən mötəbər sənədlərdən biri sayılır və nəzərə alınır. Bunların isə “irad”ını başa düşmək mümkündür. Axı başqa nə deyə bilərlər? Nəyi inkar edə bilərlər? Nəyi təkzib edə bilərlər? Heç nəyi!
Ona görə də başlayırlar belə bəyanatlar verməyə. Sanki digər dövlətlər heç bunlar qədər də müstəqil deyil!

Liviyaya reaksiya bunları niyə təəccübləndirdi?

Bəli, BMT Liviyaya dərhal reaksiya verdi. Bu, bizimkilərə yaman təəccüblü və olduqca orijinal göründü. Indi ən yüksək səviyyədə dünyaya sual ismarış edirlər: “BMT-nin Liviya ilə bağlı qətnaməsi bir neçə saata icra olunur. Bəs Dağlıq Qarabağ haqqındakı qətnamələr niyə bu vaxta qədər icra olunmayıb və hələ də öz icrasını gözləyir?”. Haqlı sualdır, cənablar! Amma siz bu sualı münaqişənin nizamlanmasındakı müstəsna rolunu şişirtdiyiniz Rusiyaya ünvanlasanız daha yaxşı olardı, çünki bu sualın cavabını elə hamıdan yaxşı Rusiya bilir! Bəli, Rusiya Liviya ilə bağlı qətnamənin də qarşısını ala bilərdi, amma bunu etmədi! Qarabağla bağlı hər hansı bir qərarın qəbul edilməsinə isə o, imkan verməz! Budur sualın cavabı!.. Nə vaxta qədər biz qaranlıq bir otaqda qara pişik axtaracağıq, həqiqəti olduğu kimi deməyəcəyik! Nə vaxta qədər!.. “Böyük siyasət” budurmu? Qarabağ problemi niyə həll olunmur? Ona görə ki, hər dəfə ondan daha “vacib” məsələlər meydana çıxır. Hansı məsələlər? Məsələn, hakimiyyət məsələsi! Məhz elə hakimiyyət məsələsi də Rusiya ilə bağlı həqiqəti deməyə imkan vermir. Burada Volterlə bağlı detal yadıma düşür. Ölüm yatağında olarkən qoca Volterin yanına keşiş çağırırlar və keşiş ona deyir: “Şeytandan əl çək, üzünü Allaha çevir!”. Volter qayıdır ki, belə bir vaxtda daha bir düşmən qazanmaq mənim nəyimə lazımdır! Hə, bizim hakimiyyət adamları da belə düşünür. Belə bir çətin vaxtda Rusiyanı itirmək onlar üçün məqbuldurmu?

Indi Ermənistan kimin nəzarətindədir?

Bəli, bu məsələyə də münasibət bildirməyə dəyər. Ötən aksiya bir daha, lap dəqiq sübut etdi ki, vəziyyətə L.Ter-Petrosyan nəzarət edir. Onun dedikləri yadınızdadırmı? Bəli, o, hakimiyyətə gəlməyə tələsmir, çünki ortalıqda onun da həll etməyə çətinlik çəkdiyi problem var, artıq bir dəfə onun ağırlığını və mürəkkəbliyini görüb. Bəli, çalışır ki, Qarabağ problemi ona qədər hansısa formada həll edilsin. Bir məsələni də qeyd etmək istəyirəm. Bəzən L.Ter-Petrosyanı bir “mütərəqqi” siyasətçi tək təqdim etməyə cəhd edirlər. Amma Azərbaycanın bütün torpaqları elə L.Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrlərdə işğal olunub! Bunu unutmaq olarmı?! Və mümkün məntiqi nəticə budur ki, Ermənistan siyasətçilərinin hamısı indiki siyasi mənsubiyyətindən asılı olmayaraq bir ideyaya xidmət edirlər – daşnak ideyasına!

Kiçik sözardı

Biz nə vaxt irəliləməyə başlayacağıq? O vaxt ki, bir daha dediyim kimi, qara pişiyi qaranlıq otaqda axtarmağa son qoyacağıq! Biri var siyasət, biri də var siyasət oyunu. Özəl maraqlara gələndə siyasətlə məşğul oluruq. Amma milli maraqlara gələndə siyasət oyunu başlayır. Özü də bu oyunlar düz 18 ildir davam edir və hələ də sonu görünmür. Çe Gevara deyirdi ki, cənablar, azca realist olun, mümkün olmayanı arzu edin!.. Indi onu təkrar etmək istəmirəm, amma əsl realist olmağa dəyər! Bu, elə də çətin deyil!