Yəməndə polislərlə əsgərlər toqquşdu; Suriyada qadınlar və uşaqlar küçələrə axışdı
Əlcəzair və Mərakeş də inqilab dalğasına büründü
32 ildir hakimiyyət-də olan Yəmən prezidenti Əli Abdullah Salehin istefası tələbilə həftələrdir keçirilən etiraz aksiyaları davam edir. Paytaxt Sənada polislərin müxalif qüvvələrin tərəfində olan general Əli Möhssün əmrindəki əsgərlərin düşərgəsinə təşkil etdiyi hücum zamanı silahlı insident yaşanıb. Qarşıdurma nəticəsində çoxlu sayda əsgər və polisin yaralandığı bildirilir.
Ölkənin cənubundakı Ədən şəhərində Əli Abdullah Salehin istefası tələbilə keçirilən mitinqə hökumət qüvvələri sərt müdaxilə edib. Təhlükəsizlik qüvvələrinin etirazçılara odlu silahdan atəş açması nəticəsində 2 mitinq iştirakçısı həlak olub, onlarla yaralı var. Yayılan məlumatlara görə, yollarda barrikada quran etirazçılar əsgərlərin keşik çəkməsinə mane olmağa çalışıb.
Son günlər Yəmənin cənub şəhərlərilə yanaşı, ölkənin şimal bölgələrində də Salehin istefası tələbilə kütləvi aksiyalar intensivləşib. Əsgərlərin nümayişçilərə atəş açması nəticəsində yüzlərlə insan həyatını itirib. Istefa tələblərini rədd edən Yəmən prezidenti Körfəz Ölkələri Əməkdaşlıq Şurasının ondan vəzifəsini təhvil verməyi nəzərdə tutan planını qəbul etsə də, müxalifət buna qarşı çıxıb.
Əli Abdullah Saleh ABŞ-ın regionda mühüm müttəfiqlərindən biri sayılırdı. Ancaq ekspertlər Salehin son dövrdə Vaşinqtonun da səbrini daşıracaq addımlar atdığını və bu səbəbdən Amerikanın dəstəyini itirdiyini bildirir.
Suriyada qadınlar və uşaqlar küçələrə axışdı
Suriyada yaxınlarının həbsinə etiraz edən yüzlərlə qadın və uşaq küçələrə axışaraq ölkənin əsas avtomobil yolunu bağlayıb. Yayılan məlumatlara görə, etiraz aksiyasına ağ bayraq və zeytun budağı tutaraq qatılan qadınların çoxu Beyda kəndinin sakinləridir. Bu bölgənin çoxlu sayda sakini Suriyanın demokratikləşməsi tələbilə keçirilən nümayişlərə qatıldıqdan sonra həbs olunublar.
Etiraz dalğası Hələbə sıçradı
Bəşər Əsədin istefası tələbilə etiraz aksiyaları Suriyanın ikinci böyük şəhəri Hələbdə də keçirilib. Küçələrə axışan minlərlə hələbli prezidentin dərhal istefa verməsini tələb edib. Hökumət qüvvələri aksiyaların kütləviliyinin qarşısını almaq üçün təhsil müəssisələrinin önündə hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət postlar qurub. Polis dərs vaxtı tələbələrin təhsil müəssisələrindən çıxışını qadağan edib.
Bəşər Əsəd əleyhdarları Ərdoğandan yardım istədi
Banyas şəhərinin nüfuzlu din və ictimai-siyasi xadimləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edərək Suriyada demokratiya və azadlıq tələblərilə başlanan hərəkata dəstək verməsini xahiş ediblər. Ərdoğana ünvanlanan məktubda “Bizi bu bəladan qurtar!” xahişi öz əksini tapıb.
ABŞ Suriya ordusunu qarşıdurmaların baş verdiyi iki şəhərdə tibbi personalın yaralılara kömək etməsinə maneə törətdiyinə görə sərt tənqid edib. Bəşər Əsəd hakimiyyəti isə iddiaları rədd edərək, tibbi personalın girişini əngəlləyənlərin hökumət qüvvələri olmadığını bildirib.
Əlcəzairli tələbələr prezident sarayına yürüş etdi
Yaxın Şərq inqilablarından ilhamlanaraq meydanlara axışanlar sırasında Əlcəzair sakinləri də var. Əlcəzairin eyni adlı paytaxtında minlərlə tələbənin iştirakı ilə yürüş-mitinq keçirilib. Yürüş iştirakçıları prezident sarayı qarşısında təhlükəsizlik qüvvələri ilə toqquşub. Aksiyaçıların bəziləri təhsil naziri Rəşid Həvarbiyanın istefasını tələb edib.
Şahidlərin sözlərinə görə, qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb. Son iki ay ərzində Əlcəzairdə müxalifətin təşkil etdiyi aksiyalar dağıdılır.
İnqilab dalğasının növbəti ünvanı Mərakeş ola bilər
Inqilabların növbəti ünvanı Mərakeş ola bilər. Çünki bir müddət öncə küçələrə axışan mərakeşlilər demokratik islahatlar tələbilə aksiyalar keçirirdi. Etirazlar qarşısında geri çəkilən Mərakeş kralı geniş konstitusiya islahatları vəd etmişdi. Lakin ölkə müxalifəti kralın islahatlar vədini ciddi qəbul etməyərək, kütləvi etiraz aksiyalarını bu ay da davam etdirməyə hazırlaşır.
Mərakeş müxalifəti və siyasi şərhçilər kralın qeyri-səmimi vədindən sonra ölkədə gərginliyin artacağını istisna etmirlər. Müxalifət hökumətin islahatları qəsdən gecikdirdiyini vurğulayaraq, ölkədə silsilə etiraz aksiyalarının qaçılmaz olduğunu bildirib. Ekspertlərin fikrincə, Yaxın Şərq ölkələrini bürümüş inqilab dalğasının Mərakeşə də keçəcəyi real görünür. Çünki Tunis və Misirdən fərqli olaraq, müəyyən qədər yaxşı həyat tərzi sürən mərakeşlilərin siyasi azadlıqları məhdudlaşdırılıb. Məhz bu amil də ərəb dünyasında baş verən hadisələrin əsas səbəblərindən biridir.
Turan