İngilis dilimi, insanlıq dilimi?

Bizim kral həzrətləri hakimiyyətin təpəsinə təzə-təzə oturduğu vaxtlarda “ingilis dilini bilən prezidentimiz var” sözləri çox dəbdə idi, xatırlayacaqsınız. Bununla Ilham Əliyevin Avropa dəyərlərinin daşıyıcısı olduğuna işarə vururdular, Allah qoymasa.
Guya ingilis dili bilmək müasirliyin, çağdaşlığın sinonimi-zaddır. Məntiqlə, adam yapon dilini bilirsə, hər gün yeni bir texnoloji icada imza atmalı, alman dilini bilənlər ucdantutma Kant, rus dilini bilənlər də bir nəfər kimi Dostoyevski olmalıdır. Gül, gülə bildiyin qədər. 
Əlbəttə, çox dil bilməyin faydası var ki, zərəri yoxdur. Amma bizim kral həzrətlərinin timsalında görürük ki, bunun üzərindən fərqli nəticələr çıxarmaq, fərqli obrazlar yaratmaq heç də həmişə özünü doğrultmur. Ona qalsa, heç kim ingilis dilini ingilislərin özündən gözəl bilə bilməz, indi belə çıxır ki, orada hamı yaxşı adamdır, müdrikdir, ağıllıdır, xeyirxahdır, ədalətlidir?
Mənim bu köhnə söhbəti təzələməkdə məqsədim var. Son vaxtlar hakimiyyətdə oturanlar telekanal aparıcılarının Azərbaycan dilini səlis bilməməsindən tez-tez şikayətlənirlər. Mən bunun nə qədər doğru olduğundan xəbərsizəm, çünki illərdir onlara baxmıram.
Deyək ki, lap elədir, axı bir dildə səlis danışıb-danışmamaq heç vaxt taleyüklü məsələ ola bilməz. Əgər sən həqiqəti danışa bilmirsənsə, doğruları söyləyə bilmirsənsə, bülbül kimi ötməyi bacarsan xeyri nədir, kəkələsən, hıqqansan zərəri nə? Axı Azərbaycan telekanallarının aparıcılarının dili səlis bilmək problemindən əvvəl həqiqətləri dilə gətirmək problemi var. Bunu niyə demirsiniz? Bundan niyə narahat olmursunuz?
Ilham Əliyev nümunəsi bizə sübut edir ki, bir dili səlis bilmək heç vaxt insanın əsas üstünlüyü ola bilməz. Insan ingiliscə bilib də, ərəb şeyxi kimi davrana bilər. 
Bir insanın əsas üstünlüyü onun insanlıq dilindən gözəl anlaması, insanlıq dilini səlis bilməsidir. Yaşadığımız əsrdə insanlıq dili hüquqa sayğıdır, azadlıqlara hörmətdir. Öz iradəsini xalqın iradəsinin üzərinə qoymamaqdır. Millətin malına yan gözlə baxmamaqdır. Onun kimi düşünməyənləri düşmən qiyafəsində görməməkdir. Onu sevməyənlərə nifrət etməməkdir. Əgər səndə bunların heç biri yoxdursa, istəyirsən lap poliqlot ol, nəyə yarayar, kimə yarayar? Bir halda ki, danışdığın iki sözdən biri yalandır, onu hansı dildə danışmağın doğrudanmı, bir mənası qalır?
Sən ingilis dilini tum kimi çırtlaya bilərsən, ingilis dilində hətta ingilisin özündən belə, yaxşı danışa bilərsən, bəs öz dilində həqiqətləri danışanları niyə susdurmalısan?
Keçənlərdə bir dilçi-professor çıxıb Ilham Əliyevin Azərbaycan dilində danışıq səviyyəsindən çox razı olduğunu demişdi. Bəlkə də belədir. Bəlkə də əlahəzrət danışarkən mübtədanın, xəbərin, zərfin, tamamlığın, təyinin yerli-yerində olmasına çox diqqət edir, nə bilim. Məni maraqlandıran bu deyil.
Məni maraqlandıran odur ki, Ilham Əliyev mübtədası, xəbəri, zərfi, tamamlığı, vurğusu, nöqtəsi, vergülü yerli-yerində olan “Azərbaycan cəmiyyətində artıq müxalifətə yer yoxdur” deyəcəyinə, sözləri əzib-töksə, cümlə üzvlərini baş-ayaq eləsə belə, müxalifətsiz bir cəmiyyətdə rifaha, ədalətə, tərəqqiyə nail olmağın mümkünsüzlüyünü deyə bilsin.

Cabbarı da qovdular

Tural Abbaslının və Cavid Mehrəliyevin ardınca dünən daha bir ləyaqətli gəncimizi – Cabbar Savalanlını da universitetdən qovdular. Təhsilin özünü universitetlərdən qovanların tələbə qovmasından normal nə ola bilər ki?
Turalı da, Cavidi də, Cabbarı da universitetdən qovanların arqumentləri eynidir. Baxırlar ki, yaltaqlıq fənnindən kəsirləri var… Baxırlar ki, qorxaqlıq dərslərinə girməyiblər, qayıbları var… Baxırlar ki, köləlik ixtisası almaq istəmirlər, neyləyəcəkdilər axı? Qovacaqdılar da…

Zalım xanın şairinin azadlıqdan qorxması

Xalqsız xalq şairi Zəlimxan Yaqub “Yeni Müsavat”a müsahibə verib, deyib: “”Azadlıq” deyə bağıranların hamısının əleyhinəyəm”.
Henri Devid Toro isə deyirdi: “Kölələr yalnız azadlığın özündən yox, hətta ”azadlıq” sözündən də qorxurlar”.
Şərhə ehtiyac varmı?