Nazir müavini Cəlal Əliyevin güdazına getdi

MTN-in ikinci şəxsi Əli Nağıyevin işdən çıxarılmasının təfərrüatları “Azadlıq”da

Milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən azad olunub. Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev də “mediaforum”a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, general-mayor Əli Nağıyev prezident İlham Əliyevin aprelin 11-də imzaladığı sərəncamla vəzifədən azad edilib.

Əslində, Milli Təhlükəsizlik Nazirliyində (MTN) mühüm post tutan bir generalın, nazir müavininin vəzifədən kənarlaşdırılması ciddi xəbərdir. Azərbaycan şəraitində isə bu xəbərin əhəmiyyəti bir qədər də artıqdır. Ona görə yox ki, bizim ölkəmizdə iri vəzifələr bir qayda olaraq “ata mirası” kimi əbədi mülkiyyət sayılır. Yaxud, həm də ona görə yox.
Əli Nağıyev MTN-də mühüm postlardan birini tuturdu. Onun reputasiyası bir qədər qaydasında deyildi. Adətən, informasiya çevrələrində belə mülahizələr yayılırdı ki, Əli Nağıyev ucu MTN-ə bağlanan “qara əməliyyatların” ssenari müəllifidir və icraçısıdır. Bunun nə dərəcədə həqiqət olduğunu iddia etmək mübahisəlidir. Əslində, “Azadlıq”a daxil olan məlumatlarda vurğulanırdı ki, Əli Nağıyev və başqa müavinlər arasında (əsasən, Hilal Əsədovla) ziddiyyətlər çoxdandır davam edir və indi işdən çıxarılan general bir neçə aydır ki, faktiki olaraq “işlərdən kənarlaşdırılıb”.
Amma Azərbaycanda iri ranqlı məmurların əhəmiyyəti həm də, onların “iqtisadi imperiyalarının” həcmi ilə müəyyən edilir.  General Əli Nağıyev də iri bir “imperiya”ya sərəncam hüququnu əlində saxlayırdı. Bu məsələlər barədə mətbuatda dəfələrlə yazılıb. Sonuncu belə yazılarda onun iqtisadi şəbəkəsində müəyyən kriminal elementlərinə də işarə vurulurdu. Məsələn, “Eyfel” adlı tikinti şirkətinin ətrafında yaranmış qalmaqallarda Əli Nağıyevin qardaşı Vəli Nağıyevin adı hallanırdı. V.Nağıyev “Eyfel”in şəriklərindən biri kimi təqdim edilmişdi. Bu şirkətlə bağlı qalmaqal ondan ibarət idi ki, şəriklərdən biri olan Eyvaz Soltanov qardaşı Şahin Soltanovu əmlak hüququndan məhrum etmək üçün onu zorla dəlixanaya salmaq istəyirdi.

Maraqlıdır ki, Əli Nağıyev işdən çıxarılmamışdan əvvəl onun qohumlarını da daramağa başlamışdılar. Aprel ayının 2-də Əli Nağıyevin yaxın qohumu, MTN-in aeroport şöbəsinin rəisi Ilqar Nağıyev vəzifəsindən uzaqlaşdırılmışdı. Ilqar Nağıyevin orada polis rəisi ilə münaqişələri vardı və onların hər ikisi vəzifələrindən kənarlaşdırılmışdı. Görünür, “Əli Nağıyev bir müddət bundan əvvəl işlərdən kənar qoyulub” deyənlər də haqlıdırlar.

Daha bir maraqlı versiya hüquq-mühafizə orqanlarına yaxın mənbədə dolaşır. Bu versiyaya görə, Əli Nağıyevin biznesinin əhəmiyyətli hissəsi dövlət başçısının əmisi Cəlal Əliyevlə şərikli qurulub. Hakim ailə daxilindəki ziddiyyətlərin isə artıq heç kimə sirr olmadığı aydındır. Bu versiya da, məhz bundan ibarətdir ki, general Əli Nağıyevin vurulmasının əsas səbəblərindən biri də Cəlal Əliyevlə xüsusilə yaxın münasibətdə olmasıyla bağlıdır.

Maraqlıdır ki, təhlükəsizlik sistemində ən azman adamlardan biri sayılan Əli Nağıyevin Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə də ciddi münaqişələri vardı. “Azadlıq”a sızan məlumatlara görə, hətta Allahşükür Paşazadə ondan Ilham Əliyevə şikayət də edibmiş. Şeyx, əsasən ondan narazılıq edirmiş ki, Əli Nağıyev yerli mətbuatda onun əleyhinə davamlı olaraq materiallar dərc etdirirmiş.

İnformasiya şöbəsi