asad-aliyev

Bəşər Əsəd və İlham Əliyev bir-birini təkrarlayır

Suriya lideri də Azərbaycan iqtidarı kimi, müxalifəti xaricə işləməkdə ittiham edən plan hazırlayıb

Suriya diktatoru Bəşər Əsəd Yaxın Şərq inqilablarından ilhamlanaraq azadlıq və ədalət tələbiylə küçələrə axışan suriyalıların ölkə müxalifətinə olan inamını sarsıtmaq üçün bütün avtoritar liderlərin etdiyini təkrarlayıb. Əsəd hakimiyyətinin “Müxalifətin etimadını sarsıtmaq” adlı kəşfiyyat planı mətbuata sızıb.

Həmin planda göstərilir ki, Suriya rəhbərliyi xüsusi xidmət orqanlarına, iqtidaryönlü mediaya “etiraz aksiyalarını təşkil edən və mitinqlərdə xüsusi fəallıq göstərənləri xalqın nifrət etdiyi ölkələrlə qaranlıq əlaqələri olanlar kimi göstərin” tapşırığı verilib.

23 mart tarixli sənədə görə, Suriya kəşfiyyatı ölkədəki etirazçıların ictimaiyyət qarşısında alçaltmaq və nüfuzdan salmaq üçün “Sionist rejim” arasında əlaqə qurulması tövsiyə edilir. Sənəddə müxalif fəalların yalnız İsrail ilə deyil, Suriya xalqının “nifrət etdiyi” Livan ilə də “əlaqəli” kimi göstərilməsi təklif edilir.

Yüksək rütbəli Suriya kəşfiyyat zabitləri tərəfindən hazırlandığı iddia edilən planda müxaliflərə qarşı planlaşdırılan sui-qəsdlər, rejim əleyhdarı qruplara sızma və qarşı təbliğat üçün istifadə ediləcək üsullar haqqında ətraflı və qatı qaydalar sıralanır. Sənəddə rejim əleyhdarları ilə ABŞ və İsrail arasında əlaqə olduğu iddialarına dair çağırışlar öz əksini tapır.

Suriya lideri Bəşər Əsəd planda “bizim üçün ən böyük simvol” kimi göstərilir. Sənəddə etirazların yayımlanmasını qadağan, vətəndaş geyimli təhlükəsizlik işçilərinin müxalifətçilər arasına yerləşdirilməsi və “planlaşdırılan ifadələri” istifadə etməsi, ictimaiyyət dəstəyini artırmaq üçün yanacaq və qida qiymətlərinin aşağı salınması, Əsədə dəstək kampaniyalarının təşkil edilməsi və bəzi kürd tələblərinin qəbul edilməsi kimi başlıqlarda var.

Gizli plana əsasən etirazların “etnik qarşıdurma” olduğu istiqamətində media kampaniyasının aparılması, “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə hökumət işçilərinin planlaşdırılan ifadələri yayması da nəzərdə tutulur.

Göründüyü kimi, Bəşər Əsəd iqtidarını İlham Əliyev hakimiyyətiylə bağlayan daha bir cəhət məlum olub. Azərbaycan hakimiyyəti də ölkə müxalifətini xarici qüvvələrlə əməkdaşlıqda, hətta daha irəli gedərək AXCP sədri Əli Kərimlini beynəlxalq terror şəbəkələriylə əlbir olmaqda ittiham edən sərsəm iddialar irəli sürür. Şər və böhtan kampaniyasının ona qarşı çevrildiyinin isə fərqində deyil. Necə ki, Əsəd diktaturası bütövlükdə Suriya xalqının ona etiraz etdiyini “görmədən” müxalifət əleyhinə planlar hazırlayır.
Təssüf ki, xalqı talamaq, onun hüquqlarını tapdamaq, “Birinci mən və ailəm” zehniyyətiylə yaşayan Ben Əli, Mübarək, Qəzzafi, Saleh və Qbaqbo kimi diktatorların acınacaqlı sonluğu da Bəşər Əsəd-İlham Əliyev “tandemi”nə dərs olmayıb. Fil Dişi diktatorunun həbsinə münasibət bildirən ABŞ dövlət katibi Hillari Klintonun “Bu, başqa diktatorlara dərs olmalıdır” söyləməsi də sıradan bir açıqlama sayılmamalıdır. Bu, ona etiraz edənləri xarici qüvvələrlə, terrorçu qruplarla əlaqədə suçlayaraq azad söz, demokratiya və ədalətli cəmiyyət qurulmasının qarşısını alan diktatorlara “Bax, sənin də sonun belə olacaq!” mesajı kimi başa düşülməlidir. Beynəlxalq birliyin diktator gördüyü rəhbərlərin ön sırasında Bəşər Əsəd və İlham Əliyevin dayandığı isə danılmazdır.

Tural