Belə hakimiyyət məğlubiyyətdən qaça bilməz

11 Martdan sonra Azərbaycanda hakimiyyət və cəmiyyət münasibətlərinə bir baxış

L’Etat, c’est moi! – Ah dövlət, o, elə mən özüməm! (XIV Lüdovikdən)

 

Azərbaycan son aylar sosial partlayışın astanasındadır. Ərəb inqilabları dalğasından bir parça qığılcım payı da bizə çatdı. Sadə insanlar arasında olan gərginlik mühiti artıq küçə və meydanlara daşınmağa başladı. Vətəndaşımiz, ən azından onun gənc kəsimi birdən-birə Tunis və Misir ssenarisinin Azərbaycanda təkrarlanacağı və ictimai mühitin demokratik inkişaf məcrasında dəyişəcəyinə inanmağa başladı.
Aksiyalardakı şüarlara diqqət yetirin! 11 mart Xalq günündə gənc aksiyaçılar bir yerdə “yumurta!” qışqırırdılar, bir az yaşlı nəsil nümayəndələri isə polisin onları haqladığını görəndə “Istefa” deyə çağırırdı. Bu dalana sıxışdırılmış insanın harayına bənzəyir; o, yumurta çığırırdı, çünki hətta yumurta sözünü ucadan söyləmək Azərbaycan kimi total polis nəzarətinin hökm sürdüyü ölkədə istənilən növ cinayət ittihamı ilə cəzalandırıla bilər.

Əlbəttə, bunlar hal-hazırda hakimiyyət içindəki qüvvələrin vəzifə kürsülərini itirəcəkləri paranoyasında olduqlarını və bu səbəbdən pərakəndə dəli hərəkətlərinin təzahürüdür. Son mübarizə meydanında hakimiyyət funksionerləri yenidən həmişəki kimi sovet totalitarizmindən qalma texnologiyalarla – “zəhmətkeşlərin yığıncaqları” ilə güya müdafiəsiz qalmadıqlarını sübut etməyə çalışırlar. Hakimiyyət indi çox qeyri-sabit və kövrək görsənir. Bu psixoloji özünənəzarətsizlik durumudur. Bu qorxudolu panikanın nəticəsidir ki, hakimiyyətin hər vəchlə yürütməyə çalışdığı anti-təbliğat kampaniyası əslində narazı çevrələrin təbliğatına çevrilir.

Hakimiyyətin insanların küçədə etirazına polis basqısı ilə cavab verməsi onu göstərir ki, Azərbaycanda hələ də “hakimiyyət hər şeydir” prinsipilə bütün siyasi və qeyri-siyasi fəaliyyətlərə nəzarət edilir, hətta küçədə, meydanda sərbəst toplaşıb etirazını bildirmək də vətəndaşa rəva görülmür və ya bundan ehtiyacsız filansız dəhşətli dərəcədə qorxulur. Azərbaycan hakimiyyəti insanların siyasətdə iştirak azadliğını və hətta bunun ən mikro səviyyədə nümayişini belə, yəni məsələn “yumurta” qışqırmaq haqqını da öz insanına çox görür. Bir yandan isə hakimiyyət heç bir ictimai ehtiyac olmadan iqtidaryönlü düşərgənin gənclərinin ucuz təhqir aksiyasının keçirməsinə şərait yaradıb, səviyyəsizcəsinə müxalifət liderini söydürür. Bu da azmış kimi güya cəmiyyətdə dəstəkləndiyini nümayiş etdirmək məqsədilə səhnələşdirilmiş müsahibələr, qabaqcadan hazırlanmış xalq şou-yığıncaqları təşkil edir, güya “xarici qüvvələrin əli ilə Azərbaycanda ictimai siyasi sabitliyin pozulmasına cəhd edilir”.  Bunun mənası budur; “cəmiyyətin nə istədiyini, nə düşündüyünü və nə tələb etdiyini də hakimiyyət dəqiq bilir və onun əvəzinə bunun necə təqdim olunması haqqı da mütləq ona məxsus olmalıdır”. Başqa sözlə, siyasətdə nə varsa, böyükdən tutmuş kiçiyinə kimi hakimiyyətin inhisarında olmalıdır.  Hər şeyin icrasına bu ölkədə bircə cavabdeh olan hakimiyyətdir. Əslində bu totalitarizmə yuvarlanmış rejimə xas xüsusiyyətdir və belə hakimiyyət bütün totalitar rejimlərdə olduğu kimi mütləq sonuna doğru irəliləyir.

“Cəmiyyət narazıdır!”

Xalq nə isə artıq qorxmur və mübarizədən çəkinmir,  baş verənlərə biganə qala bilmir. İndi nə qorxu, nə cəsarətsizlik, nə də adına milli mentalitet qoyduğumuz əskikləyici damğalarla əhalinin vəziyyətini ifadə etmək olmur. “Biz ərəblərdən nə ilə əskikik”, deyilir. Həmdə ona görə ki, qorxu və ya onun əksi olan cəsarət anlayışı bir an, bir situasiya kontekstindən yaranan haldır. Azərbaycan insanı müəyyən anlarda qorxaqlıq, müəyyən anlarda cəsarətlilik nümayış etdirə bilər. Kim deyə bilər ki, o an sabah yetişməyəcək və cəsarətlilərin sayı minlərə çatmayacaq. 
Son vaxtlara qədər cəmiyyət sanki dövlətin köklədiyi musiqi ritmilə rəqs edirdi. Dövlət isə yazılmamış rüşvət qanunları ilə, özbaşına tənzimlədiyi mexanizmlə cəmiyyəti idarə etmək yox, onu sadəcə “yola verirdi”. Elə indinin özündə də belədir. Normal sivil demokratik cəmiyyətlərdə siyasi prosesin gedişatının əsasında sadə bir düstur dayanır: hakimiyyət siyasəti icra edir, cəmiyyətdən isə cavab gözləyir. İndiyə kimi bu əlaqə zənciri rüşvət idi, rüşvət həm sual həm də cavab idi.

Bu gündəlik həyatımızın bir hissəsinə çevrilən gözə görünməz idarəedici qüvvə hər gün polislə, dövlət məmuru ilə üzləşəndə yox deməyə üzümüz gəlməyib sakitcə əlimizi cibimizə salıb haqqını verəndə də bizi və dövlət işçisini də idarə edir. Bu da cəmiyyətin üzərində qurulan total nəzarətin bir növüdür. Həmin rüşvətlə ən bahalı universitetlərdə təhsil alan övladların pulu veriləcək, dünyanın bahalı istirahət mərkəzlərinə dincəlməyə, ən son marka maşınlarda gəzilməyə pullar göndəriləcək və ən nəhayət küçədə etiraz edənləri döyüb əzişdirmək üçün dəyənəklər alınacaqdır. Cəmiyyət isə hakimiyyətin vətəndaşın iradəsini qırıb rüşvət və ələ baxımlılığı adətə çevirib, hakimiyyətin davamlılığına və absolut hökmranlığına xidmət etmək tilsiminə düşəcəkdi. (Şəkil 1)

Bu minvalla qohumumuzu instituta qoyanda verdiyimiz “hörmətlə”, yerlilərimizə və ya pis halda dostlarımıza üzümüzü tutub çətin məsələrinin „asan həllini“ axtaranda hüquqlarımızın üstündən keçən hakimiyyətin dəyirmanına bixəbər su tökəcəyik. Məhz buna görədir ki, cəmiyyətimiz daxilində fərdi təşəbbüskarlığa meyl yoxdur, cəmiyyətin ən ucqar məkanında da hakimiyyətin total nəzarət qurmasına, onu istədiyi işləmə mexanizminə sazlamasına imkan verilir. Səbəb isə maddi vəziyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının onun üçün ayrılmış dar bir yaşam məkanında tapdığı azadlığını axtarmağa məhkum olmasıdır. İdeyaların qıt olduğu, məktəblərdə əzbərçi tədris ruhunun hökm sürdüyü, ictimai medianın yalnız hakimyyətə məqbul olan infomasiyanı ötürməklə kifayətləndiyi, hələ orta əsrlərdən qalma ailə və tayfa münasibətlərinin insan talelərinə hökm verdiyi bir ölkədə, televiziyada isə mənfəət naminə şou müğənnilərinin əyləncə davranışları yetişən gəncliyin beynində həkk olunanda azadlığın mənası çox daralar, o elə iş, pul, ailə və qohum mənafeyi, televizorda faydasız şou xəbərləri izləməklə bitər. Belə insanlarla manipulyasiya etməyə nə var.

Təbii ki, bir cəmiyyət olaraq Azərbaycanlıları bu azadlıqdan məhrum, faktiki qul vəziyyətinə təkcə hakimiyyət özü salmayıbdir və hakimiyyətin heç belə irihəcmli sosial prosesi işlətmək, sonra da ona nəzarət etməyə gücü çatmaz. Hətta ən işlək bürokratiya sistemlərində də idarəetmənin başlanğıcdan sonuna kimi təşkilinə tam nəzarət yoxdur. Amma bununla belə, vətəndaşlara sərbəst yaşamaq, işləyib qanuni pul qazanmaq və qanuni vergi vermək haqqı tanınmırsa, bazar münasibətləri mühitində dövlətin kiçildilib qanunun keşikçısı vəziyyətinə yox, həmin qanunları rüşvət mənbəyinə çevirib dövlət resurslarını – insanları – talamaq məqsədinə xidmətə yönləndirilirsə, cəmiyyət də pis öyrənər.
Bu vaxta kimi narazılıq hələ nə səbəbə narazı olmağı kimdən və ya nədən narazı olmağı anlatmırdısa, indiki narazılıq başqa narazılıqdır. İndi hədəflər müəyyəndir. Bu vaxta qədər kimisi ictimai nəqliyyatda narahatçılıqdan, yol polisinin davranışından, lap elə birdən-birə varlanmış qonşusundan narazı ola bilərdi. Ancaq narazılıq hələ onun hədəfi müəyyən deyilsə narazılıq sayılmır. Əgər məvhumlara geyindirilmiş mücərrəd narazılıqdan bəhs olunursa, onda gərək praktik narazılıqlar bütövləşib hədəfini tapsın. Narazılığın ifadəsi indi hakimiyyətin cəmiyyətin inkişafını əngəlləyən maneələri aşa bilməməyin zəminində yaranır. Narazılığın hədəfi indi hakimiyyətdir.

Azərbaycan kimi yaşayış tərzi chox çətin olan bir ölkədə hakimiyyət insanların narazı olmadığını düşünürsə, bunu dəfələrlə utanmadan bəyan edirsə, böyük səhv edir; bu yalniz “hakimiyyətin özünü müdafiə instinktinin təbliğatı” ola bilər. Bir halda ki, əhalinin minimum əmək haqqı neft ölkəsinin nəhəng gəlirləri müqabilində qarın doyuzdurmaq üçün verilir, gündəlik rüşvətxorluq mühitində həmin gəlir də alınır korrupsiyalaşmış məmurlara ilik, aylıq, günlük ödənişlərə sərf olnursa, sadə insan sabah iş tapacaq və ya tampayacaq təminatı olmadan həftənin bütün gününü işləyirsə, axşamlarda evə qayıdanda rüşvətlə qazanılmış yarlı yaraşıqlı evlərin, bər-bəzəkli avtoların yanında keçirsə, hansı halal insan yaşadığı şəraitdən razı qalar?! (Şəkil 2) M

ən ən gözəl maddi şəraiti olan bir nəfərin polisin, “JEK”, vergi müfəttişinin əlindən cana doyub, qanunsuzluq ve qeyri-insani münasibətdən bezib xarici ölkələrə qaçmaq istədiyinin şahidi olmuşam. Tam əminliklə deyə bilərəm ki, onların sayı minlərlədir. Hətta Azərbaycanın ən varlı insanının da azadlığı məhduddur, onun azadlığı yalnız maddi və vəhşi insan tələbləri ilə yekunlaşır. Kimisi maşınını, kimisi paltarını nümayiş etdirməklə, kimisi paxıl gözləri doydurmaqla azadlığının bitmiş olduğunu düşünür. O varlılar da bu cəmiyyət də yazıqdilar və özləri də bilmədən qeyri-şüuri narazılar sırasına daxildirlər.

“Hakimiyyətin vətəndaşlıq borcu“

Olmaz idimi ki, ictimai mühiti sərbəstləşdirib əhalinin siyasi iştirakçılıq fəaliyyətini artırmaqla, tam qanuni demokratik dövlətçilik əsasında, parlament, seçki kimi siyasi ədalətin meyarları olan proseduraları həyata keçirməklə, cəmiyyətdə demokratiya ruhunu bərpa edib, siyasi mübarizənin konflikt əsnasında deyil məhz milli barışıq və qarşılıqlı ehtiram əsasında həllinə çalışılsın?!  Axı bu yolla, elə YAP-ın özü də yetkin bir siyasi qüvvəyə çevrilmək imkanını əldə edər. Sabah Allah eləməmiş xalq etirazı bütün ölkəni bürüyüb ümumxalq iğtişaş halına gələndə və insanlar inqilabi dəyişiklikdən savayı başqa vasitə görməyəndə iqtidar nümayəndələri hansı şüarlarla, hansı heyətlə və hansı üzlə yenidən siyasət meydanına qatılacaqlar.

Bu gün elə müxalifət partiyalarının yenidən dirçəlməsi xalqın hakimiyyətdən narazılığının artıq son həddinə çatmasından qidalanmırmı?
İndi etiraz edənlərin böyük qismini gənclər təşkil edir. Ölkə prezidenti gənclərin “menecment (dövlət idarəçiliyi- müəllif) sahəsində fəal iştirakına şərait yaradacağını” elan edir, amma həmin gənclər parlament seçkilərinə qatılıb sivil formada siyasi fəaliyyət göstərmək istəyəndə hakimiyyətin nədənsə dözümlülük limiti qurtarır. Yenə də köhnə üsullar, nomenklatura qaydasında yuxarıdan təyin olmalar və sözəbaxan Milli Məclis. Bəs, ictimai sifariş, gənclərin özlərinə həqiqi ideal seçdikləri liderlərin cəmiyyətin tələblərini hakimiyyətə çatdırmaq işi?! Axı hələ Heydər Əliyevin prezidentliyi dövründə parlamentdə müxalifətin iştirakçılıq həddi bəzən 10%- dən yuxarı idi, indi bir nəfər də olsun alternativ fikir daşıyıcısı parlamentdə təmsil olunmur, media isə hətta təsadüfi də olsa fərqli düşüncəni səsləndirməyə qorxur.  (Şəkil 3)

Demokratik dəyişiklik birinin haqqının tanınıb başqasının tapdanması demək deyil. Axı bu gün dünyanın aparıcı ölkələrində fərqi yoxdur müxalifət ya iqtidar olsun, siyasət adamlarının maddi imkanları, onların həyat tərzi heç də bizdə ciblərinə hər gün milyonlar dolduran siyasi işbazlarımızdan geri qalmır, yetər ki, hər şey qanun çərçivəsində olsun. Liberal azad cəmiyyətdə kimin ixtiyarı var başqasının qanuni pul qazanmaq haqqına bais olsun.

Dövlət bir mütləq qüvvənin deyil, iki və daha artıq qüvvənin, cəmiyyətlə hakimiyyətin birgə yaşamının nəticəsidir, və bu əgər qanuni, demokratik hər tərəfi qane edəcək əsaslarda baş verərsə, onda istənilən Azərbaycan hakimiyyəti də qazanar. Bu hakimiyyət də, bundan sonraki da. Əslində müxalifətçılik bir partiyaya başucalığı gətirmirmi və onun siyasi mübarizə əzmini artırmırmı? Kim deyə bilər ki, sabah demokratik seçkilər keçiriləndə, demokratik ədalətli siyasi sistem bərqərar olanda indiki iqtidar nümayəndələrindən çoxunun xalqın həqiqi haqq səsini qazanmağa, bir daha deyirəm həqiqi səsini qazanmağa imkanları olmayacaq?!  Axı, bu həm də iqtidarda olanların vətəndaşlıq vəzifəsi olardı.

Rail Səfiyev
(siyasətşünas, Berlin Azad Universiteti)