kiv-df

Azərbaycanda dinlərin tarixi


Ərazidəki müxtəlif dinlər

Qədim Ipək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcud olmasında Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi və s. səbəblər böyük rol oynamışdır. Məhz bu xüsusiyyətlər burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdi.
Azərbaycan əhalisinin bütpərstlik təsəvvürlərinin kökləri çox qədimlərə gedib çıxır və animizm, fetişizm, totemizm, şamanlıqdan tutmuş tanrıçılığa qədər müxtəlif xalq inanclarını ehtiva edir. Filoloji və etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin mənzərəsini yaratmağa imkan verir. Arxeoloji qazıntılar Xınıslı, Dağkolanı, Çırağlıda qədim tarixə malik iri daş bütlər, Ismayıllıda antropomorf fiqurlar, Mingəçevirdə gil heykəllər aşkar etmişdir. Bütpərəstliklə bağlı ayinçilik çox vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar bir-birindən az fərqlənmiş, biri digərindən təsirlənmiş, bir-birini tamamlayaraq bölgə əhalisinin mənəvi dəyərlər sisteminin təşəkkülündə birgə iştirak etmişdir.
Bir çox Şərq xalqları kimi qədim azərbaycanlılar arasında da kainatın dörd əsas ünsürdən – torpaq, hava, su və oddan ibarət olduğu barədə təsəvvürlər geniş yayılmışdı. Atəşpərəstlik də bu təsəvvürlərlə bağlı inanclar zəminində meydana çıxmışdır. Azərbaycan ərazisində məskunlaşan əhalinin böyük bir qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir. Odun hər cür çirkinliyi, rəzaləti yox etdiyinə, insanlara təmizlik gətirdiyinə inam bəslənmişdir. Novruz bayramı ilə günümüzədək gəlib çatan od ayin və mərasimləri Azərbaycanda atəşpərəstliyin güclü ənənələri olduğunu göstərir. Atəşpərəstlərin məbədi atəşgah adlanır.
Zərdüştilik atəşpərəstliyin içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir Axirət səadəti, günah və savab haqqında təsəvvürlər zərdüştiliyin yetkin din olduğuna dəlalət edir. Zərdüşt insanları daha ədalətli, daha təmiz olmağa, hər cür natəmizliyə qarşı mübarizə aparmağa çağırırdı. Zərdüşti əqidələrində od mühüm yer tuturdu və buna görə zərdüştiləri çox vaxt atəşpərəst hesab edirlər. Orta əsrlərdən etibarən zərdüştilik Azərbaycanın mədəni-siyasi həyat tələblərinə cavab verə bilməmiş və əhəmiyyətini büsbütün itirmişdir.

İslam dininin qəbul olunması

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ Isa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Movses Kalankatvasi dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər Isanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.
Provoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi “köçürmə siyasəti” çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk provoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus provoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır.
VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı Isfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Arran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri “Bab əl-Əbvab” adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi.

Müasir Azərbaycanda dinlər

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxsin vicdan azadlığı var. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə eitqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququ var.
Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.
Hazırda ölkədəki 8 milyon əhalinin 93%-ni müsəlmanlar təşkil edir  və bu çoxluqdan 65-75%-i Şiə ənənələrinə bağlıdır. Bu yaxınlarda aparılmış sorğuya əsasən, əhalinin 4-6%-i  “aktiv” inananlar, yəni Islam qaydasına riayət edən insanlardır; 87-92%-i isə özlərini müsəlman sayaraq dinin bəzi qayda və ənənələrinə riayət edirlər. Yalnız 3% özlərini ateist adlandırırlar.
Əgər 1976-cı ildə ölkədə qeydiyyatda olan 16 məscid və bir mədrəsə var idisə, Sovet dövrünün sonuna bu rəqəm 200-dək qalxdı.
Azərbaycanda üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.
Bakıda, Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Avanın 9-da matəm orucu günü dünyanın hər yerindən dağ yəhudiləri buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər, yaxınlarının qəbirlərini ziyarət etsinlər. Qəsəbədə üç sinaqoq və ayinçilik məqsədilə tikilmiş mikva vardır.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, Avropada ən böyük sinaqoqdur. 2003-cü ilin sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərir.
Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur.
Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə təmsil olunmuşdur. Ölkədəki rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş Bakı və Xəzəryanı Yeparxiyasında birləşir.
Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanların kilsəsi yoxdur, ehkamları xüsusi “ayin kitablarında” verilmişdir. Onlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd edirlər.
Alban-udi xristian dini icmasının qeydə alınması formal olaraq digər icmaların qeydiyyatından fərqlənməsə də, xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan insanların sayı dünyada 10.000-ə qədərdir ki, onların 6000-i Azərbaycan ərazisində, o cümlədən 4.400-ü kompakt şəkildə Qəbələ rayonunun Nic kəndində yaşayır.
Tarixən udilər bizim eradan əvvəl IV əsrdə türk qəbilələri ilə qohumluq əlaqəsində olaraq Qarabağda, Xəzərsahili torpaqlarda yaşamış, sonralar xristianlığı qəbul etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi (Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi, “xristian kilsələrinin anası” sayılır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir