Qurumun xidmət rəisi «Veqasda bəy qonaqlığı» filmi ilə bağlı şikayət olunmadığını söyləyir, sərnişinlərsə dəfələrlə etiraz etdiklərini deyirlər
«Film «Azal»a məxsus təyyarələrdə üç aydır ki, yayımlanır»
“Azadlıq”ın ötən sayında “”Azal”ın təyyarəsində biabırçı olay” başlıqlı yazı dərc olunmuşdu. Yazıda qeyd olunurdu ki, Moskva-Bakı reysi ilə uçan “Azal”a məxsus təyyarədə biabırçı olay baş verib. Aprelin 7-də 23.00 reysində sərnişinlərə açıq-saçıq səhnələrlə zəngin film nümayiş etdirilib. Məlumatı qəzetimizə sərnişinlərdən biri verib.
Bizimlə əlaqə saxlayan “Azal”ın xidmət rəisi Məhərrəm Səfərli deyir ki, 07 aprel 2011-ci il tarixində Bakı-Moskva-Bakı marşrut üzrə 854 və 853 saylı reyslərində “Sərxoşluqdan sonra” filmi nümayiş etdirilib: “Bu film Rusiyada ”Veqasda bəy qonaqlığı” adı ilə tanınır. Bu, Varner Brother şirkəti ilə bağlanmış müqavilə əsasında alınıb. Rəsmi lisenziya ilə artıq üç aydır ki, “Azal”ın aviaşirkətlərində nümayiş etdirilir. Bütün bu müddət ərzində filmin məzmunu ilə bağlı aviaşirkətə heç bir şikayət daxil olmayıb. Rəsmi saytda filmin janrı komediya kimi göstərilib. Dəfələrlə bu film Azərbaycan telekanallarında gündüz saatlarında nümayiş etdirilib. Bu film iki nominasiya üzrə “Oskar” mükafatına da təqdim olunub. 07 aprel 2011-ci il tarixində Bakı-Moskva-Bakı marşrutu üzrə 854 və 853 saylı reyslərində sərnişinlərə xidmət göstərən təyyarə bələdçiləri təsdiq edirlər ki, uçuş müddətində heç bir sərnişin filmin məzmunu ilə bağlı şikayət etməyib”.
“Azadlıq”a məlumat verən sərnişinlə əlaqə saxladıq. O, bir daha faktı təsdiqlədi. Adının çəkilməsini istəməyən sərnişin Moskvada yaşayır. Deyir ki, aprelin 7-də j-2ÿ853 saylı reyslə 23:30-da Bakıya qayıdanda filmi seyr ediblər: “Sərnişinlər iki dəfə etirazlarını bildirdilər. Stüardessalar bunun mümkünsüz olduğunu bildiriblər. Üçüncü dəfə stüarda şikayət edildi və bundan sonra məsələ həllini tapdı”. Məlumatı verən sərnişin kinodan bir fraqmenti də diqqətimizə çatdırdı. Bildirdi ki, çimərlikdə çılpaq kişilərin görüntülərini dəfələrlə yaymaq ən azı milli mentalitetə ziddir.
Qeyd edək ki, “Veqasda bəy qonaqlığı” haqda göstəricilərdə ona baxmaq üçün yaş məhdudiyyətinin olduğu vurğulanır. Filmə 14 yaşdan aşağı şəxslərin baxması qadağandır. Film komediya üslubunda olsa da müəyyən senzurasız səhnələr var. “Veqasda bəy qonaqlığı”nın rejissoru Todd Fillipsdir.
Kinoşünaslar isə bildirirlər ki, bu kateqoriyaya daxil olan filmlərin ictimai yerlərdə yayımlanması qadağandır.
Ramin DEKO