“Avtoritar rejimlərə münasibət kökündən dəyişib”

Eldar Namazov: «Aqressiv, diplomatik protokola sığmayan bəyanatlar yalnız onların müəlliflərini pis vəziyyətə salır»

«Azərbaycan hökumətinin Qərbi şantaj etmək cəhdləri təəssüf və gülüş doğurur»

 

İctimai Palatanın 2 aprel mitinqindən sonra Avropa Birliyi, ABŞ səfirliyi sərt bəyanat verərək aksiyaçıların həbsini pislədi, həmçinin onları dərhal azad etməyə çağırdı. Ardınca Avropa Birliyinə daxil olan ölkələrin səfirləri, həmçinin ABŞ səfirliyi Ictimai Palatanın üzvləri ilə görüşərək beynəlxalq aləmin məsələni nə dərəcədə diqqətdə saxladığının mesajını verdi. Öz növbəsində Azərbaycan rəsmiləri də cavabsız qalmayaraq diplomatların bu addımlarını qınayan açıqlamalar verdilər. Onları Azərbaycanın daxili işinə qarışmaqda və qərəzlilikdə ittiham etdilər. Hətta iş o yerə çatdı ki, Xarici Işlər Nazirliyi Avropa Birliyinin nümayəndəsini çağıraraq diplomatik dildə narazılığını bildirdi. Halbuki Azərbaycan hökumətinin qərəzlilikdə ittiham etdiyi ölkələrin və qurumların qarşısında götürdüyü öhdəliklər var. Onlar da Azərbaycana öz mandatları daxilində təpki və iradlarını bildirirlər. Müsahibimiz politoloq Eldar Namazovla bu məsələlər ətrafında söhbət apardıq.

“Hökumət nə qədər bəsit düşündüyünü ortaya qoyur”

– Eldar bəy, hakimiyyətin beynəlxalq təşkilatların reaksiya və tələblərinə bu qədər aqressiv yanaşmasını necə qiymətləndirirsiniz?
– Beynəlxalq təşkilatların, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun ölkədə gedən proseslərə diqqət göstərməsi, insan haqları və sərbəst toplaşmaq azadlığı ilə  bağlı məsələlərə ciddi reaksiya verməsi diplomatik fəaliyyət haqqında konvensiyalara tam uyğundur. Həmin konvensiyalara Azərbaycan da qoşulub. Azərbaycan rəsmiləri çox gözəl bilirlər ki, bütün bunlar diplomatik mandata daxildir. Ölkədə fəaliyyət göstərən siyasi qüvvələrlə görüşmək, təmas qurmaq, onların fikirlərini öyrənmək diplomatın peşə borcudur. Başqa bir tərəfdən diqqətin artması dünyada gedən proseslərlə bağlıdır. Xüsusən də Yaxın Şərqdə baş verən son olaylar dünya siyasətinə çox ciddi təsir göstərib. Insan haqları heç bir ölkənin daxili işi deyil” deyimi əvvəllər bir şüar kimi səslənirdisə, indi beynəlxalq aləmin gündəlik fəaliyyətində öz təsdiqini tapır. Avtoritar rejimlərə münasibət köklü şəkildə dəyişir. Bu prosesin fonunda Azərbaycanda da həm diplomatik korpusun, həm beynəlxalq təşkilatların insan haqları məsələlərinə diqqəti artırması, reaksiyalarını gücləndirməsi təbiidir. Azərbaycan rəsmilərinin qanuna uyğun olmayan, heç bir diplomatik protokola sığmayan bəyanatları çox təəssüf doğurur.
Diplomatların fəaliyyəti ilə bağlı hansısa siyasi partiya, o cümlədən YAP təftiş aparıb qiymət verə bilməz. Bu, ölkənin Xarici Işlər Nazirliyinə aid məsələdir. Buna cəhd edən siyasətçilər isə əvvəlcə öz mandatlarını anlasınlar. Bilsinlər ki, hansı məsələyə irad tutmaq və ya fikir söyləmək hüquqları var. Ondan sonra başqalarının işinə belə kobud şəkildə müdaxilə etsinlər. Azərbaycanın Xarici Işlər Nazirliyi Avropa Birliyinin nümayəndəsini dəvət edərək bu qurumun bəyanatını müzakirə etməsi təbiidir. Əgər Avropa Birliyi Azərbaycanla bağlı bəyanat qəbul edibsə, onun məzmununu, orada göstərilən faktları, verilən qiyməti bu nazirlik müzakirə etməlidir. Ancaq fikir verin ki, nazirlik səfirləri çağırıb niyə müxalifətlə görüşürsünüz sualını vermir. Çünki yaxşı başa düşürlər ki, bu cür təmas diplomatik protokola tam uyğundur. Eyni zamanda səfirlər də hökumətin bu bəyanatlarına cavab verməyə də lüzum görmürlər. Anlayırlar ki, onlar yalnız XIN-dən gələn notalara və dəvətlərə cavab verməlidilər. Hansısa partiya qarşısında hesabat verməli deyillər. Ona görə də aqressiv, diplomatik protokola sığmayan bəyanatlar yalnız onların müəlliflərini pis vəziyyətdə qoyur. Bu, onların dünyada gedən proseslər, həmçinin diplomatik fəaliyyət haqqında təsəvvürlərinin nə qədər bəsit olduğunu göstərir.

Diplomatları şoka salan bəyanatlar

– Azərbaycan rəsmiləri “bu cür bəyanatlar əlaqələrimizi korlayır” deməklə xarici diplomatları açıq şəkildə şantaj etmiş olmurlarmı sizcə?
– Son illər Azərbaycan hakimiyyəti tərəfindən belə bir siyasət yürüdülür. Mənim diplomatik korpusla təmaslarım yüksək səviyyədə olduğuna görə bilirəm ki, Azərbaycan rəsmiləri bir neçə dəfə bu istiqamətdə açıq mesajlar veriblər. Bildiriblər ki, insan haqları, seçkilər, jurnalistlərin həbsi və bu kimi məsələlərlə bağlı bizi tənqid etsəz, xarici siyasət prioritetlərimizi dəyişə bilərik. Müsəlman dünyasına, MDB və Rusiyaya inteqrasiya yolunu tuta bilərik. Mənə bu haqda məlumat verən diplomatlar təəccüblərini gizlətmirdilər. Birincisi ona görə ki, bu fikirlər daxili siyasətlə məşğul olan məmurlar tərəfindən səsləndirilirdi. Təəccüb həm də onunla bağlı idi ki, belə bir mürəkkəb regionda yerləşən ölkə üçün Qərblə əməkdaşlığı kəsmək dövlətçilik mənasında özünə sui-qəsd etməkdən başqa bir şey deyil. Çünki Azərbaycanın müstəqilliyi və inkişafı aparıcı dünya strukturlarına, beynəlxalq demokratik ictimaiyyətə inteqrasiyadan asılıdır. Indi Azərbaycanın məmurlarının bu cür “ağıllı fikirləri”, Qərbi şantaj etmək cəhdləri təəssüf və gülüş doğurur. Bu, həmin məmurların səviyyəsini nümayiş etdirir və Azərbaycanın dövlətçilik maraqlarına tam zidd gəlir.

“Xəcalət çəkməkdən başqa əlac qalmır”

– Azərbaycan hakimiyyəti bir tərəfdən Avropa Birliyi ilə birgə iri proqramlar həyata keçirir, Avropa Şurası, ATƏT qarşısında könüllü şəkildə öhdəliklər götürür, o biri tərəfdən də onların tənqidi mövqeyini qəbul etmək istəmir. Yəni eyni zamanda nə Qərblə əməkdaşlığını kəsmək istəyir, nə də tənqid eşitmək.
– Bu vəziyyətin anormal olduğunu, Azərbaycan hakimiyyətinin analoqu olmayan mövqe tutduğunu bütün dünya bilir. Bilirlər ki, YAP nümayəndələrinin bəyanatları gülüncdür və reallıqdan uzaqdır. Vaxtilə sovetlər birliyi Helsinki sazişlərinə imza atmaqla öhdəlik götürdü ki, insan haqları heç bir ölkənin daxili işi deyil. Həmin hadisələrin üzərindən 40 il keçir. Artıq bu prinsip bütün beynəlxalq konvensiyalarda təsbit olunub. Azərbaycan Avropa Şurası və ATƏT qarşısında öhdəlik götürməklə yanaşı, həm də Avropa Məhkəməsinin yuridiksiyasına daxil olub. Bu o deməkdir ki, Azərbaycanda insan haqları pozulanda ölkə vətəndaşları Avropa Məhkəməsinə müraciət edib orada haqq-ədaləti bərpa edə bilərlər. Azərbaycan hökuməti də bu məhkəmənin çıxardığı qərarları birmənalı şəkildə icra etməlidir. Belə olan halda “demokratik məsələlər bizim daxili işimizdir, daxili işimizə qarışmayın” bəyanatını verməyin nə mənası var? Hansı “ağılla”, hansı “məntiqlə” belə bəyanatlar verirlər? Müxalifətdən, iqtidardan asılı olmayaraq biz Azərbaycan dövlətinin imicini düşünməliyik. Hakimiyyəti təmsil edən adamlar beynəlxalq ictimaiyyətlə bu dildə, bu “məntiqlə” danışanda xəcalət çəkməkdən başqa əlac qalmır.

“Bu siyasətin sonu sosial partlayış, siyasi böhrandır”

– 2 aprel aksiyasından dərhal sonra 4 nəfər cinayət məsuliyyətinə cəlb olundu. Beynəlxalq aləmin sərt təpkilərindən sonra hökumət geri çəkilmək əvəzinə onların sayını bir az da artırdı. Sizcə, hökumət bununla beynəlxalq aləmə nə demək istəyir?
– Azərbaycan hakimiyyətində çox təhlükəli bir yanaşma formalaşıb. Qərarların qəbuluna təsir edən adamlarda belə fikir formalaşıb ki, hansısa məsələdə geri çəkilsələr, güzəştə getsələr, bu, hakimiyyət tərəfindən zəiflik kimi qəbul olunar və çox pis nəticələrə gətirər. Ona görə düşünürlər ki, hətta səhv addım atsalar belə, geri çəkilməli deyillər. Inadkarlıqla onun üzərində dayanmalıdırlar ki, həm Azərbaycan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə öz güclərini nümayiş etdirsinlər. Bu çox yanlış və təhlükəli yanaşmadır. Faktiki olaraq hakimiyyət etiraf etmiş olur ki, Azərbaycan daxilində çox böyük narazılıq var. Bu narazılıqdan qorxub özünü zəif göstərmək istəmirlər. Bundan qorxub hər dəfə öz xalqıyla təzyiq, hədə-qorxu dili ilə danışırlar. Belə bir yanaşma həm də onu göstərir ki, hakimiyyət yaranmış vəziyyətdən düzgün nəticə çıxara bilmir. Hakimiyyət “Biz geri çəkilməli, heç bir güzəştə getməli deyilik” şüarı ilə hərəkət edəcəksə, Azərbaycanda mövcud olan ciddi problemlərin heç biri həllini tapmayacaq. Problemlər daha da böyüyəcək və dərinləşəcək. Bu siyasətin də nəticəsi sosial partlayış, siyasi böhrandır. Hətta problemlərin həlli ilə bağlı müraciətlərə cavab vermək bu hökumət üçün problemə çevrilib. Görünür, bunlar öz xalqından nə qədər qorxurlar ki, özləri üçün sanki bir qala qurublar. Bu qalanın da nə pəncərəsi var ki, real mənzərini görsünlər, nə də qapısı var ki, girib-çıxıb cəmiyyətlə bir təmas qursunlar.

Gültəkin