“31 Mart beynəlxalq məhkəmələrə təqdim oluna bilər”

Əliyevlər sülaləsinə tərifbazlıqla məşğul olan adamlar meydandan çıxarılsa…

Xaqani İsmayıl: «Milli Məclisin bu məsələni müzakirə etməyə vətənpərvərliyi və qabiliyyəti çatmadı»

Erməni lobbisi 24 aprel günü yenidən dünya ölkələrində bir sıra tədbirlər keçirməyi planlaşdırır. Buna adekvat olaraq bizimkilər hansı addımları nəzərdə tutur? Suallarımızı 31 Mart Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının Başqanı Xaqani Ismayıl cavablandırır.

– Xaqani bəy, “31 Mart” Təşkilatının yaranması bu sahədəki təbliğat boşluğundan, yoxsa başqa bir zərurətdən irəli gəldi?
– Hər şeydən öncə qeyd edim ki, mən 2002-ci ildə “Azəri soyqırımı” kitabını yazarkən tarixi əsərlərlə tanış olduqdan sonra bilavasitə arxivdə çalışdım. Bu mövzu ilə bağlı istintaq materiallarının tədqiqindən və pyesi çap etdirdikdən sonra bütün hadisələrin daha geniş zaman kəsiyində araşdırılmasına və bu təkzibolunmaz gerçəklər üzərində bir məntiqin – soyqırımı tanıtım konsepsiyasının qurulmasına ehtiyac hiss etdim. Ermənilərin 300 ildən artıq diplomatiya və muxtariyyət mücadiləsi tarixini öyrəndim. Bundan sonra 1918-ci il qırğınları ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin istintaq sənədlərini ümumiləşdirib  Beynəlxalq Fövqəladə Komissiyaya təqdim etməyi planlaşdırdığını aşkar edərək Azərbaycanda ilk dəfə 2002-ci ildə soyqırımı tanıtım məsələsini gündəmə gətirdim. Türkiyəyə qarşı olan uydurma erməni soyqırımı iddialarını da araşdırdım. Bu iddiaların sabun köpüyündən ibarət olduğunu bir daha yəqin etdikdən sonra bizdəki bəlgələrin çəkisinin daha sanballı olduğu və uluslararası məhkəmələrə, daha sonra parlamentlərə təqdim edilmə gücündə olduğunu yəqin etdim. Dövləti təmsil edənlərin bu məsələdə qafil və maraq alverçisi olduğunu görüb təşəbbüsü öz üzərimə götürdüm.

– Indiyə kimi bu təşkilat xəttiylə hansı tədbirlər görülüb?
– Öncəki illərdə bu faciənin ildönümündə sənədli açıqlamlar hazırlayaraq onları Türk və Azərbaycan kanalları ilə yaydım… 2005-ci ildə isə “31 Mart” Təşkilatı adından BMM-də Milli Məclisdə müzakirəyə ünvanladığım konsepsiyanın təqdimatı oldu. Professorlar Firidun Ağasıoğlu, Ziyatxan Həbibbəyli və b. layihəyə yüksək qiymət verdi. Katiblik adından bizə söz verilsə də, MM-nin bu məsələni müzakirə etməyə vətənpərvərliyi və qabiliyyəti çatmadı. Ancaq Ermənistan mediası dərhal reaksiya verdi. Pakistana da həm bu təşkilatın başqanı, həm də tədqiqatçı yazıçı-jurnalist kimi dəvət olunmuşdum. Oradakı soyqırımla bağlı tanıtım fəaliyyətlərim də “31 Mart” qurumunun missiyasına bağlıdır. Orada Islamabad Siyasi Araşdırmalar Institutunda, Xarici Işlər Nazirliyi və Pakistan Parlamentində bu hadisələr haqqında arxiv sənədlərinə əsaslanaraq ətraflı məlumat verdim. Nəticədə Pakistanın xarici işlər naziri Şah Məhmud Qureyşi və Pakistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Müşahid Hüseyn ayrı-ayrılıqda Pakistan dövləti adından Azərbaycanlıların 1918-ci il soyqırımını tanıdıqları haqda bəyanat verdilər.
Pakistan tərəfi təqdim etdiyim bu araşdırmaları və “Azəri soyqırımı” tarixi-mənzum pyesimi ingiliscə çap edərək yaymağı təklif etsə də, Azərbaycan tərəfi əsərin ingiliscəyə çevrilməsi ilə bağlı məsələni həll etmədiyi üçün layihə söz olaraq qalır.
O cümlədən, “Kazım Qarabəkir Vəqfi” ilə Istanbulda, Iqdır azərbaycanlıları ilə Ankarada birgə tədbir və konfranslar keçirmişik. Iqdır Bələdiyyəsinin dəvəti üzrə Iqdırda və Azərbaycan Kültür Dərnəyi ilə Ankarada müvafiq müzakirələr aparmışıq.
Bundan başqa, indi “Ergenekon zanlısı” kimi tutuqlanmış və Silivri həbsxanasında saxlanan tanınmış beynəlxalq hüquq müdafiəçisi, vəkil Kemal Kerinçsizlə 31 Mart soyqırımı ilə bağlı öncə Istanbul, daha sonra beynəlxalq məhkəməyə müraciət etməyi müzakirə etmişdik. Ancaq onun və Işçi Partiyası Başqanı Doğu Pərinçəyin, eləcə də başqalarının həbsə atılması işimizə ciddi zərbə vurdu. Ancaq bu məsələlərdə Atatürkçü Düşüncə Dərnəyi və Tələt Paşa Komitəsi ilə həmfikirliyimiz sürməkdədir. Bu yaxında Gürcüstandakı təşkilatlarla, o sıradan gürcülərlə birgə 31 Mart beynəlxalq konfrans layihəm də bəyənilib. Ancaq maliyyə sorununu hələlik yoluna qoya bilməmişik. Əlbəttə, başqa planlarımız da var. Biz 24 aprel erməni iddialarının ifşası ilə də məşğul oluruq. Ona görə Türkiyəyə yeni bir səfərimiz də gündəmdədir. Mən həm də Atatürkçü Düşüncə Dərnəyinin eksperti kimi fəaliyyət göstərirəm…

– Mart ayından başlanan hadisələrdə Azərbaycanda 10 minlərlə soydaşımız qətlə yetirilib. Biz bu həqiqətləri niyə yetərincə dünyaya çatdıra bilməmişik ki, ÿermənilər soyqırım uydurmaları ilə ən böyük dövlətlərin senatlarına belə gedib çıxıblar…
– Təəssüf ki, indiki Azərbaycan hökuməti bu məsələlərdə dərin bilgi, bacarıq və konsepsiya sahiblərinə deyil, ildönümü görüntüləri ilə məşğul olub bununla spekulyasiya edən, Əliyevlər sülaləsinə tərifbazlıqla məşğul olan adamlara meydan verib. Iki cüt, bir tək faktı əzbərləyərək diaspor konfranslarında və “ƏliyevTV-lər”də millətin baş-qulağını dəng eləyən bu cür mütəxəssislərlə Ziya Bünyadov demişkən, nəinki Biləcəridən o yana, heç bu yana da getmək olmaz. “Lələklərə parçalanmış” DAK-lar da bir dəfə ciddi bir tədqiqatçını Avropaya dəvət etməyib. Belələri ilə yalnız bu faciələri yada salıb bədii-siyasi ağlaşma qurmaq olar…

– Sizcə, Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması üçün Azərbaycanın gördüyü işlər kifayətdirmi? Məsələn, bu haqda Hollivud səviyyəsində bir filmin çəkilməsinə nail ola bilmərikmi?
– Az öncə də vurğuladığım kimi, təbii ki yox. Filmə gəldikdə isə, öncə ciddi məntiqi olan sənədli filmlər və onların xarici dillərdə səsləndirilməsi, daha sonra da Sizin dediyiniz kimi tarixi-bədii bir sənət incisi ortaya qoyulmalıdır. Ancaq bu mövzularda indiyədək çəkilmiş filmlərin böyük əksəriyyəti üzə çıxası deyil.

– Türkiyə ilə sıx əlaqələriniz var. “Azəri soyqırımı” pyesinizə və tarixi araşdırmalarınıza görə Türkiyənin Azərbaycandakı Böyükelçiliyinin “Bir millət-iki dövlət” ödülünə layiq görülmüsünüz. Azərbaycan bu istiqamətdə Türkiyə ilə birgə hansı addımları ata bilər?
– Türkiyədəki indiki hakimiyyət də özünü bu məsələlərdə çox maraqlı göstərmir. “Erməni açılımı” və sübar türklərinə, yaxud başqa xalqlara məxsus bəzi qədim abidələri ermənilərlə birgə bərpa etmək çağırışları, vətənsevərlərin Silivriyə atılması və s. dediklərimizə sübutdur. Ancaq bununla belə, Xocalı və 31 Mart soyqırımı Türkiyə məhkəmələrində araşdırılıb hüquqi qiymətini aldıqdan sonra beynəlxalq məhkəmələrə təqdim oluna bilər. Paralel olaraq insan haqlarına önəm verən ölkələrin məhkəmələrinə də müraciət edərək, erməniləri diplomatik basqıya məruz qoymaqla onların 24 aprel iddialarının səmimiliyini də şübhə altına almaq olar.

Ramin DEKO