“Vaşinqton Orta Asiya və Cənubi Qafqazda demokratik cəmiyyətin bərqərar olmasını istəyir”
Aprelin 11-də Сon Hopkins Universitetindəki Mərkəzi Asiya və Qafqaz İnstitutunda Yaxın Şərq və Şimali Afrikadakı inqilabların Orta Asiya, Qafqaz və Türkiyəyə təsiri mövzusunda forum keçirilib. Forum iştirakçıları inqilab dalğasının yaşandığı ərəb dünyası ilə post-Sovet məkanı arasındakı oxşar və fərqli cəhətləri təhlil ediblər.
Tədbirdə çıxış edən Mürəkkəb Əməliyyatlar Mərkəzinin direktoru Con Herbst ərəb dünyasında baş verən hadisələrin gözlənilməz olduğunu söyləyib. Onun sözlərinə görə Tunis, Misir və Liviyada baş verənlər bir çox müşahidəçiləri təəccübləndirdi. Heç kəs onillərlə sabit görünən rejimlərin qısa müddətdə yox olacağını proqnozlaşdırmamışdı. Orta Asiyaya gəlincə, o, bu regionda bir sıra oxşar cəhətlərin mövcud olduğunu söyləyib. Con Herbst həmin oxşarlıqlar sırasında narazı gənclik və avtoritar idarəçilik sisteminin olduğunu xüsusi qabardıb.
Orta Asiyaya səfərdən yenicə qayıtmış politoloq Dinu Patrisiu, Avrasiya Mərkəzinin direktoru və ABŞ-ın Türkiyə və Azərbaycandakı sabiq səfiri Ross Uilson qeyd edib ki, Orta Asiya rəsmiləri xalq üsyanlarının arxasında dayanan səbəblərdən xəbərdardırlar. Diplomatın fikrincə, hökumətlər bunları önləmək üçün müvafiq tədbirlərin görülməli olduğunu anlayırlar.
Beynəlxalq Seçki Sistemləri Fondunun Orta Asiya və Qafqaz üzrə direktoru Entoni Bouyer Yaxın Şərqdə baş verənlərin şübhəsiz sabiq Sovet məkanının cənubunu çalxaladığını söyləyib:“Azərbaycanda son günlərdə bir sıra etiraz aksiyası keçirilib. Hökumət qüvvələri müxafilətin təşkil etdiyi həmin aksiyaları müxtəlif zorakılıqlarla dağıdıb. Bu aksiyalar əsasən “Facebook” sosial şəbəkəsi vasitəsilə, xaric ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan müxalifəti tərəfindən təşkil olunub”.
Forumda iştirak edən azərbaycanlı tələbə Fidan Hüseynli Azərbaycanda etiraz dalğasının hərəkətverici qüvvəsinin gənclər olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan kimi ölkələrdə rejimlər xalqın könlünü almaq üçün bəzi addımlar atmağa çalışırlar, lakin siyasi azadlqılar olmadan bu islahatlar vətəndaşların gözləntilərinə cavab vermir.
Tədbirdən sonra ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Uilson “Amerikanın Səsi” radiosuna verdiyi açıqlamasında ABŞ-ın regiondakı xarici siyasət hədəfləri haqda danışıb: “Son 20 ildə ABŞ-ın Cənubi Qafqaz, Orta Asiya regionu və ümumilikdə keçmiş Sovet məkanı ilə bağlı siyasətinin başlıca maraqları demokratik inkişaf, azad bazara əsaslanan iqtisadiyyatın qurulması və bu ölkələrə öz suverenliklərini, müstəqilliklərini, ərazi bütövlüklərini reallaşdırmağa yardım göstərmək olub. Bunlar ABŞ-ın regiondakı siyasətinin başlıca sütunları olaraq qalır. Biz Orta Asiya və Cənubi Qafqazda problemlərin öhdəsindən gələ biləcək uğurlu, firavan, demokratik və azad cəmiyyətlərin bərqərar olmasını istəyirik.”
İnformasiya şöbəsi