Türkiyə-Azərbaycan problemləri nədən qaynaqlanır?

«Türkiyəyə maneələri Azərbaycanın atadan oğula keçən iqtidarı yaradır»

 

Son dönəmlər xarici siyasətimizdə ən çox müzakirə olunan məsələlərdən biri Türkiyə və Azərbaycan münasibətlərindəki gərginlik, bu iki qardaş millətin qurduğu dövlətlərin gələcəyidir. 1992-ci ildə Elçibəyin prezident seçilməsilə yüksək inkişaf dövrünə qədəm qoyan iki ölkə arasındakı əlaqələrdə 1993-cü ildə Elçibəyin hakimiyyətdən getməsi və əvəzinə Heydər Əliyevin ölkə başçısı olmasıyla soyuqlaşma dönəmi başlandı.
Əliyevin hakimiyyəti illərində (Əliyevli illər hələ də davam edir) Türkiyə itirən tərəf olmuşdur. Bu dönəmdə Türkiyənin Azərbaycandakı maraqlarının müdafiəçisi Azərbaycan müxalifəti olub. Ancaq Türkiyə müxalifətdən üz döndərərək, hər zaman Əliyev iqtidarının mövqeyini dəstəkləmişdir.
Bu gün Azərbaycan və Türkiyə münasibətləri son dərəcə gərgin vəziyyətdədir. Azərbaycan tərəfi, Türkiyəni Ermənistanla gizli-açıq danışıqlar apararaq, Qarabağ məsələsində rəsmi Bakını tək qoymaqda günahlandırır. Türkiyə isə Qarabağ probleminin Ermənistanla başlayacaq dialoqda ilkin şərt olduğunu bildirməklə, üstüörtülü şəkildə, Azərbaycan hakimiyyətinin Ermənistanla sosial münasibətlərdən ticari əlaqələrə qədər bir çox bağları inkişaf etdirdiyini dilə gətirir. Ankara rəsmi Bakının Türkiyədən tələb etdiyi mövqenin yanlış olduğunu Azərbaycan hakimiyyətinin diqqətinə çatdırmaq istəyir.
Qarabağ məsələsində Türkiyənin Azərbaycanı bilərək-bilməyərək çətin və gücsüz vəziyyətdə buraxdığı aşkar görünür. Bununla bərabər, Bursada keçirilən Ermənistan-Türkiyə futbol oyununda zibil qutusuna atılan Azərbaycan bayraqları və bundan dərhal sonra Bakıda yaşanan bayraq böhranı hələ də öz gərginliyini qoruyur. Türkiyə bu problemlərlə bağlı qeyri-rəsmi mövqe sərgilədiyi halda, Azərbaycanda birbaşa prezident səviyyəsində PKK-ya dəstək verildiyini göstərərək, Ermənistanla münasibətləri davam etdirməklə rəsmi Bakıdan qurtulmaq istəyir.
Bəli, Türkiyənin Qarabağ məsələsində sərgilədiyi yanlış mövqe göz önündədir. Bununla bərabər, Azərbaycanda “Diplomat” adıyla yayımlanan kürddilli qəzetin əsas işi PKK-nın təbliğatını aparmaqdır. Bu və digər məsələləri nəzərə alaraq, tam əminliklə söyləyə bilərəm ki, Azərbaycandakı siyasi sistem Türkiyənin yox, PKK-nın tərəfindədir. Yəni, türkləri deyil, PKK-çıları qoruyan bir sistemdir.
Amma iki ölkə xalqlarının bir-birinə olan məhəbbəti heç bir zaman azalmamışdır. Nazir olduğu dönəmdə Azərbaycan tərəfilə aparılan rəsmi müzakirələr zamanı “Belə dövlətlərarası münasibətlər olmaz” deyərək danışıqlar masasından qalxan MHP-li dövlət naziri Sədi Somuncuoğlunun mənsub olduğu partiyanın üzvləri keçmişdə Azərbaycan üçün savaşmış və sabah da Azərbaycan naminə savaşmaq lazım gələrsə, öndə gedəcək insanlardır.
Nəticə: Azərbaycan və Türkiyə dövlətləri arasındakı problemlər sön dönəmdə gərginliyin daha da artdığını göstərir. Hər iki dövlətin xarici və daxili siyasət strategiyasını müəyyənləşdirən komanda öz xalqlarından uzaq, şəxsi maraqlarını düşünməkdən başqa bir şey etməyən idarəçilərdən ibarətdir. Demokratiya iki ölkə arasındakı əlaqələrin normallaşması üçün tək yoldur. Xalq iradəsinin dövlətin atacağı addımlarda özünü göstərməsi və iki ölkədə də gerçək demokratiyanın hakim olması ortadakı narazılıqları aradan qaldıracaq.
Türkiyə Azərbaycanı Qarabağ məsələsində tək buraxıb. Amma bu Türk millətindən deyil, son dönəmlərdə Türkiyəyə damğasını vuran siyasi iradədən qaynaqlanır. Azərbaycanda Türkiyə üçün çox böyük çətinliklər yaradacaq hadisələr dəstəklənir. Lakin bu dəstəyi verən Azərbaycan Türkləri deyil, Azərbaycanın atadan oğula keçən iqtidarıdır.

 

Şövkət Talha Apuhan, Araşdırmaçı yazar, Qafqaz Strateji Araşdırmalar Mərkəzi