Elxan Şahinoğlu: «O, baş nazir kreslosunu tərk etdikdən sonra Abdullah Gülün yerinə keçmək istəyir»
Ona görə də baş nazir Cümhurbaşqanı səlahiyyətlərinin artırılmasında maraqlıdır
Türkiyədə seçki marafonu başlanır. Artıq siyasi partiyalar seçkiyə getdikləri siyahıları açıqlayıblar. Həmin siyahılar deməyə əsas verir ki, bu mərhələdə xeyli maraqlı və gözlənilməz siyasi proseslərin şahidi olacağıq. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu ilə söhbətimizin budəfəki mövzusu da məhz Türkiyədəki seçki prosesi oldu:
– Türkiyədəki partiyalar 12 iyun parlament seçkilərinə hansı siyahı ilə gedəcəklərini açıqladılar. Bu siyahılar əsasında gələcək parlamentin konturlarını necə müəyyənləşdirmək olar?
– Türkiyədəki parlament seçkilərinə iki ay qalıb. Proqnozlara görə, parlamentdə yenə 4 partiya təmsil olunacaq. Bunlar hakim Ədalət və Inkişaf Partiyası, Cumhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Barış və Demokratiya Partiyasıdır. Sonuncunun birinci üç partiyadan fərqi odur ki, BDP seçkilərə partiya deyil, ayrı-ayrı namizədlər şəklində qatılacaq. Çünki sözügedən partiya seçki qanununda qeyd edilən 10 faizlik səddi aşmaq iqtidarında deyil. Digər partiyaların parlamentə düşmək şansı mümkün görünmür.
– Açıqlanan partiya siyahılarında hansı yenilikləri qeyd etmək mümkündür?
– Partiya siyahılarında xeyli yenilik gözə dəyir. AKP, namizədlərinin az qala, yarısını yeniləyib. Mərkəz sağa iddialı olan hakim partiya keçmiş illərdə olduğu kimi, yenə mərhum prezident Turqut Özalın yaxın ətrafını unutmayıb. Keçmiş Ana Vətən Partiyasının tanınmış simaları AKP-nin siyahısında yer alıblar. Bu da ondan irəli gəlir ki, AKP özünü Turqut Özalın vaxtilə həyata keçirdiyi islahatların varisi sayır. CHP-də də dəyişikliklər sezilir. CHP-nin keçmiş sədri Dəniz Baykalın xeyli kadrı siyahıya düşməyib. Yeni sədr Kamal Kılıcdaroğlu partiyanın rəhbər heyətini yeniləndirdiyindən millət vəkilliyinə namizədləri də buna uyğun şəkildə formalaşdırıb. Partiya siyahısı gəncləşsə də, tanınmış simalar da az deyil.
– Tanınmışlar arasında kimlər var?
– Misal üçün, Türkiyənin Azərbaycan və ABŞ-dakı keçmiş səfiri Osman Faruk Loğoğlunu qeyd etmək mümkündür. Loğoğlu təqaüdə çıxdıqdan sonra televiziya kanallarında analitik kimi çıxış edirdi. Kamal Kılıcdaroğlu da onun bu təcrübəsindən yararlanmağa qərar verib. Təcrübəli diplomat olan Loğoğlu hazırda CHP-nin xarici siyasətinin formalaşdırılmasında önəmli rol oynayır. O, bu yaxınlarda böyük heyətlə ABŞ-a yollanaraq Vaşinqtonun siyasi dairələrinin Türkiyə ilə bağlı nəbzini yoxlamışdı. CHP-nin siyahısında başqa yenilik də var. Hazırda “Ergenekon” işi üzrə istintaq altında olan Mustafa Balbay, Mehmet Haberal və Sinan Aygün kimi isimlər də partiya siyahısında yer alıb. Bu o deməkdir ki, CHP hakim partiyanın Ergenekon adı ilə siyasi rəqiblərini neytrallaşdırmaq siyasətini əsla qəbul etmir. MHP-nin siyahısında isə elə böyük dəyişiklik gözə dəymir. O ki qaldı BDP-yə, PKK-ya yaxınlığı ilə tanınan bu partiya, həmişə olduğu kimi, qadın namizədlərə geniş yer verib. BDP-nin siyahısında PKK-nı açıq-aşkar dəstəkləyən və Abdullah Öcalanın həbsdən azad edilməsini tələb edən isimlərə rast gəlmək olar. Bununla da Türkiyədəki siyasi partiyalar qızğın mübarizə mərhələsinə qədəm qoyurlar. Biz iki ay ərzində əsl demokratik yarışın, seçkiqabağı mitinq və fikir toqquşmalarının şahidi olacağıq.
– Seçkinin nəticəsini necə proqnozlaşdırmaq olar?
– AKP-nin seçkidən yenə qalib çıxacağı çoxlarında şübhə doğurmur. Ancaq baş nazir Rəcəb Tayyib Ərdoğanın budəfəki hədəfi fərqlidir. O, birinci partiya olmaqla yanaşı, AKP-nin səslərinin sayını bir az daha artırmağı qarşısına məqsəd qoyub. Ərdoğan elə qələbə qazanmaq istəyir ki, həm ötən dəfə olduğu kimi hökuməti təkbaşına formalaşdırsın, həm də növbəti iki hədəfini reallaşdıra bilsin.
– Hansı iki hədəfdən söhbət gedir?
– Ərdoğanın birinci hədəfi parlamentdə yeni Anayasanın qəbul olunmasıdır. Bunun üçün Ərdoğana parlamentdə mütləq səs çoxluğu lazımdır. Yəni bu səslər Ərdoğana imkan verməlidir ki, məsələni referenduma çıxarmadan parlamentdə həllinə şərait yaratsın. Baş nazirin ikinci hədəfi isə Cümhurbaşqanı səlahiyyətlərinin artırılmasına nail olmaqdır. Ərdoğan ömür boyu baş nazir vəzifəsində qalmaq istəmir. O, özü də etiraf edib ki, bundan sonrakı seçkilərdə partiyası qələbə qazansa belə, daha baş nazir olmayacaq. Ərdoğan Cümhurbaşqanı olmaq həvəsindədir. O, baş nazir kreslosunu tərk etdikdən sonra Abdullah Gülün yerinə keçmək istəyir. Ancaq o, Gül və ya keçmişdəkilər kimi səlahiyyətsiz Cümhurbaşqanı olmaq fikrindən də uzaqdır. Ərdoğan əlində böyük səlahiyyət cəmləşdirmək fikrindədir. Bu hədəfin reallaşdırılması da yeni Anayasadan keçir. Cümhurbaşqanının artan səlahiyyətləri Anayasada yer almalıdır.
– Sizcə, Ərdoğan hər iki hədəfinə çata biləcəkmi?
– Ərdoğanın Yeni Anayasa hədəfinə çatacağı ehtimalı böyükdür. Hətta parlamentdə gərəkli səsə malik olmasa belə, o, Yeni Anayasanı referenduma çıxararaq həll edə bilər. Onu da nəzərə almaq lazımdır ki, Türkiyə cəmiyyəti və elə bir çox siyasi partiya da hər dəfə müxtəlif maddələri düzəldilən indiki Anayasanı məqbul hesab etmirlər. Ancaq eyni sözləri Cümhurbaşqanı səlahiyyətlərinin artırılması maddəsinə şamil etmək çətindir. Bu maddəni yeni Anayasaya salmaq Ərdoğana elə də asan başa gəlməyəcək. Bu məsələ Türkiyəni gərginliyə sürükləyə bilər. Çünki bu, Türkiyənin Cümhuriyyət quruluşunun köklü dəyişikliyi demək olacaq. Təsadüfi deyil ki, hakim partiyanın özündə Cümhurbaşqanının səlahiyyətlərinin artırılması ilə bağlı yekdil fikir yoxdur. Beləliklə, Ərdoğan Cümhurbaşqanının səlahiyyətlərinin artırılması istəyində qarşısında tək müxalif partiyaları, ayrı-ayrı hüquqşünas və QHT-ləri deyil, öz tərəfdarlarını da görə bilər.
Xəyal