Müxalifətçiləri həbs edən saxta polislərdən biri ifşa olundu
Üzərində 7 il şərti cəza olan Ata Abdullayev adlı şəxsə hansı əsasla aksiyaları dağıtmaq hüququ verilib?
Müxalifətin mitinqlərində aksiya iştirakçılarını həbs edən mülki geyimlilərdən bir çoxunun hansısa hüquq-mühafizə orqanına aidiyyatı yoxdur. Onlar heç hansısa məmurun qoçu dəstələrinə də daxil deyillər. Bu adamlar sadəcə ağır cinayətlərdə ittiham olunaraq həbs edilən və sonradan polisə “işə” götürülən şəxslərdir.
“Bizim Yol” qəzeti bu cür saxta polislərdən birini ifşa edib. Həmin şəxs Ata Abdullayevdir. Mitinqlərdə xüsusi fəallığı və aksiya iştirakçılarına qəddarlığı ilə seçilən Ata Abdullayev barəsində məhkəmə hökmü olan cinayətkardır. O, Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat məbləğində ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvü olub. Ittihama görə, Azərbaycan vətəndaşları Şəmsəddin Abdurrəhmanov, Vaqif Mirzəzadə, Tahir Əmirquliyev, Elyar Qocazadə, Nazim Həsənov, Əhliman Məmmədov, Murad Mahmudov, Ata Abdullayev, Səidə Məmmədova, Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu və qeyriləri, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan xaricdə yaşayan əcnəbilər mütəşəkkil dəstənin tərkibində cəmiyyətin rəsmi www.azal.az internet səhifəsinə, yəni qanunla qorunan kompüter informasiyasına qeyri-qanuni daxil olub. Bu yolla ABŞ və digər xarici ölkə vətəndaşlarına məxsus kredit kartlarından qanunsuz istifadə ediblər.
Dəstə üzvləri xarici vətəndaşların kredit kartlarındakı hesablarından gizli olaraq internetlə pul ödənişləri aparıb müxtəlif marşrutlar üzrə dəyərini ödəməklə elektron aviabiletlər əldə edib və bu biletləri real dəyərindən ucuz qiymətə, nağd pula digər şəxslərə satıblar. Nəticədə şirkətə 100 min manata yaxın zərər dəyib. Təqsirləndirilən şəxslər CM-nin 271.2.1 və 271.2.3 (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyan vurma), 177.3.1 və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdar əmlakını gizli talama) maddələri ilə ittiham olunub.
Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları – Vaqif Mirzəzadə 10 il, Əhliman Məmmədov 8 il 6 ay il, Elyar Qocazadə 7 il, Azərbaycanda müğənnilik edən Nigeriya vətəndaşı Mutiu Olovu Olanlevacu 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Ata Abdullayev, Səidə Məmmədova 7 il, Tahir Əmirquliyev, Şəmsəddin Abdurrəhmanov və Nazim Həsənov isə hər biri 4 il müddətinə şərti cəza alıblar.
Beləliklə də üzərində 7 il şərti cəza alan Ata Abdullayev müxalifətin mitinqlərində “polislik” etməklə məşğuldur. Onun hansı əsasla və statusla bu işə cəlb olunduğu bəlli deyil. O bəllidir ki, kriminallaşmış hakimiyyət Ata Abdullayev kimi “polislər”dən öz “qara işlər”ində geninə-boluna yararlanır.
Əgər belə deyilsə, onda hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirsinlər.
İnformasiya şöbəsi