Mitinq məsələsi “Ədalət”i parçaladı

İlyas İsmayılovun müavini onu nədə ittiham etdi?

Elxan Şükürlü: «Məramnaməmizdə yazılmayıb ki, partiyanın işi-gücü ancaq YAP-ın maraqlarını qorumaqdır»

 

Ədalət Partiyasında Ictimai Palatanın keçirdiyi aksiyalara münasibətdə ikitirəlik yaranıb. Partiyanın sədri, deputat Ilyas Ismayılov mətbuata müsahibəsində Ictimai Palatanın aksiyalarının daha çox xaricdən qaynaqlandığını və ölkədə gərginlik yaratmağa xidmət etdiyini bildirib.
Onun müavini Elxan Şükürlü isə “Qafqazinfo”ya açıqlamasında tamam əks fikirlər söyləyib. O deyib ki, partiya rəhbərliyində heç də hamı Ilyas Ismayılov kimi düşünmür: “Yəqin, Ilyas müəllim Ictimai Palatanın keçirdiyi aksiyaların qətnaməsilə tanış deyil. Bu qətnamədə irəli sürülən tələblərin əksəriyyəti partiya üzvlərimizin, elə onun özünün də ürəyincədir. Əgər bu gün biz özümüz mübarizə aparmaqdan yayınırıqsa, hətta parlament tribunasından belə, xalqın problemlərini deməkdən çəkiniriksə, heç olmasa, başqalarının fəaliyyətinə kölgə salmamalıyıq. Ictimai Palatada mənim də xoşlamadığım, müxalifətçiliklərinə şübhəylə yanaşdığım şəxslər var. Ancaq bu o demək deyil ki, həmin adamlara görə orada səmimi şəkildə mübarizə aparan onlarla insanın mübarizəsinə, cəsarətinə kölgə salmalıyam. Əksinə, sevinməliyik ki, hakimiyyətin bütün təzyiq və şirnikləndirmələrinə baxmayaraq, müxalifət düşərgəsində hələ də sınmayan, ruhdan düşməyən cəsur insanlar var”.
E.Şükürlü bildirib ki, sədri Ilyas Ismayılovdan fərqli olaraq, o, Ictimai Palatanın keçirdiyi aksiyaları təqdir edir və bundan sonrakı mitinqlərə də qatılmaq niyyətindədir: “Bu aksiyaların keçirilməsi hakimiyyəti məcbur edəcək ki, bütün sahələr üzrə cəmiyyətin gözlədiyi islahatlara gedilsin. Məncə, dövləti çapıb-talayanlara qarşı dinc mübarizə aparmaq istəyən və ölkədə demokratik islahatların getməsini arzulayan hər kəs, siyasi mövqeyindən asılı olmayaraq, bu aksiyalara dəstək verməlidir. Şəxsən mən bundan sonra həm Ictimai Palatanın, həm də dindarların keçirmək istədikləri bütün aksiyalara qatılacağam, hətta partiyamızın rəhbərliyi bunu istəməsə belə”.
E.Şükürlü Ədalət Partiyasının kursuna zidd addımlar atacağı halda partiyadan uzaqlaşdırıla biləcəyinin mümkünlüyü haqda suala da maraqlı cavab verib: “Əgər belə bir hal baş versə, bu, partiya rəhbərliyinin hakimiyyətin göstərişilə hərəkət etdiyi mənasına gələr. Çünki partiyamızın kursu onun məramnaməsində göstərilib və orada heç də yazılmayıb ki, bu partiyanın işi-gücü ancaq YAP-ın maraqlarını qorumaqdan ibarətdir. Odur ki, öz istəyim olmadan ”Ədalət”dən çıxarıla biləcəyimi heç ağlıma da gətirmirəm”.