Əliyevin “Qarabağ sevgisi” ifşa olundu

Şəhid anası Səkinə Babayeva dövlət başçısına nələr yazdı?

«Çiçəklənib inkişaf edən ölkədə ağbirçək şəhid ailəsi yataqxanada çürüyər?»

YAP hakimiyyətinin sevimli mövzularından biri Qarabağ mövzusudur. Ilham Əliyevdən tutmuş, hakimiyyətin ən xırda çinovnikinə kimi hər kəs Qarabağdan danışmağı sevir. Bütün problemlər Qarabağla əlaqələndirilir və bütün problemlər Qarabağa qurban verilir. Guya hakimiyyət bütün gücünü bu problemin həllinə həsr edib. Guya digər problemləri Qarabağı unutmaq deməkdir. Kimsə yaşayışından şikayət edəndə, məcburi köçkünlərlə şantaj edilir. Demokratiya, söz azadlığı, insan haqları məsələsi gündəmə gələndə “Qarabağ problemi qalıb, siz gör nədən danışırsınız” ittihamları dildən düşmür. Ilham Əliyev və komandası özlərini ultra-patriot kimi təqdim edirlər. Dəfələrlə yazmışıq ki, hakimiyyətin Qarabağ sevgisi saxtadır, manipulyasiyadır, şantaj vasitəsidir.
Dediklərimizin təsdiqi kimi Neft Akademiyasının tələbə şəhərciyindəki yataqxanada məskunlaşan Zəngilan rayonundan olan məcburi köçkün, şəhid anası Səkinə Babayevanın Ilham Əliyevə məktubunu oxumaq kifayətdir.
Məktubun surətini “Azadlıq”a ünvanlayan 75 yaşlı Səkinə Babayeva yazır ki, oğlu Isaq Fərəcov 26 aprel 1994-cü ildə şəhid olub. Zəngilan rayonu işğal olunandan sonra sözügedən yataqxanada məskunlaşan şəhid ailəsi, sosial şəraitin yaxşılaşdırılması üçün əksər qurumlara müraciət edib. Lakin heç bir nəticəsi olmayıb. Ağrılı vəziyyətdə olan Səkinə Babayevanın məktubundan bir hissəni bəzi redaktəylə təqdim edirik: “Məni tanıyan bütün insanlar dedi ki, prezidentə məktub yazmaq boş şeydir, çünki bütün məktublar nəzarətə götürülmür, onları idarələrin birinə göndərib səni başdan edəcəklər. Buna inanmadım, çünki belə hadisələr oyuncaq dövlətlərdə olur.
Oğlanlarımdan digəri Qarabağ döyüşlərində sağlamlığını itirib. Isaq isə Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Füzuli bölgələrində döyüşüb və Tərtərin Cəmilli kəndi yaxınlığındakı döyüşlərdə şəhid olub. 4 ildir yataq xəstəsiyəm, Bakıda məskunlaşdığımız 20 ilə yaxın müddət ərzində ailəmizin sosial şəraitiylə maraqlanan olmayıb. Nəvəm Fərəc Fərəcov ailəsinin yeganə övladıdır. O, 2010-cu ilin 12 dekabrında cəbhə xəttində boğaz nahiyəsindən güllə yarası alaraq əlil olub. Mənim ailəm, nəslim bu dövlət üçün daha nə etməlidir ki, məmurların gözləri açılsın?  Bizim ailənin də bu dövlətdə insan kimi yaşamağa haqqı var. Televiziyada respublikamızın çiçəklənib inkişaf etməsindən danışılır. Çiçəklənib inkişaf edən ölkədə ağbirçək şəhid ailəsi yataqxanada çürüyər?
Zəhmət çəkib Zəngilan icra başçısı  Vəli Quliyevdən soruşun görək, mən adda şəhid ailəsini tanıyırmı?  “Qaçqınkom” kimi tanınan təşkilatın rəhbəri bizim ailəylə nə vaxt maraqlanacaq, mən dünyamı dəyişəndən sonra?
Müraciət etdiyimiz Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinə etdiyimiz ərizəyə cavab kimi bizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək tövsiyə olunub. Nazirlikdən isə bizə “Qaçqınkom” və məskunlaşdığımız rayon icra hakimiyyətinə müraciət etmək bildirilib. Nəsimi rayon icra hakimiyyəti isə öz məktubunda rayon ərazisində boş mənzil fondu olmadığından bizə kömək etmək imkanlarının məhdudluğunu qeyd edib. Bu “ötür-ötür” oyununa, aldığım cavablara fikir versəniz, görəcəksiniz ki, adamı başqa cür ələ salmırlar. Bu da şəhid anasına olan hörmət. Aldığım cavablarda şəhid ailəsi kimi adım heç bir məktubda qeyd olunmayıb.
Qəzetiniz vasitəsilə üzümü ölkə ictimaiyyətinə tutaraq bir ağbirçək ana, şəhid anası kimi mənə olan münasibətə fikrinizi bildirməyi xahiş edirəm”.

Sosial şöbə