Kəmaləddin Heydərova həbsxanadan məktub

Raquf Hidayətov surətini «Azadlıq»a göndərdiyi məktubda şok faktlar açıqlayıb

Özünü «fövqəlnazir»in əmisi kimi təqdim edən Bağır Muradov hansı maxinasiyalarla məşğul olub?

Bakı sakini Raquf Hidayətov həbsxanadan fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub yazıb. Həmin məktubun surəti redaksiyamıza daxil olub. Raquf Hidayətov Kəmaləddin Heydərovun diqqətinə çatdırır ki, o, özünü “fövqəlnazir”in əmisi kimi təqdim edən Bağır Muradov adlı şəxslə arasında baş verən insidentə görə həbs edilib.

Kəmaləddin Heydərovun əmisi Füzuli Ələkbərovu aldadıb

20 ilə yaxın müddət ərzində Bağır Muradovla dostluq münasibətləri olan Raquf Abdullayev insidentin səbəbləri barədə yazır: “Ağdamda tikinti işini təşkil etmək üçün Bağır Muradovu icra başçısı ilə görüşdürmüşəm. Işçi qüvvəsi, texnika, tikinti materiallarına kömək etmişəm. Başqa işdə çalışmağıma baxmayaraq o da məni həmin tikintiyə maddi məsul şəxs kimi sahə rəisi təyin edib. Bir müddət işləyəndən sonra işçilərin, tikinti materiallarının pullarını vaxtında ödəyə bilmədim. Nəticədə işçilər və borc yiyələri Ağdam Rayon Icra Hakimiyyətinə, məhkəməyə müraciət etməyə başladı. Vəziyyəti Bağır müəllimə bildirəndə mənə dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ pulumuzu köçürməyib. Pullar aylarla ləngiyirdi, firmanın mühasibi ilə görüşəndə o, pulu aldıqlarını deyirdi. Bağır müəllim isə bütün bunları danırdı. Mühasibin sözünə inanmayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdim. Orda mənə dedilər ki, sən görmədiyin işi Forma-2-də şişirdərək bizdən artıqlamasilə almısan. Mənim nazirliyə getməyim Bağır müəllimi hiddətləndirmişdi. O, məni yoxlatdırmaq məqsədilə Knyaz adında agent tutmuşdu. O da hara gedirdisə, ”Bağır Muradov Kəmaləddin Heydərovun əmisidir” deyirdi. Aramızda soyuq münasibət yaranmışdı. Elə oldu ki, köhnə iş icraçısı  əməkhaqqı tələbinə görə işdən uzaqlaşdırıldı. Yenisi isə 6 ay işləyib mənim kimi əməkhaqqı almadı”.
2008-ci ilin may ayının pullarını dostların xahişilə Gəncə və Bakıdan alırdım. Halbuki, onunla qonşu binada işləyirdim. Iyun ayının pullarını ödəmədi, əksinə, yeznəsi Məmmədbağırı briqada təşkil etdirib Quzanlıya yolladı. 6 iyulda onun yanında oldum, bəlli oldu ki, o, tikinti işləri üçün 156,9 min verdiyi halda, nazirlikdən 300 minə yaxın pul alıb”.

“Fövqəlnazir” Bağır Muradovla bağlı teleqrama niyə cavab verməyib?

Raquf Hidayətovun sözlərinə görə, növbəti dəfə pul üçün Bağır Muradovun yanına gələndə, ikinci ona deyib ki, 100 min manata order yazdıracağı təqdirdə, borcunu qaytaracaq: “Dedim ki, özüm və iş icraçısının maaşını versin, neçə manata deyirsə, order işləri görülsün. 
2007-ci ilin sentyabrında  işə başladım. Lakin işçilərin əməkhaqqısı, nisyə götürdüyümüz tikinti materiallarının pulları vaxtında ödənilmədi. Işçilər arasında narazılıq yarandı. Iş icraçısı 2007-ci ilin dekabrında əməkhaqqı tələbinə görə işdən uzaqlaşdırıldı. Başqa bir icraçı götürdük, onu da 6 ay işlədib əməkhaqqı vermədi. Sonra onu da qovdu. Işçilərin və materialların pulunu ondan xahiş-minnətlə alırdım. Deyirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pulları ödəmir. Bizi aldadırdı, məcbur olub nazirliyə gedəndə Elşən müəllim pulumuzu ödədiklərini söylədi. Ordan Bağır Muradova bildiriblər ki, pul tələbilə nazirliyə getmişəm. Firmaya qayıdanda onun mənə acığı tutdu, üstümə qışqırdı, məni vurmaq istədi. Birtəhər onu sakitləşdirdim. Quzanlıdan işçilər öz pullarını tələb edirdilər, Ağdam məhkəməsi və icra hakimiyyətindən zəng edib işçilərin pullarıyla maraqlanırdılar. Bağır Muradovun telefon nömrəsini verəndən sonra mənə dedilər ki, guya Bağır müəllim pulu verir, amma mən almıram. Beləliklə, aramızda soyuq münasibət yarandı. 2008-ci ilin iyulunda Bağır Muradov Quzanlıya gəldi, o mənə çöl suvağın pis vurulduğunu dedi. Axırıncı dəfə onunla öz otağında görüşəndə yenə də işçilərin pulunu, yeni gələn briqadaya nisyə verdiyim malların pulunu istədim. Bağır Muradovun mənə acığı tutdu və 100 minə order yazdırandan sonra pulu verəcəyini söylədi. Dediyindən imtina etdiyimə görə acığı tutdu və məni hədələdi. Mən də ona aidiyyatı orqanlara şikayət edəcəyimi bildirdim. Şirkətin rəhbəri Ağalar müəllimlə görüşəndə o, ərizə ilə müraciət əsnasında mənə kömək edəcəyini bildirdi. Sizin qəbulunuza (Kəmaləddin Heydərovu nəzərdə tutur-red) düşə bilmədiyim üçün teleqramla qeyd etdim ki, Bağır Muradov onun adınıza qara ləkə gətirir, işçilərə və nisyə götürülən malların sahiblərinə 20 min manat borcunu ödəmir”.

İstintaq zamanı sənədlər saxtalaşdırılıb

Raquf Hidayətova borclu olduğu pulu verməmək üçün borcu ala bilməyəcəyini başa düşən Raquf Hidayətov məsələni məhkəmə yolu ilə həll etmək qərarına gəlib. Lakin Bağır Muradov aranı qataraq buna imkan verməyib: “2008-ci ilin 17 iyulunda vəkilim işə başladı. Araşdırmalar nəticəsində bizə bir daha əyan oldu ki, binanın tikintisi üçün 156.900 manat xərcləndiyi halda, Bağır Muradov verdiyim hesabatları şişirtdirərək nazirlikdən artıqlaması ilə, 300 min manata yaxın pul alıb. Bizə isə deyirdi ki, nazirlik pulun verilməsini ləngidir. Bütün bu məsələlərdən sonra Bağır Muradovla aramızda soyuqluq yarandı. Iyulun 21-də mən bir daha onun qəbuluna gedib, məsələnin sülh yolu ilə həll olunmasını təklif etmək istədim. Lakin o məni qəbul etmədi. Əksinə çöldə məni və digər işçiləri söyməyə başladı, sonra da gözləmədiyim halda üstümə bıçaq çəkdi. Onu özümə yaxın qoymayıb sinəsindən itələdim. O, arxaya tərəf gedəndə əlindəki bıçağı almaq istədim, qolundan yapışıb süpürləşdik. Əlindəki bıçağı alanda baş barmağım, onunsa sinəsi yaralandı. Yaxamdan yapışıb məni buraxmırdı, onun qarnına bıçaq vurandan sonra məni buraxdı. Bağır müəllim otağına getdi, mən isə keyimişdim, özümdə deyildim, şəkərim qalxmışdı. Bu vaxt Ilham adında bir işçi yaxınlaşıb Bağır müəllimi xəstəxanaya yola salandan sonra mənə kömək edəcəyini söylədi. Bağır Muradov öz ayağı ilə maşınına minib xəstəxanaya getdi. Ilhamdan Bağır müəllimin vəziyyətini soruşanda o, heç bir qorxusu olmadığını dedi. Bağır Muradov 10 gün xəstəxanada yatdığı vaxt qohum və dostlarım, qardaşım onun yanına gedib. Hadisədən üç saat sonra 29-cu polis bölməsinə getdim. Həbsdə olduğum dörd ay müddətində məndən bircə dəfə izahat alındı, istintaqın gedişi Bağır Muradovun xeyrinə aparıldı, bu aylarda 8 nəfər dindirildi. Işdən çıxarılmağım və aktın yazılmağı 21 iyun tarixindədir, halbuki, Bağır Muradovla mən 02-03 iyulda Quzanlıda tikintidə olmuşam. 28 iyunda o, kollektivlə birgə uşaqlarımın toyunda olub. Saxta sənədləri və aktı kabinet şəraitində yazdırıb, mənim barəmdə o, hansı iş görürdüsə, iş yerindən mənə bildirirdilər.
11 il azadlıqdan məhrum edilən Raquf Hidayətov barəsində çıxarılan hökmü əsassız sayır: “Məhkəmə hökmündə göstərilən faktlarla razılaşmıram, çünki özümü qismən günahkar bilirəm. Hadisə vaxtı orda olan adamlar, mən tərəfdən gələnlər məhkəmədə dindirilmədi, ekspert yalan rəy verib, əslində, paltarımda onun qanı olmayıb. Bıçaqlanan adam öz ayağı ilə necə maşına oturaraq xəstəxanaya gedə bilərdi? Mən Ənvər Seyidov tərəfindən çıxarılan hökmlə razılaşmıram və sizə (Kəmaləddin Heydərov nəzərdə tutur-red) böyük ümidlə şikayət yazıram. Mən inanmazdım ki, haqq-ədalət bu qədər tapdanar, kasıbın pulunu şərəfsizlər yeyər, qanunlar məmurlar üçün qazanc mənbəyinə çevrilər, insanlar mənəviyyatını, ləyaqətini kiminsə vəzifəsinə alçaldar, pulu insanlığın ölçü vahidi kimi qəbul edər. Odur ki, sizdən xahiş edirəm, mənim işimi araşdıraraq ona ədalətlə baxasınız”.
Bağır Muradovun Kəmaləddin Heydərovun əmisi olub-olmadığını dəqiq söyləyə bilməsək də, araşdırmalarımız zamanı bəlli olub ki, o, “fövqəlnazir”ə məxsus “Gilan Holdinq”in prezidentinin qardaşıdır.

Vidadi