Dövlət məmuru siyasi hakimiyyəti necə ifşa etdi?

İcra hakimiyyəti aparatından şok açıqlamalar! Laçın rayon icra hakimiyyətinin məsul işçisi şok açıqlamalar yayıb. O, hakimiyyəti, müxalifətə qarşı təxribatlar törətməkdə və bu məqsədlə icra hakimiyyətinin bütün resurslarını səfərbər etməkdə ittiham edib. Məmur özünün bu proseslərə necə qatıldığını açıqlayıb və artıq bezdiyini etiraf edib. Dövlət məmurunun sosial şəbəkədə yayılmış məqaləsini “Azadlıq”ın oxucularına təqdim edirik:

“Öncə hamını salamlayıram! Bildirmək istəyirəm ki, mən yaxınlarda Laçın rayon icra başçısının keçirdiyi müşavirədə bir vətəndaş kimi sanki yatmışdım, yuxudan ayıldım və bir anda bizləri kimlərin idarə etdiyini başa düşdüm.

Çox təəssüf ki, Laçın rayonunun icra başçısı Ramiz Cəbrayılov çıxışında Azərbaycan kişisinə yaraşmayan bir çıxış edərək özünün düşmən xislətini ortaya qoydu. O, çıxışında utanmadan dedi ki, “bir yanda müxalifətçiləri – Isa Qəmbəri, Əli Kərimlini düzsələr, o bir yanda erməniləri, mən düşünmədən müxalifətçiləri güllələyərəm…”
Bu söz mənə çox pis təsir etdi, bu hakimiyyətin bizim düşmənimiz olduğunu gördüm. Bundan başqa, indiyə qədər keçirilən seçkilərdə mən də icra hakimiyyətinin şöbə müdiri olaraq, bütün saxtakarlıqlarda iştirak etmişəm, bunun bizim millətə nə dərəcədə ziyanı olduğunu başa düşməmişəm. Indi oturub fikirləşirəm ki, bu günə qədər edilən saxtakarlıqları, millətə vurduğumuz zərbələri… Xəcalət çəkirəm.

Bəlkə də bu sözləri yazandan sonra mənə çox böyük problemlər yaranacaq, amma artıq bu haqsızlıqlara dözmək olmur. Hər gün icra hakimiyyətinə gələn iyrənc tapşırıqları yerinə yetirməkdən bezmişik. Indi də başlayıblar ki, müxalifətçi adından televiziyada çıxış etməyə adam tapın. Məcbur olub rayonda icra nümayəndəliklərində və bir sıra başqa idarələrdə çalışanları müxtəlif üsullarla təzyiq edib televiziyaya çıxarırıq ki, guya müxalifət partiyalarından imtina ediblər. Halbuki, bunların hamısı icra hakimiyyətinin və digər idarələrimizin işçiləridir. Bir nəfər də olsun, müxalifətçi televiziyalarda çıxış etməyə razılıq verməyib bizim rayondan.

Artıq bu haqsızlıqlara “dur” deməyin vaxtı çatıb. Bir dövlət qulluqçusu kimi, bir Laçın ziyalısı kimi, mən də dünyada gedən dəyişiklikləri hər gün izləyirəm və bunun bizim ölkəmizədə gəlib çatdığını, 2 apreldə xalqın küçələrə çıxıb etirazlarını bildirdiyində gördüm. Mən də bütün Azərbaycan xalqının dəyişiklik, demokratiya tələblərinə qoşuluram, hamını mübarizəyə səsləyirəm: 17 aprel mitinqində rayonumuzun əhalisini bu mübarizədə öndə olmağa səsləyirəm!”

Qeyd edək ki, müraciəti Laçın Rayon Icra Hakimiyyətinin məsul işçisi Akif Hüseynov “Facebook” sosial şəbəkəsində yayıb. Bu profilin həqiqətən Akif Hüseynova məxsus olub-olmadığını deyə bilmərik, amma etiraf kimi diqqətəlayiq olduğu şübhəsizdir.

İnformasiya şöbəsi