Çavuşoğlunun dedikləri ikrah doğurur

Zərdüşt Əlizadə: «Heç bir nüfuzu və ciddi gücü olmayan Avropa Şurasının rəhbərinin nəinki fikri, heç özü də ciddi qəbul olunmur»

Məlum olduğu kimi, AŞ PA rəhbəri Mövlud Çavuşoğlu maraqlı təkliflə çıxış edib. Avropa Şurası ilə Belarus arasında münasibətlər barədə danışarkən Çavuşoğlu Azərbaycanın bu məsələdə vasitəçi olmasını istəyib. Demokratiya və insan haqları sahəsində böyük problemləri olan, bununla bağlı hər zaman beynəlxalq qurumların qınağına çevrilən Azərbaycana belə bir təklif nə dərəcədə ciddi səslənir?

Politoloq Zərdüşt Əlizadənin fikrincə, heç bir nüfuzu və ciddi gücü olmayan Avropa Şurasının rəhbərinin nəinki fikri, heç özü də ciddi qəbul olunmur: “AŞ PA bir qrupdur, dərnəkdir. Yığışırlar, danışırlar. Məsləhət verirlər, dərdləşirlər. Bəzən çərənləyirlər. Bəzən ciddi nəsə deyirlər. Təəssüf ki, üzv olan dövlətlərin heç birinin ciddi problemini həll edə bilmirlər”.

Ekspertin sözlərinə görə, AŞ PA rəhbərinin məsləhəti bir o qədər dəyərli deyil və yalnız ikrah doğura bilər. Çünki insan hüquqları ilə bağlı ciddi problemləri olan Azərbaycan Belarusa heç bir təsir edə bilməz: “Sözdü də deyib. Bizim siyasi səhnədə də bəzən elə bişməmiş sözlər deyilir ki, bişmiş toyuqların gülməyi gəlir”.

 

 

Fizzə