kiv-df

Azərbaycanda üzümçülük və şərabçılıq

Eramızdan əvvəl 2-ci əsrə aid inventarlar

Azərbaycanda üzümçülüyün və şərabçılığın tarixi uzaq keçmişə gedib çıxır. Arxeoloqlar Göygöl rayonu ərazisində eramızdan əvvəl II əsrə aid şərabçılıq inventarları aşkar etmişlər. Amma Göygöldə şərabçılığın müasir tarixi XIX əsrin birinci yarısında başlamış, XIX əsrin ortalarından etibarən isə inkişaf etmişdir. Bu dövr çar Rusiyasının əcnəbilərin məskunlaşdırılması barədə verdiyi manifestlərdən xəbər tutan yüzlərlə Isveçrə mənşəli alman ailəsinin Azərbaycan torpaqlarına köçürülməsi dövrü idi.

1819-cu ildə, Gəncədən 7 mil məsafədə qədim yaşayış məskəni Xanlıqlar kəndinin ərazisində Vürtemberq almanlarına ayrılmış torpaqlarda Azərbaycanda ilk alman koloniyası olan Yelenendorf yarandı. Yelizavetpol (Gəncə) quberniyasında məskən salan, işgüzarlığı ilə seçilən alman ailələri tezliklə bu torpaqların əsas sirrini öyrəndilər. Onlar burada iri üzümlüklər saldılar, səsi-sorağı Moskva, Xarkov, Paris, Hamburq, Münhen, Maqdeburq və London sərgi-yarmarkalarından gələn, yüksək medallara layiq görülən şərablar istehsal edən zavodlar qurdular. Xristofor Forerin və Xristian Hummelin səhmdar şirkətləri bu işdə xüsusi ad-san qazandı. Onların istehsal etdikləri şərablar, konyaklar imperiyanın hər tərəfində satılırdı. Alman kolonistlərinin qazandıqları nailiyyətlər bir çox məşhur rus şərabçılarını üzümçülük və şərabçılıq sahəsindəki məharətlərini məhz

Gəncə torpaqlarında sınamağa səsləyirdi.

1860-cı ildə Azərbaycan torpaqlarında özlərinə məskən salmış alman sahibkarları rayonun ərazisində Göygöl Şərab Zavodunun əsasını qoymuşlar. Həmin vaxtdan etibarən Göygöl rayonunda şərabçılıq və üzümçülük sürətlə inkişaf etməyə başlamışdır. Sovet Hakimiyyəti illərində rayon təkcə respublikamızda deyil, ümumiyyətlə, keçmiş Ittifaq miqyasında özünün yüksək keyfiyyətli şərab məhsulları ilə tanınmışdır. Bu illər əzində respublikamızda üzümçülük və şərabçılıq sürətlə inkişaf etmişdir. Qədim şərabçılıq və üzümçülük ənənələrinə, yüksək ixtisaslı kadrlara, əlverişli təbii-coğrafi şəraitə, bir vaxtlar respublikamızın hüdudlarından çox-çox uzaqlarda məşhur olmuş brendlərə malik respublikamızın bu sahədəki imkanları kifayət qədər yüksəkdir. Şərab məhsullarının əsas bazarı hesab edilən MDB və Baltikyanı ölkələrlə yanaşı, Rusiya da böyük şərab istehlakçısıdır. Şəraba olan tələbatının yarıdan çoxunu idxal hesabına ödəyən Rusiyada şərabın daimi istehlakçılarının sayı il ərzində orta hesabla 10% artır. Həm Rusiyada, həm də Azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşması və gəlirlərinin artması ilə bu tendensiya daha da güclənəcək və bahalı şərablara olan tələbat da artacaqdır. Bu da ölkəmizdə şərabçılığın inkişafına növbəti təkan olacaqdır.

Keçmiş respublikalar arasında rekord göstərici

Azərbaycan keçmiş müttəfiq respublikaları içərisində üzüm istehsalına görə rekord göstərici ilə ön yerdə idi. Bir vaxtlar keçmiş Sovetlər Ittifaqını üzüm məhsulları, o cümlədən şərabla təmin edən Azərbaycanda 1984-cü ildə 2 milyon 126 min ton üzüm istehsal olunub. O zaman respublikada 181 üzüm emalı müəssisəsi var idi. Təsadüfi deyil ki 1985-ci ildə ölkənin ümumi əkin sahəsinin 218.8 min hektarını üzüm plantasiyaları tuturdu. Üzümçülük, aparıcı sahə olaraq, dövlət büdcəsinə milyonlarla manat gəlir gətirirdi. Təkcə belə bir faktı xatırlatmaq kifayətdir ki, Şamaxı, Cəlilabad kimi ənənəvi üzümçülük rayonlarında ildə 200-220 min ton üzüm istehsal olunurdu.
Üzüm istehsalında orta məhsuldarlıq də həmin ildə ən yüksək göstəriciyə (hektardan 90-100 sentner) çatmışdı. Lakin 1980-ci illərin ikinci yarısından başlayaraq üzümçülük təsərrüfatlarının dağıdılması nəticəsində bu göstəricilərdən əsər-əlamət qalmamışdı…

Dövlət Statistika Komitəsindən üzümlüklərin 2008-ci ilə olan vəziyyəti ilə əlaqədar verilən məlumatda bildirilir ki, hazırda Respublikada üzüm plantasiyalarının ümumi sahəsi 10 min hektara yaxındır. Bu plantasiyaların 7.5 min hektarı isə faktiki məhsul verən bağlardır. Göründüyü kimi, 1985-ci ildəki 218.8 min hektarla müqayisədə üzümlüklərimiz indi vur-tut bu qədərdir. Komitənin məlumatına görə, cari ildə 31.3 min ton, o cümlədən Imişli rayonunda 6 min ton, Kürdəmirdə 4.5 min ton, Xaçmazda 3.4 min ton, Naxçıvan Muxtar Respublikasında 3.2 min ton, Gəncə şəhərində 2.9 min ton, Göyçay rayonunda 2.8 min ton, Göygöldə 1.9 min ton, Bakı şəhərinin Nərimanov rayonunda 1.5 min ton, Şəmkirdə 1.6 min ton, Ismayıllıda 1.2 min ton, Tovuzda 900 ton, Abşeronda 719 ton və Ağstafa rayonunda 430 ton üzüm sənaye emalına verilib.
Əkildikdən təxminən 3-4 il sonra məhsul verən üzüm çoxillik bitki olmaqla yanaşı, həm də istehsalçılarına milyonlarla manat gəlir gətirən olduqca perspektivli fəaliyyət sahəsidir. Üzüm istehsalı ilə, xüsusən şərabçılıqla məşğul olan ölkələrin təcrübəsi göstərir ki, sözügedən sahə həm də dövlət büdcəsinin formalaşmasında önəmli rol oynayır. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin fikrincə, salınan plantasiyadan 10 ildən sonra 500 min ton üzüm yığılmasını proqnozlaşdırmaq mümkündür.ÿÿÿ

Keçmiş şöhrəti qaytarmaq üçün…

Son 2 ildə Xanlar, Samux, Tovuz, Qəbələ, Yevlax və başqa rayonlarda geniş sahələrdə plantasiyalar salınıb. Xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Indi respublikanın müxtəlif bölgələrində Fransa, Italiya, Ispaniya, Iran, Gürcüstan, Moldova, Ukrayna, Özbəkistan və s. ölkələrdən gətirilmiş 70-dən artıq yüksək üzüm sortu əkilir. Üzüm əkini və yetişdirilməsi prosesində ən müasir texnologiyalardan və elmi təcrübələrdən istifadə olunur. Gəncə Kənd Təsərrüfatı Akademiyasının üzümçülük və şərabçılıq kafedrasının təcrübəsindən geniş istifadə olunur.

Mütəxəssislər hesab edir ki, üzümçülük və şərabçılığın daha səmərəli inkişafını təmin etmək üçün dövlət tərəfindən bir sıra tədbirlərin görülməsinə zərurət var. Hazır məhsulun dünya bazarına çıxarılması vacib şərtdir, bunun üçün lazımi şərait də var. Eyni zamanda, ixrac proseslərinin daha da sadələşdirilməsi və stimullaşdırılmasına ehtiyac duyulur.  Azərbaycan şərabının və konyakının daxili və xarici bazarda öz yerini tutması üçün mütləq yüksək keyfiyyətə diqqət yetirilməlidir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan qurumlar bazara çıxarılan malların istehsalına xüsusi diqqət göstərməli və yalnız keyfiyyətli məhsula şərait yaradılmalıdır. Sirr deyil ki, keyfiyyətsiz məhsul ucuz başa gəlir və bazara da tez girir. Bəzən alıcılar da məhsulun ucuzluğuna aldanırlar. Ancaq artıq standartlar və tələbat dəyişib, dünya bazarı yüksək keyfiyyətli məhsul tələb edir. Azərbaycan şərabçıları da dünya standartlarına cavab verən məhsul təqdim etməlidirlər.

Mütəxəssislər eyni zamanda xaricdən ölkəmizə idxal edilən üzümün bazarlarda satışına nəzarəti vacib sayırlar. Bu fikirdə olan mütəxəssislər eyni zamanda Azərbaycanda üzümçülüyün inkişafının yenidən aktuallıq kəsb etdiyinə rəğmən əkin materiallarının da ölkəyə kənardan gətirilməsini məqsədəuyğun saymırlar. Azərbaycan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat Institutunun direktoru Tariyel Pənahov institutun kolleksiya bağında yerli üzüm növlərindən kifayət qədər tənək yetişdirildiyini deyib: “Qərb bölgəsi, Cəlilabad, Şamaxı rayonlarının üzüm plantasiyaları bərpa edilib. Bu isə həmçinin Azərbaycanda şərabçılığın inkişaf tempini sürətləndirir”.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir