Avropa Birliyi aprelin 12-də Iranın 32 rəsmisinə sanksiya tətbiq edib. “Mediaforum”un məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq dünən jurnalistlərə deyib ki, Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirləri Iranda insan hüquqlarının kobud şəkildə pozulmasında birbaşa rolu olan 32 rəsmiyə qarşı daha sərt tədbir görülməsi, onlara sanksiya tətbiqi barədə razılığa gəliblər: “Əldə edilmiş razılığa görə, 32 Iran rəsmisinə Avropa Birliyinə üzv ölkələrə səfər üçün viza verilməsinə qadağa qoyulub və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.
Nazir sanksiyaya məruz qalmış 32 Iran rəsmisinin kimliyi barədə açıqlama verməsə də, Avropa Birliyinin sanksiyalarına düşən Iran rəsmiləri arasında “Sepah”ın komandanı Məhəmməd Əli Cəfəri, Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Həsən Firuzabadi, dini rəhbər Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi Əli Səidi, “Sepah”ın komandirlərindən olan Abdulla Iraqi və Hüseyn Həmədani, “Sepah”ın təhlükəsizlik bölməsinin rəhbəri Hüseyn Taib, “Bəsic” təşkilatının komandanı Məhəmmədrza Nəqdi, Iran Hüquq Mühafizə Qüvvələrinin komandanı Ismayıl Əhmədi Müqəddəm, ədliyyə, irşad, ali təhsil və daxili işlər nazirləri, Iran Məhkəmə Sisteminin rəisi və onun köməkçisi, Tehranın keçmiş prokuroru Səid Mürtəzəvi və daha bir neçə nəfərin olduğu təxmin edilir.