“Ailə hakimiyyətinin sonu məğlubiyyətdir”

Türkiyəli ekspertlər Yaxın Şərq inqilablarının daha çox Azərbaycana təsir etdiyini söyləyir

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Turqut Dəmirtəpə Ərəb dünyasına yaşanan inqilabların Orta Asiya və Qafqaz ölkələrinə təsirindən danışıb. Onun sözlərinə görə, region ölkələrindəki hakim rejimlər 1990-cı illərin ortalarında yaşanan vətəndaş müharibəzi zamanı olduğu kimi indi də xalq üzərində təzyiq aparatını davam etdirir.

“Orta Asiya və Qafqaz ölkələrinin əksəriyyətində dünyada yaşanan dəyişiklik dalğası mövcud iqtidarları ciddi narahat edir. Lakin bu rejimlər tələb olunan islahatları həyata keçirməkdə maraqlı görünmürlər. Onlar xalq üzərində daha sərt təzyiq aparatı yaratmaqla mövcud sistemin davamlı olacağını düşünürlər. Azərbaycanda islamçı qüvvələrin gücü süni şəkildə şişirdilib. Bu amil iqtidar üçün təhdid kimi göstərilir. Hakimiyyət bu təhdiddən qrutulmaq üçün xalq üzərində təzyiqini daha da artırır”, – deyə Turqut Dəmirtəpə bildirib.

Beynəlxalq Starteji Araşdırmalar Mərkəzinin rəhbəri Azərbaycan müxalifətinin keçirdiyi etiraz aksiyalarını xatırladaraq ölkəmizdə Yaxın Şərq inbilablarının təsirinin daha çox sezildiyini söyləyib: “Azərbaycanda baş tutmuş son etiraz aksiyaları daha çox ərəb inqilablarını xatırladır.   Tunis və Misir hadisələrinin Bakıda daha təsirli olduğunu görürük. Avtoritar idarəçilik sisteminin hökm sürdüyü digər ölkələrdə olduğu kimi Azərbaycandakı rejim də güc və təzyiq faktoruna önəm verərək insanları qorxu altında saxlamağa çalışır”.

Qazi Universitetinin beynəlxalq münasibətlər fakültəsinin professoru Mehmet Şahinin fikrincə, Yaxın Şərq ölkələrindəki inqilablar ailə hakimiyyətlərinin qeyri-məhdud idarəçiliyindən qaynaqlanır: “Hakim ailələr ölkənin bütün sahələrinə total nəzarət edir. Həmin ailələr dövlətə şirkət kimi yanaşır. Bununla da xalqın narazılığı getdikcə artır. Ailələr tərəfindən qurulan biznes imepriyalarının zaman-zaman doğru olmayan stategiya üzrə idarə ediliyi üçün dağıldığının şahidi olmuşuq. Dövlətin bir ailə tərəfindən idarə olunmasının da sonu məğlubiyyətdir. Bu proses bu gün də davam edir. Gələcəkdə də davam edəcək”.

İnformasiya şöbəsi