Üç polis

2 və 12 aprel aksiyaları haqda söhbətlər səngimək bilmir. Günlərdir dünya mediası, yerli media, sosial şəbəkələr, ölkə telekanalları və DIN durmadan bu haqda danışır. Zənnimcə, 17 aprel mitinqinə kimi elə belə də olacaq.

Hər iki aksiyada diqqət çəkən məqamlar çox idi. Bu yazıda diqqəti üç məqamın üstündə saxlamaq istəyirəm.
Üç məqam üç polislə bağlıdı.

Polisin birincisi cinayətkardı. Bəli-bəli, rəsmən cinayətkar. Onun cinayətkar olmasını biz yox, dövlət və həm də elə DIN özü üzə çıxarıb.
Həmin adam mitinqi dağıdan “mülki geyimlilər”dən biri olub. Adı Ata Abdullayevdi. 7 il şərti cəza almış Ata Abdullayev. 2 apreldə onun zəhməti sayəsində xeyli adam həbs edilmişdi. Ata yoldaşın kimliyini “Azadlıq” radiosunun əməkdaşı Durna xanım üzə çıxarıb. Bu haqda material isə “Bizim yol” qəzetində dərc edilib. Onun fotosu da materialda yer alıb.

Bu həmin Atadı ki, Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AzAL”) internet səhifəsinə müdaxilə edərək şirkətə 100 min manat məbləğində ziyan vurmaqda ittiham olunan Azərbaycan və Nigeriya vətəndaşlarından ibarət mütəşəkkil dəstənin üzvü olub. Indi rejim Atanın təyinatını dəyişib. Artıq o, bank hesablarını deyil, mitinqləri dağıtmaqla məşğuldu. Yəni mitinqdə mülki geyimli biri vəhşi kimi sənin qolundan tutub polis maşınına basmaq üçün aparanda yadına sal ki, səni caynağına keçirmiş bu adamı dövlət polisi hesab eləyib durma və xatırla ki, o, sadəcə bir cinayətkar ola bilər. Onunla davranışlarını belə ehtimallar üstündə qur ki, sonradan peşmançılıq çəkməyəsən. Hakimiyyətin elə hallar üçün cavabı hazırdı. Onu bir də həbs eləyəcəklər və vəzifələrini bitmiş sayıb sudan quru çıxacaqlar. Ataları tələyə salmaq bu rejim üçün su içmək kimi bir şeydi.

Gələk ikinci polisimizə.

Ikinci polisimiz haqda məlumatı mənə onun və mənim ortaq bir tanışımız verdi. Bir qapıda yaşayırlar. Həmin “polis”in əmisi oğlu gerçəkdən polisdə çalışır. Bizim polis dediyimiz isə idmançıdı, polis deyil. Mitinq günü gəlib onu evdən aparıblar ki, bir günlük polis olacaqsan. Boyun qaçıra bilməyib əmioğluya görə. Gedib. Ona da polis forması geyindiriblər. Və adamları amansızlıqla tutmağı əmr eləyiblər. Həmin “polis” qardaş danışır ki, düzdü, mən də adamları tutub aparırdım. Ancaq kimsəyə əziyyət vermədim, vəhşilik eləmədim, hətta bəzilərini fürsət düşən kimi buraxdım ki, xilas olsunlar. Deyir, axı, görürəm ki, bu camaat haqlıdı. Necə vəhşilik eləyim? Neynəyim ki, əmioğlu qalıb buramda. Əlini boğazına uzadır. Indi mitinqdə qolunuzdan yapışan uniformalı hər kəsin qismən polis olmadığını da bilin, davranışlarınıza fikir verin. Qolunuzdan yapışanın qəlbən sizə yaxın biri ola biləcəyini unutmayın. Sonra peşmançılıq olmasın…

Üçüncü polis!!!

Bu məqam tam fərqlidi. Çünki bu polisi kimsəyə tanıtmağa gərək yoxdu. O, özü-özünü o qədər yaxşı tanıdıb ki, hətta bu rejimin çöküşündən sonra da onu kimsə unutmayacaq, yadından çıxarmayacaq, harda olur olsun, hamı onu barmaqla göstərəcək. Onu hər şeydən qabaq barmaq məsələsilə tanıyırlar çünki.
Süleymana qalmayan dünya əlbəttə, ona da qalmayacaq. Dünya heç Süleyman Çakıra da qalmadı. O, dünyada qaldıqca isə hər kəs onun əməllərindən danışacaq. Qanunlar belə bir müddət onunla uğraşacaq. Necə deyərlər, heç nə unudulmur, heç kim yaddan çıxmır. Unudulmayan təkcə qəhrəmanlar deyil ki. Bizim yazının bu üçüncü qəhrəmanı da o haqqı qazanıb artıq.

Isa Qəmbərdən söz düşəndə onu xatırlayacaqlar, Ramiz Kamalın barmağının sınmasından, Tofiq Yaqublunun döyülməsindən danışanda onu xatırlayacaqlar. O, hələ bundan sonra da insanların xatirəsinə özünü pərçimləməklə məşğul olacaq. O, sizin qolunuzdan yapışan kimi, qışqırıb-bağıran kimi, sizi vəhşicəsinə sürüyən kimi… yox, onunla xüsusi davranmağa gərək yoxdu. Sadəcə, adını yadınıza salın, yetər. O – Nəsimi Rayon Polis Idarəsinin rəis müavini Süleyman Nemətovdu.