Siyasətin psixologiyası

Adamlar var, siyasətin havasını duyurlar. Başqa vaxt sidq-ürəkdən susan bu adamlar, danışmaq məqamı hiss edən kimi heç kimə macal vermirlər. Bir vaxt nəinki özü susan, hətta danışanı da qınayan bu insanlar söz növbəsinə hamıdan birinci yazılırlar. Olsun. Düzdür, onlar danışmağa başlayanda belə bir “amma” ilə başlayırlar. Yenə də olsun! Əsas budur, həqiqət adlı dəryaya hərə heç olmasa bircə qaşıq söz töksün. Onda hər şey düzələr. Bəli, heç də hamı Gertsen və Oqaryov olmur. Buna da normal yanaşmaq lazımdır, çünki şəxsən mən qarın altındaca çiçəkləyən bircə çiçək tanıyıram, digərləri təkcə bahar gələndə çiçəkləyir. Baharsa, deyəsən, bütün mənalarda gəlmək istəyir.
Təbiətdə baharın gəlişini sürətləndirmək mümkün deyil. Amma siyasətdə o, bizim əməllərimizin, səylərimizin və istəklərimizin nəticəsi kimi gəlir. Bizlər onun gəlişini ürəkdən istəyiriksə, o gələcək, istəmiriksə… Mən birinci dəfə K.Popperi oxuyarkən ictimai qanunların təbiəti haqda düşündüm. O vaxtdan öz nəbzimizi tutmağa çalışıram, hə, ona görə ki, ictimai qanunların nəbzi elə bizlərin, yəni hər birimizin nəbzindən asılıdır. Düzdür, K.Yunqun “kollektiv təhtəlşüur” anlayışı bir qədər mübahisəlidir. Amma sistem nəzəriyyəsi belə həmin fikri təlqin etmirmi? Əgər bir sistemin sistemyaradıcı keyfiyyətləri və xüsusiyyətləri olursa, bunu kollektiv təhtəlşüur kimi yozmaq düzgün deyilmi? Məsələnin bu tərəfini saxlayaq filosoflar üçün, çünki aydın mətləb üstündə qəliz mübahisələr açmaq onların peşəsidir. Siyasət də qəliz peşə sayılır, amma ən azı insanlara təqdim olunanda o, sadələşdirilməlidir və aydın olmalıdır. Insanlar irrasional siyasi mətləbləri anlamaq istəmirlər, o mənada siyasətin məntiqi adi bir, sadədən də sadə insan məntiqidir. Bunu heç bir halda unutmaq olmaz, çünki bunun unudulması dərhal gətirib hiss edilən kəmiyyət itkilərinə çıxarır. Siyasətçi cəmiyyət üçün anlaşıqlı olmalıdır və cəmiyyət onu başa düşməlidir. Düzdür, kollektiv təhtəlşüur irrasional və ilk baxışda çətin anlaşılan impulslara da təkan verir. Amma bizlər hətta elə bu impulsları da anlamağa, idarə etməyə çalışmalıyıq. Hər şey situasiyadan asılıdır, elə vaxt olur ki, sən “kütlə nə istəyir?”, elə də vaxt olur ki, “insanlar nə istəyir?” sualına cavab verməli olursan. Indi mənə elə gəlir ki, sonuncu, bəli, “insanlar nə istəyir?” sualına cavab verməyin məqamıdır, çünki hesab hər bir insan üstündə gedir, hələ ortalıqda əlahəzrət kütlə yoxdur. Meydana əlahəzrət kütlə çıxan anda onu düşündürən suallara da cavab tapmaq lazım gələcək. Siyasi teatr həmişə ən azı iki ssenari üzərində qurulur, ssenarilər düzgün tərtib və təqdim edilməyəndə aləm bir-birinə qarışır, o saat hamı düşür rejissorun üstünə… Mənə elə gəlir ki, üç mərhələ var: adamlar-kütlə-cəmiyyət! Hər bir toplum bu mərhələni keçməlidir. Bircə dəfə cəmiyyət tək formalaşandan və öz sözünü deyəndən sonra artıq bir daha geriyə dönmək zərurəti qalmır. 1993-cü illərin əvvəlində buna cəhd edildi. Kütləni seçiciyə çevirməyə cəhd etdik, amma seçkiləri elə bir hala saldılar ki, indi seçicilərin bir daha kütləyə çevrilməsinə ehtiyac var. Bunu ziddiyyət kimi qəbul etməyin və bu, sadəcə, ona dəlalət edir ki, ölkədə hələ cəmiyyət formalaşmayıb, bir qədər də aydın desək, bu proses yarımçıq qalıb.

Kiçik sözardı

Yazılardan da bir bahar təravəti duyulmalıdır. Ona görə mücərrəd mülahizə və fikirləri bir tərəfə qoydum. Belə daha rahatdır. Bəzən deyirlər ki, impulsla inkişaf etmək olmur. Bəlkə də bu fikirdə həqiqət var, lakin kim deyə bilər ki, cəmiyyəti anlamaq üçün makro, yoxsa mikroməntiq daha uyarlıdır? Qəliz olan budur ki, mikroaləmdə hər şey sıçrayışla, makroaləmdə tədricən dəyişir. Hər ikisə də bir dünyaya aiddir. Bəlkə dünyanın sirri elə bundadır ki, bunların hər ikisi bir dünyada baş verir. Bəs cəmiyyətdə? Bəli, bizlər kvant obyektləri deyilik, deməli, bütün mərhələləri tədricən, ardıcıl şəkildə keçməli və sıçramamalıyıq. Hər halda bunu məntiq deyir. Məntiq isə həm qəlizdir və həm də vacib, özü də çox vacib!