Bu günlərdə Bakının Heydər Əliyev prospektində 4 maşının əzilməsilə nəticələnmiş yol qəzasının səbəbkarı olan populyar müğənni Rəqsanə İsmayılova baş vermiş hadisə haqda danışıb.
Day.Az saytına açıqlamasında o, qəzanın səbəbkarı olduğunu etiraf edib. «Qəza mənim günahımdan baş verib. Güclü qıcolma üzündən 1 dəqiqəlik özümə nəzarəti itirdim. Bir də o zaman ayıldım ki, artıq qəza baş verib. Sağ qaldığım, yenidən övladlarımı görə bildiyim, yalnız qançırlar, ayaqlarımdakı burxulmalarla qurtulduğum üçün Allaha minnətdaram. 100 dənə «Galenvagen» mənim həyatımdan vacib deyil», – deyə müğənni bildirib: «Təəssüfləndiyim yeganə şey həkimlərin, həmçinin həmin an mənimlə maşında olan dostumun məsləhətlərinə qulaq asmayaraq, sükan arxasına əyləşməyimdir. Məhz o, məni qəzadan sonra taksiyə mindirərək evə aparıb. Ayıldıqdan sonra hadisə yerinə qayıtdım, polisə müraciət etdim, maşınımın qoyulduğu cərimə meydançasına yollandım. Avtomobil özümündür. Bir müddət əvvəl «Range Rover»i sataraq onu almışdım. Sadəcə, maşının əvvəlki sahibinə borcumun hamısını ödəməmişdim. 140 min dollardan yalnız 40 min ödəmişəm. İndi əzilmiş «Galenvagen»i sataraq ona istədiyi maşını alacağıma söz vermişəm. Özümə isə «Rance Rover» sifariş etmişəm. Yol qəzası zamanı maşınları əzilmiş digər şəxslərə də kompensasiya ödəyəcəyəm».
***
11.10.2011
Rəqsanə polisə aparılıb
Populyar Azərbaycan müğənnisi Rəqsanə İsmayılova dünən axşam saatlarında avtomobil qəzası törədib. Day.Az saytının verdiyi məlumata görə, qəza Bakının Heydər Əliyev prospektində baş verib. Müğənninin idarə etdiyi «Mercedes Benz G-class» digər avtomobillə toqquşub. Nəticədə qarşıdakı maşının sərnişini yaralanaraq xəstəxanaya yerləşdirilib.
Müğənninin prodüseri Təranə Səmədova faktı təsdiqləyib. Lakin o, qəzanın səbəbləri haqda heç nə deyə bilməyəcəyini söyləyib.
Hüquq-mühafizə orqanlarından Day.Az saytına bildiriblər ki, əslində Rəqsanənin qəza törətdiyi avtomobil «Mercedes-Benz Gelandewagen»dir. Maşın müğənniyə deyil, başqa birisinə məxsusdur. Qəza nəticəsində 4 maşın əzilib. Hadisədən qorxuya düşmüş Rəqsanə dərhal hadisə yerini tərk etsə də, bu gün səhər saatlarında o, polisə aparılıb.
Qəza nəticəsində Rəqsanənin idarə etdiyi «Mercedes-Benz Gelandewagen» tam yararsız hala düşüb. Maşının təhlükəsizlik yastıqlarının açılması ifaçının həyatını xilas edib.