Mənəvi terror Mərkəzi barədə ilginc xəbərlər

Əli Kərimliyə qarşı kampaniyanın ssenarisi harada hazırlanır?

«Azadlıq»a verilən məlumatda bu barədə bildirilir

Hakimiyyətin AXCP sədri Əli Kərimliyə qarşı heç bir mənəvi ölçüyə sığmayan kampaniyasına ictimai etirazların davam etdiyi bir məqamda bu kampaniyanın harada planlaşdırıldığı və kimlər tərəfindən icra edildiyi məlum olub. Baxmayaraq ki, bu kampaniyanın tərkib hissəsinə çevrilmiş elementlər barədə bir sıra məlumatlar ictimaiyyətə çatdırılıb.

“Azadlıq”a sızan bilgilərə görə, AXCP sədrinə qarşı əxlaqsız kampaniyanı… Milli Təhlükəsizlik Nazirliyi ssenariləşdirir. Konkret olaraq, adı çəkilən nazirliyin Antiterror Mərkəzinin rəisi general Elçin Quliyev və onun müavini, polkovnik-leytenant Ilqar Əliyev bu prosesə rəhbərlik edirlər. Bu adamlar, öz vəzifələrini, demək olar, bir kənara qoyaraq, AXCP sədrinə və “Azadlıq”a qarşı planlar üzərində işləyirlər. AXCP sədrinin evinin qarşısında təşkil olunan aksiyanı da məhz bu adamlar sifariş edib. Bu kampaniyaya qoşulan gəncləri isə aksiyaya MTN-in ali məktəblərə təyin etdiyi prorektorlar cəlb edib. Həmin tələbələrə yay imtahan semestrlərinin pulsuz olacağı barədə vədlər verilib. Həmçinin, aksiyalar üçün müəyyən məbləğdə vəsait də ayrılıb. Ancaq hətta həmin pulların, ən azı, yarısının taleyi ilə bağlı məlumatların Ilqar Əliyevdə qırıldığı barədə də xəbərlər var.

Məlumatda o da bildirilir ki, “Lider” telekanalına da təlimatları məhz Ilqar Əliyev Etibar Hüseynov vasitəsilə verir.
Bu məlumatdan göründüyü kimi, ölkənin milli təhlükəsizliyi ilə məşğul olmalı olan adamlar bu cür oyunlara qoşulublar. Bu fəaliyyətsizliyin nəticəsidir ki, ABŞ və Israil hökumətləri Azərbaycanda terror təhlükəsinin olduğunu dəfələrlə bəyan ediblər.

Xatırladaq ki, MTN-in bir neçə gün əvvəl keçirilən yubileyində Ilham Əliyev Antiterror Mərkəzinin rəhbərliyini mükafatlandırıb.

İnformasiya şöbəsi