Direktor müavini Vasif Mirələmlinin şikayətini niyə qulaqardına vurub?
Zərərçəkmiş tərəf ağsaqqallara hansı cavabı verib?
Cəlilabadda qətl hadisəsində ittiham edilərək həbs olunan yeniyetmə Vasif Mirələmovun vəkilləri və atası ötən gün onunla görüşüb. Bu barədə “Azadlıq”a Vasifin atası Təzəxan Mirələmli bildirib.
Onun sözlərinə görə, Vasif hələ də Cəlilabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasında saxlanılır. T.Mirələmli deyir ki, Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, oğlunun 15 yaşı olduğundan o, Vasifin qanuni nümayəndəsi kimi tanınmalıdır: “Aprelin 6-dan etibarən dəfələrlə müstəntiq Amin Şəkərəliyevlə əlaqə saxlayıb, Vasiflə görüşmək istəyirdik. Hər dəfə deyirdi ki, rayonda deyiləm. Gah Bakıda, gah da başqa yerdə olduğunu bildirirdi. Nəhayət, bu gün (dünən) onunla görüşə bildik. Vəkillərim Tahir Xanəliyev və Lalə Mansurova ilə birlikdə müstəntiqlə görüşdük. Görüş zamanı bildirdik ki, qanun, yetkinlik yaşına çatmayan şəxsin valideynlərindən birinin onun qanuni nümayəndəsi olmasına imkan verir. Əvvəlcə müstəntiq bunu eləmək istəmirdi. Amma qanunun tələbləri izah olunduqdan sonra oğlumun qanuni nümayəndəsi kimi tanındım”.
Vasif həbs olunan zaman ona dövlət hesabına təyin olunan vəkil Habil Bəhmənovun obyektivliyinə şübhə ilə yanaşdığını deyən T.Mirələmli onun xidmətlərindən imtina edərək, bu barədə yazılı müraciətini müstəntiqə təqdim edib. Bundan sonra Habil Bəhmənov müdafiə prosesindən kənarlaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl T.Mirələmli ilə H.Bəhmənov arasında bir neçə dəfə mübahisə yaranıb: “Oğlumun hüquqlarının müdafiəsi prosesində qərəzli olacağına əminliyim olduğu üçün belə bir addım atmaq məcburiyyətində qaldım. Mənim onunla üç dəfə mübahisəm düşüb. Burada müstəntiq də qanunsuzluq eləyib. Oğlum yetkinlik yaşına çatmadığı üçün ona dövlət hesabına vəkil təyin olunanda gərək valideynlərinə xəbər olunaydı”.
T.Mirələmli istintaqın gedişindən də narazıdır. Daha doğrusu, o, indiyə qədər baş verənləri nəzərə alaraq, istintaqın obyektiv və ədalətli mövqe tutacağına inanmır.
Yeri gəlmişkən, T.Mirələmli atası da daxil olmaqla, rayonun bir neçə ağsaqqalını barışıq üçün zərərçəkən tərəfə göndərib. Amma qarşı tərəfin cavabı təxminən bu cür olub: “Bizim ağsaqqalımız rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovdur, o nə desə, elə də eləyəcəyik”.
Vasif Mirələmovun hüquqlarını müdafiə edən vəkil Tahir Xanəliyev “Turan”a bildirib ki, yeniyetməyə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham verilib və barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Amma müdafiə tərəfinin tələblərinə baxmayaraq, istintaq, məhz həbs-qətimkan tədbirinin seçilməsini zəruri edən sübutlarla bağlı materiallar təqdim etməyib.
T.Xanəliyev onu da qeyd edib ki, qanuni nümayəndəsi, valideynlərinin razılığıyla təyin edilən vəkilin iştirakı olmadan aparılan istintaq hərəkətləri prosessual məcəlləyə ziddir.
Hadisənin başvermə səbəblərinə gəlincə, T.Xanəliyev də olayda siyasi motiv olduğunu təsdiqləyib. Vasif vəkililə söhbətində bildirib ki, atası müxalifətçi olduğuna görə 10-cu sinif şagirdləri ona rişxənd ediblər, qıcıq yaradan ifadələr səsləndiriblər. Belə olan halda, Vasif məktəbdəki Həsənağa adlı direktor müavininə uşaqların hərəkətlərindən şikayət edib. Amma həmin o Həsənağa hadisənin qarşısını almaq üçün yuxarı sinif şagirdlərini tənbeh etməyib.
T.Xanəliyev sözügedən direktor müavininin, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qohumu olduğunu, həmçinin zərərçəkən tərəfin ağsaqqallara cavabını xatırladaraq, bu işdə açıq-aşkar siyasi çalarların olduğunu vurğulayıb. Vəkil onu da əlavə edib ki, baş vermiş bu qanlı olaya görə 7 saylı Cəlilabad şəhər orta məktəbinin rəhbərliyi də cavab verməlidir.
Ramin DEKO