İlqar İbrahimoğlu: “Necə olur ki, son dövrlərdə Azərbaycanda Quran buyuruşlarına qadağalar olur?”
Aprelin 9-u İctimai Palatanın növbəti sessiyası keçirilib. Tədbirdə ölkədə baş verən ən son hadisələr təhlil edilib, görüləcək işlərdən danışılıb.
Sessiyada çıxış edən Hacı İlqar İbrahimoğlu qeyd edib ki, baş verən son hadisələr birmənalı olaraq xalqın xeyrinə işləyəcək: “Biz xaricə səfərlə əlaqədar olaraq keçən iclasdan sonra Koordinasiya Şurasında olan dostlarımızla sağollaşmışdıq. Amma səfəröncəsi internetdə gördük ki, bu gün burada (Müsavat Partiyasının qərərgahında – red) piket keçirilib və bu, mənim səfəröncəsi proqramımı dəyişib buraya gəlməyimə səbəb oldu. Onu bildirmək istəyirəm ki, hər növ mənəviyyatdan kənar aksiyalar keçirməklə onlar Sovet dövründə bir çox dissidentlərin başına gələnləri yada salırlar. Biz yaxşı bilirik ki, Sovet dövründə dissidentlərin dilə gətirdiyi fikrə görə onların başına nələr gəlib. Bu yöndə edilən cəhdlər birmənalı olaraq xalqın xeyrinə işləyəcək. Bir məsələni qeyd edim ki, onların səviyyəsinə enmək lazım deyil.
Əgər kimsə düşünürsə ki, evlərin, partiya qərargahlarının qaşısında piket keçirməklə nəyəsə nail olacaq, ictimaiyyətin rəyini dəyişə biləcək, bu, yalnış düşüncədir.
Bu günlərdə Azərbaycanda forum keçirilib və orada belə bir sual verilib ki, necə ola bilər ki, Quran yandırılsın? Bəli, çox düzgün qoyulub məsələ və bu mövqe təqdirəlayiqdir. Amma, mən də İP-in tribunasından isifadə edərək, belə suallar vermək istəyirəm: Necə olur ki, son dövrlərdə Azərbaycanda Quran buyuruşlarına qadağalar olur? Necə olur ki, azan qadağan olur? Necə olur ki, məscid sökülür? Necə olur ki, 5 aydır ki, inanclı insanların övladları təhsildən kənarda qalıb? Necə olur ki, Azərbaycanda olan dini çoxluq dini azlıqlar qədər hüquqlara malik deyil? Bütün sahələrdə olduğu kimi, dinə münasibətdə də köklü dəyişikliklər olmalıdır. Çünki bundan başqa yol yoxdur.
Bəzən beynəlxalq insan haqları təşkilatları ilə görüş zamanı onlar soruşurlar ki, Azərbaycanda dini etiqadla bağlı, vicdan azadlıqları ilə bağlı vəziyyət nə yerdədir? Biz onlara çatdırırıq ki, Azərbaycanda dini haqlarla bağlı vəziyyət elə siyasi haqlarla olan vəziyyət qədərdir.
Artıq insanlar mövcud vəziyyətdə yaşamaq istəmir, insanlar şəxsiyyətli, ləyaqətli yaşamaq istəyir. Bu mübarizənin kökündə də məhz şəxsiyyət, ləyaqət durur. Amma elə addımlar atmaq lazımdır ki, rasional müstəvidə olsun, bu atılan addımların kökündə rasionallıq olsun”.
/Deyerler.Org/