Əliyevçi rejimin antixalq siyasətləri (I yazı)

Ictimai Palatanın yığıncaqları getdikcə daha kütləvi xarakter almaqdadır. 2 Aprel aksiyasından sonra belə! Bəlli hakimiyyət orqanlarının 2 Aprel vəhşiliyi, rejimin aksiyadan sonrakı isterik kampaniyası ilə bağlı Ictimai Palatanın yığıncağının çox da kütləvi olmayacağını gözləmək olardı. Ancaq belə olmadı. Ortaya bütünlüklə başqa görsəniş çıxdı. Özünün ayrıca dirəniş özəlliyi ilə seçilən 2 Aprel aksiyasından DƏRS almayan rejim başçıları özlərinin qurtuluşları üçün IP-nin 9 Aprel yığıncağından mütləq DƏRS almalıdırlar.

Mən bunu özümüzdən çox onların uduşları üçün deyirəm!

Özünün çoxillik ANTIXALQ siyasətləri ilə Əliyevlər hakimiyyəti, sözsüz, uduzulmuş hakimiyyətdir. Nə olur-olsun Rasim Musabəyov kimiləri bu hakimiyyəti tezliklə yıxılmaqdan qurtara bilməyəcək. Bu hakimiyyətin tezliklə yıxılması qaçılmazdır. Ancaq bir var hakimiyyətdən Bin Əli kimi bir az tez gedəsən, bir də var Qəzzafi kimi gedəsən. Qəzzafinin cəzası böyük, çox böyük olacaq! Ilham Əliyev fevral ayında hökuməti buraxıb, yeni, effektli bir hökumət formalaşdırmaqla redikal reformalara başlasaydı, bundan, ola bilsin, daha çox o özü qazanardı. Bacarmadı. Onun bacarmadığından gələn qazanc istər-istəməz müxalifətin aktivinə yazılmaqdadır. O, işin bu incəliyini düşünmək yerinə, indiki sosial-siyasi situasiya üçün bütünlüklə yararsız çevrəsinin nağıllarıyla ölkəni devrimlər içində olan Ərəb dünyasının dərinliklərinə sürükləyir…

Reallıq duyğusunu itirdiyi açıq-aydın görünən rejim yetkililəri dahilər dahisi Əli Həsənov başda olmaqla belə bir gərəksiz arqumentə söykənib durur: “Ərəb ölkələrində baş verənlər Azərbaycanda baş verə bilməz – onlarda olan problemlər bizdə yoxdur”. Bütünlüklə yalan-yanlış düşüncə-baxışlardır. “Azadlıq”da çıxmış “Neft ölkələrində neftdən xalqa nə düşür?” yazısındakı (8.4.11.) faktlardan da göründüyü kimi, Ərəb ölkələrindəki rejimlər Əliyevlər rejimindən xalqa qat-qat yaxın, qat-qat humanist rejimlərdir. Ərəb ölkələrindəki rejimlər neftdən gələn gəlirləri xalqla bölür, o gəlirlərdən xalqa çox böyük pay çatır. Baxın: onlarda Sağlamlıq, Təhsil sistemləri bütünlüklə pulsuzdur: gənclərə pulsuz ev verilir, yüksək pensiya üzündən qocalar, bizdə deyildiyi kimi, bəy-xan kimi yaşayır. Bilindiyi kimi, o ölkələrin neftdən, qazdan savayı gəlir qaynaqları yoxdur, onlar suyu da başqa ölkələrdən pulla alırlar. Azərbaycansa başdan-başa gəlir qaynaqları ilə doludur. Di gəl, bu gəlir qaynaqlarının hamısı bəlli bir Ailənin əlindədir. Bu Ailənin aşırı acgözlüyü, mənliksiz mənəmliyi üzündən ölkəmiz yoxsulluq içində, yolsuzluq yolundadır!

Bir elə yüksək yaşayışla Ərəb ölkələrini bürümüş devrimlər nədəndir? Çox saya, ancaq olduqca anlaşıqlı əski bir deyim var: INSAN YALNIZ ÇÖRƏKLƏ YAŞAMIR! Insanı yaşadan çox nəsnələr var, onlardan biri çörəkdir. Yalnız biri! Ərəb ölkələrinin başçıları uzun illər ərəblərə insanın yaşaması üçün gərək olan bir nəsnəni veriblər. Qalanlarını bütünlüklə özlərinə saxlayıblar, qalanlarına bütünlüklə özləri yiyələniblər. Bunlar nədir? Bunlar toplu olaraq Demokratik özgürlüklərdir. Demokratik özgürlüklərin ölkə boyunca yayılması, ölkənin demokratik özgürlüyə qovuşması üçün xalqın özgür seçib-seçilmək hüququ tanınmalı, ölkədə demokratik qurumların (institutların) qurulması yolunda azacıq da olsa əngəl yaradılmamalıdır. Ərəb ölkələrindəki antidemokratik rejimlər uzun illər xalqı ÇOXLU çörəklə aldatmağa çalışıblar.

Qloballaşan, Internet dönəminə gəlib çıxan xalq yalnız çörəklə yaşamaq istəmir. Bu yeni, çağdaş dünya gerçəyini Ərəb ölkələrinin başçıları indiyədək anlamadığı kimi, əliyevçi rejim başçıları da anlamır. Bunlar – əliyevçi rejim başçıları – xalqla Ərəb ölkələrindəki rejimlərdən qat-qat artıq amansızlıqla davranaraq, xalqa doyumluq çörəyi də çox görürlər…