Əliyev şikayətçilərlə üz-üzə gəlməkdən qorxdu

Sulutəpədə ölkə başçısı ilə görüşə xüsusi adamlar gətirilib

İlham Əliyevin Sulutəpə qəsəbəsində sakinlərlə görüşü barədə ilginc məlumatlar almışıq. 1993-cü ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan qəsəbə sakini Mübariz Məmmədov “Azadlıq”a bildirib ki, Ilham Əliyevin gəlişindən öncə Sulutəpədə fövqəladə rejim hökm sürüb.

Qəsəbə sakinlərinə gecə saatlarında küçəyə çıxmaq qadağan edilib. Sulutəpənin problemlərini Ilham Əliyevə çatdırmağı planlaşdıran müəllimlər və bəzi sakinlər Binəqədi rayon Polis Idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar Ilham Əliyev Sulutəpəni tərk edəndən sonra sərbəst buraxılıb. “Qəsəbədəki orta məktəbin direktoru, Binəqədinin icra başçısı Alı Qocayevin xanımı müəllimlərə deyib ki, Ilham Əliyevlə görüşə qatılacaqsınızsa, lal-dinməz durun, ya da ümumiyyətlə qatılmayın. Həmçinin hüquq-mühafizə orqanları gecə saatlarından bütün qəsəbəni nəzarətə götürmüşdü. Insanların Ilham Əliyevlə görüşməsinə imkan verməmək üçün bütün vasitələrə əl atdılar”.

Mübariz Məmmədov deyib ki, Ilham Əliyevlə görüşən vətəndaşların əksəriyyəti başqa rayonlardan avtobuslarla gətirilmiş və öyrədilmiş insanlar olub: “Ilham Əliyevlə görüşdə 3-4 Sulutəpə sakini iştirak edib. Yerdə qalanları qəsəbə sakinləri olmayıb. Həmin insanlar da təlimata uyğun olaraq Ilham Əliyevə Sulutəpədə hər şeyin yaxşı olduğunu bildirib”.

Bütün bu xöşagəlməz halların Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin planı olduğunu söyləyən YAP üzvünun sözlərinə görə, Sulutəpə qəsəbəsi Milli Məclisin sədri Oqtay Əsədovun şəxsi mülkü halına salınıb: “Sulutəpədə hər şer Oqtay Əsədov üçündür. On gündən çoxdur ki, qəsəbədə su problemi yaranıb. Istifadə müddəti bitmiş borular dəyişdirilsə də əvəzində 10-15 evin su ehtiyacını ödəyəcək boru xətti bərpa olunub. Həmin 10-15 ev isə Milli Məclisin sədri Oqtay Əsədovun mülkü və başqa məmurların bağ evləridir”.

Eyni hal Biləcəri qəsəbəsində də müşahidə edilib. Orada da Ilham Əliyevlə görüşən və Biləcəridəki inkişafdan danışan insanlar bu qəsəbənin sakinləri olmayıb.

İnformasiya şöbəsi