YAP-ın Milli Məclisə təyin etdiyi hörmətli Gülər Əhmədova mətbuata verdiyi müsahibədə bir neçə maraqlı məqama toxunub. Xanım deputat bir yerdə deyib: “…bəzi nazirlər var ki, abır-həyası olsa, elə özü istefa verib gedər”.
Məntiqlə bu fikrin açımı o deməkdir ki, bəzi nazirlər həyasızdır, abırsızdır, ləyaqətləri, mənlikləri yoxdur, illərdi qır-saqqız olub yapışıblar kreslolarından, yığdıqca yığırlar, doymaq bilmirlər, zəli kimi xalqın qanını sorurlar və s. Bəs, bu abırsız, həyasız, zəli, ləyaqətsiz “bəzi nazirləri” Ilham Əliyev niyə istefaya göndərmir? Ilham Əliyevi kim məcbur edir ki, abırsız nazirlərlə işləsin? Cənabi-möhtərəmin bu həyasızlarla işləmək istəyinin səbəbi, məqsədi, mənası nədir?
Cavab yoxdur!
Gülər xanım müsahibəsinin digər yerində korrupsiya ilə mübarizəyə sidq-ürəklə inandığını nümayiş etdirib deyir: “Korrupsiya ilə mübarizə həm də ideoloji, insanların beyni ilə gedən prosesdir. Dünənə qədər insan buna çox normal baxırdısa, bu gün artıq ona deyirik ki, sən aldığın şirinlik yox, rüşvətdir”.
“Dünənə qədər”. Deməli, 1993-cü ildən bu yana, düppədüz 18 ilə yaxındır ki, Gülər xanımın “insan” adlandırdığı məmurlar şirinlik alırmış və buna normal baxırmış. 18 ildə bir ağıllı tapılmayıb deyə ki, a kişi, aldığın şirinlik deyil, rüşvətdir, rüşvət! Deyən olmayıb və illərlə “insan” adlandırılan məmur rüşvətlə yaşayıb. Nəhayət, Ilham Əliyev məmurlarının beyni ilə işləmək qərarına gəlib, onlara tapşırıb ki, “daha rüşvət almasınlar”.
Rüşvət almayan, korrupsiya ilə məşğul olmayan nazirin abrı, həyası, ləyaqəti lazımdır. Gülər xanım, açıq-açığına deyirsiniz ki, nazirlərin abrı, həyası yoxdur. Lap sizə inandıq və qəbul etdik ki, möhtərəmin başladığı kampaniya səmimidir. Bəs, bu abırsız və həyasızlar prezidentin “rüşvət almayın” sözünə qulaq asacaqlarmı?
Ümumiyyətlə, abırsız və həyasızlarınız prezidentinizi sayıb, onun tapşırıqlarına əməl edirlərmi?
Mən bilmirəm Rövnəq Abdullayev Gülər xanımın “bəzi nazirlər” kateqoriyasına daxildir, ya yox. Amma məsələ bundadır ki, Ilham Əliyev bu il martın 9-da keçirdiyi müşavirədə sənədi olmayan evlərin qeydiyyata alınması barədə göstəriş verdi və “şəffaf bir mexanizm” hazırlanmasını Bakı merinə tapşırdı. Aradan cəmi bircə ay keçəndən sonra Rövnəq Abdullayev “qanunsuz tikililəri” sökmək, əhalinin yaşadığı evləri başına uçurmaq işinə start verib.
Rövnəq Abdullayev Ilham Əliyevi sayıb, onu prezident yerinə qoymur? Bu qəbildən olan “insan” adlandırdığınız məmurlar “rüşvət almayın”a necə əməl edəcəklər?
Gülər xanım müsahibənin bir başqa məqamında Ilham Əliyevin rüşvətxorluğu yığışdıracağını əminlik ifadə edir. Nöşün? Çünki xanım Əhmədova “prezidentin apardığı siyasəti hər zaman, bəlkə də hamıdan qabaq başa düşənlərdən”dir.
Amma bircə cümlədən sonra məlum olur ki, Gülər Əhmədova rüşvətxorluğun aradan qalxacağına özü də şübhə edir. Bu sitatı diqqətlə oxuyun: “…deyirlər, rüşvət almayın. Amma eyni zamanda ”almayın” dediyiniz adamın da güzəranına baxmaq lazımdır. Yəni burada bir dövlət maşını, dövlət aparatı var, onlar işləməlidir”.
“Rüşvət almayın”ı kim deyir?
Möhtərəm!
Amma “almayın” dediyi adamın güzəranına baxırmı? Onların məvacibini qaldırırmı? Azad ticarət yaradıb insanlara dolanmaq üçün imkan tanıyırmı?
Yox. Çünki Gülər xanımın dediyi “işləməli olan dövlət aparatı, dövlət maşını” işləmir.
Dövlət aparatı işləmirsə, möhtərəmimizin sözünü məmurlar bir qoz qabığı sayırlarsa və prezident onun sözünün boyunu yerə soxan abırsız və həyasız nazirlərlə çalışmaqda davam edirsə, nə düzələcək, niyə düzələcək, nə deyib düzələcək?