Geridə qalan film kimi gərgin və təlatümlü həftədən yaddaşıma bir neçə xüsusi məqam həkk olunub qalıb. TV-lərin birində 2 aprel mitinqində iştirak edən istedadlı bəstəkar Elmir Mirzəyevin faşistə bənzədildiyini eşitdim. Bu “bənzətmə”nin hansı təxəyyülün məhsulu olduğunu bilmirəm, amma tanımayanlar üçün bildirim ki, Elmir Azərbaycanın istedadlı musiqiçilərindən biridir. O, Fərəc Qarayevin ən dəyərli tələbəsi kimi, dünyada yeni Azərbaycan musiqisinin təbliğində önəmli rol oynamış bir şəxsdir. Bir vaxtlar
“Sonor” adlı ansamblla uzaq ölkələrdə, o cümlədən Almaniyada möhtəşəm konsertlər verib. Yəni onun “faşizm”lə bağlılığı olsa-olsa bu qədər…
Bu məsələnin davamı olaraq başqa bir təsirli epizoda toxunmaq istərdim… Azərbaycanın azadlıq mücadiləsində müstəsna xidmətləri olan şəxslərdən biri Həsən Kərimovun həyatını polis idarəsində təhlükədən yazıçı Fərman Kərimzadənin müstəntiq oğlu xilas edib. Bu hadisə mənə Polanskinin Oskar mükafatlı “Pianoçu” filmini xatırlatdı. Baxanlar bilir ki, məşhur polşalı bəstəkar Vladislav Şpilmanın həyatından bəhs edən bu filmdə həmin musiqiçini də müharibədən əvvəl müəllim işləmiş və faşist rejiminin hərbçisi olmaq zorunda qalmış Hozenfeld adlı alman xilas etmişdi…
Üçüncü epizod cəlilabadlı cəbhəçi Təzəxan Mirələmlinin ailəsinin başına gətirilənlərlə bağlıdır. Bu sistemin bir qrup ssenari yazarı mitinqdə polis tərəfindən vəhşicəsinə döyülən Mirələmlidən qisas almaq üçün onun məktəbli oğlunu öz sinif yoldaşı ilə münaqişəyə çəkərək inanılmaz bir faciənin müəllifi oldular. Nəticədə gənclərdən birinin ölümü, o birinin dəlilsiz-sübutsuz məhkumluğu ilə sonuclanan hadisə baş verdi. Dəhşətli səhnədir, deyilmi? Hadisənin baş verdiyi rayondan gələn xəbərlərdə icra strukturlarının, hüquq-mühafizə orqanlarının, hətta məktəb rəhbərliyinin müxalifətçi ailəsinə qarşı “səlib yürüşü”nə çıxdığı söylənirdi. Bu sistemdən gözlənəcək bir şey də yox. Belə qansızlığa səbəb olan bir rejimdə kimə nə sübut edəcəksən? Kim müdafiə edəcək bu məsum, bəlkə də hələ nə olduğunu doğru-dürüst anlaya bilməyən gənci?
Al Paçinonun “Qadın ətri” filmində oynadığı kor zabit kimi bir qəhrəmanın ortaya çıxıb bu həqiqəti riyakar, ikiüzlü “ssenaristlər”in üzünə çırpacağını gözləmək sadəlövhlük olmazmı: “Mən hakim və ya məhkəmə deyiləm. Ancaq sizə bunu deyə bilərəm: o öz gələcəyini qazanmaq üçün heç kimi satmayacaq. Əziz dostlarım, bunun adına ləyaqət deyirlər! Bunun adına cəsarət deyirlər! Bu həmin şeydir ki, onu müqəvva rəhbərlər etməlidirlər. Mən həyatımın yolayrıcını keçib gəlmişəm. Mən hər zaman doğru yolun nə olduğunu bilirdim. Istisnasız olaraq bilirdim. Amma heç vaxt onu seçmədim. Bilirsinizmi niyə? Çünki, o lənətə gəlmiş yol çox çətin idi. Indi bu yerdə Çarli dayanıb. O, yolayrıcına gəlib çıxıb. O, öz yolunu seçib. Bu, doğru bir yoldur. Bu, prinsip yaradan, xarakterə aparan bir yoldur. Ona öz yoluna davam etməyə izn verin! Bu oğlanın gələcəyi sizin əlinizdədir. Bu, qiymətli bir gələcəkdir. Inanın mənə. Onu məhv etməyin! Ona dəstək verin. Bir gün bununla fəxr etmiş olacaqsınız – mən sizi əmin edirəm”.
Filmdə kor zabitin bu çıxışı öz günahkar məktəbli yoldaşını satmaq istəməyən oğlanı xilas etmişdi. Bizdə isə həqiqətin gözlərini kor ediblər, onun açılması üçün ciddi əməliyyata ehtiyac var.