Gəncə şəhər Nizami rayonunun rəhbəri bir müddət də vəzifədə qalmaq üçün «müalicə» olunur
Gəncənin icra başçısı Elmar Vəliyev sələfi Eldar Əzizovun kadrlarını “vurmaqda” davam edir. Yayılan məlumatlara görə, Elmar Vəliyev icra hakimiyyətində daha bir müavini – Akif Ələkbərovu vəzifəsindən azad edib.
Məlumatlarda həmçinin deyilir ki, o, Gəncə şəhər Nizami rayonunun icra başçısı Paşa Paşayevi işdən çıxarmaq istəyir. Doğrudur, bu Ilham Əliyevin səlahiyyətinə aid məsələdir. Lakin Gəncənin rayonlarına yüksək təyinatlarda və ya işdən çıxarılmalarda şəhər rəhbərinin təqdimatı əsas götürülür. Məlumatlarda deyilir ki, Paşa Paşayev Elmar Vəliyevin bu planından xəbər tutaraq vaxtı uzatmağa çalışır. Bildirilir ki, Paşa Paşayev bu məqsədlə səhhətində problem olması görüntüsünü yaradaraq özünü xəstəxanaya saldırıb. Lakin onun bu vasitə ilə bir müddət də postunda qalmasını təmin edəcəyi inandırıcı görünmür. Çünki artıq Elmar Vəliyevin Paşa Paşayevlə bağlı təqdimat hazırladığı deyilir. Qeyd edək ki, Paşa Paşayev də Eldar Əzizova yaxın şəxslərdən sayılır.
İnformasiya şöbəsi