Bu qədər də hüznlü gün olar?

31 mart 1918-ci il.
Bakıda, Şamaxıda və digər məkanlarda ermənilər soyqırım törətdilər.
Hər il matəm saxlayırıq bu günə.
20 yanvar 1990-cı il.
Rus qoşunları dinc əhalini gülləbaran etdi.
Ümumxalq hüzn gününə çevirmişik o günü.
26 fevral 1992-ci il. Ermənilər Xocalıda qətliam etdilər.
Fevralın 26-da Xocalı faciəsi qurbanlarını dərin hüznlə yad edirik.
Hər il:
– may ayının 18-də Laçın üçün ağlayırıq;
– aprel ayının 2-də Kəlbəcərə göz yaşı tökürük;
– 23 iyulda Ağdama yas qururuq;
– 23 avqustda Cəbrayıl və Füzulini hüznlə yad edirik;
– 31 avqustda “Qubadlı” deyib havar təpirik;
– 29 oktyabrda Zəngilana ağı deyirik;
– azərbaycanlıların repressiyaya məruz qalmasına yas qururuq;
– soydaşlarımızın Ermənistandan deportasiyasını yana-yana xatırlayırıq;
– Qubada Kütləvi Soyqırım Məzarlığında qara geyinirik.;
– Şuşa üçün ağlayırıq;
– Xankəndi üçün ağlayırıq;
– “Qarabağ” deyib saçımızı yoluruq, başımıza döyürük…
Bu qədər də hüznlü gün olar, Ilahi?
Bu xalq yalnız hüznlə yaşamaq üçün xəlq edildi?
Qürurlu və qəhrəman TÜRK millətinin Azərbaycanda məskunlaşmış bir qolu qürursuz və qorxaq yaşamağa məhkummu?
Suallar neştər kimi adamın içini dağıdır.
Utanıb xəcalət çəkmədən analoqsuz inkişafdan, ordunun gücündən, iqtidarın qüdrətindən danışanların bu suala cavab verməsi lazım.
Dövlətin Ali Baş Komandanı görəvinin sahibinin bu suala cavab verməsi lazım.
Nədən ki, ən böyük məsuliyyət məhz onun boynundadır…
Son 100 ildə bir millətin başına açılan müsibətlərin sayı-hesabı itib.
Millət ağlamağı, yas tutmağı, gözüqıpıqlığı, acizliyi, qorxaqlığı şüurlu-şüursuz şəkildə qanına hopdurub.
Faciəmizdir bu.
Hakimiyyət hərisliyi sayəsində adamların içində patoloji qürur formalaşıb.
Baxın, yaxın tariximizə.
Kimlərlə qürur duymağı aşıladılar bizə.
Koroğlu ilə.
Qatır Məmmədlə.
Əzizbəyovla, Şaumyanla, Fialetovla…
Bunları bilərəkdən dövriyyəyə soxdular ki, Cavad xan, Soltan bəy yaddan çıxsın, unudulsun.
Unudulsun ki, millət manqurtlaşsın.
Taxt-tacın ömrü uzansın…
Bu millətin yasdan çıxması gərək.
Hüznlü günlərdən ibrət götürmək gərək.
Bu millətin göz yaşı tökməkdən, havar təpməkdən, gözüqıpıqlıqdan, qürursuzluqdan, qorxaqlıqdan qurtulması gərək.
Bunun üçün Azərbaycanda yeni bir tarix yazılmalıdır.
Millətin mənsub olduğu TÜRK soyuna, TÜRK kökünə uyğun tarix yazılmalıdır.
Gələcək nəsillərin qürur duya biləcəyi tarix yazılmalıdır.
Qəbirüstü möhtəşəm abidələr yox, heykəllər yox, büstlər yox, bir ZƏFƏR TAĞI – QƏLƏBƏ ABIDƏSI ucaldılmalıdır Azərbaycanda.
Millətin yalnız buna ehtiyacı var.
Ki, gələcək nəsillər o abidənin önünə cəm olub qəhrəman ata-babalarını hörmət və ehtiramla yad etsinlər.
Millət məhz o zaman adını millətlərin siyahısında görəcək.
Buna nail olmasaq, ömrümüz ağlamaqla, qorxaqlıqla, riyakarlıqla keçəcək.
Və gələcək nəsillər məzar daşlarımıza tüpürəcək, bizi lənətləyəcək…