Cənubi Azərbaycanın milli qəhrəmanı Seyid Cəfər Pişəvəri…
Elə şəxsiyyətlər var ki, tarixin böyük və önəmli bir mərhələsi onların adı ilə bağlıdır. Onlardan biri keçən əsrdə Güney Azərbaycanda qurulmuş ilk Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvəridir. Onun 1941-46-cı illərdə Iranın və Güney Azərbaycanın xalq hərəkatında unudulmaz, yaddaqalan xidmətləri demokratik ictimaiyyət, gənc nəsil tərəfindən bu gün də ehtiramla yad edilir.
Pişəvərinin 55 illik həyatının siyasi istiqamətinə, məfkurə və düşüncə tərzinə birmənalı yanaşmaq mürəkkəb və çətindir. Maraqlıdır ki, S.C.Pişəvəri ilk məqalələrini Məhəmməd Əmin Rəsulzadənin Bakıda nəşr etdirdiyi “Açıq söz” qəzetində çap etdirmişdi.
Pişəvərinin həyatı, siyasi fəaliyyəti həmin dövrə uyğun əhatəli olub. Bu səbəbdən də onu fərqli mövqelərdən dəyərləndirirlər. Ancaq kimin necə dəyər verməsindən asılı
olmayaraq, S.C.Pişəvəri dövrünün görkəmli, dərin təfəkkürlü, millətini sevən, vətəninə bağlı siyasi-ədəbi və dövlət xadimidir.
Seyid Cəfər Pişəvəri 1892-ci ildə Cənubi Azərbaycanda, Xalxal yaxınlığındakı Ziviyə kəndində anadan olmuşdur. 13 yaşında ikən ailəsi Bakıya köçmüş, o zamankı Bakı mühiti, gənc Cəfərin gələcəkdəki həyat yolu üzərində təyinedici bir rol oynamışdır. Irana döndükdən sonra “Ittihad” məktəbini ən yaxşı dərəcə ilə bitirib, eyni məktəbdə müəllimlik etmişdir.
Jurnalistika fəaliyyətinə 1918-ci ildən sonra başlamış, daha gənc yaşlarında ikən “Azadlıq”, “Yoldaş”, “Kommunist”, “Həqiqət” kimi qəzetlərdə yazıları nəşr olunmuşdur.
Iranda inqilabi hərəkatın güclənməsi ilə əlaqədar 1920-ci ilin may ayında Pişəvəri Irana gedir, Gilan əyalətində baş vermiş Cəngəlilər hərəkatının başçısı Kiçik Xanla görüşür. Iyun ayında Gilanda yaranmış inqilabi dövlətin xarici işlər naziri təyin olunur. Sonra Iranda inqilabi qüvvələri birləşdirmək üçün Iran Kommunist Firqəsinin yaranmasında, firqənin 1920-ci ilin iyun ayında Ənzəli şəhərində keçirilən I qurultayında Mərkəzi Komitənin üzvü və ideoloji işlər üzrə katib seçilir.
1921-ci ildə Pişəvəri Iran Həmkarlar Ittifaqının orqanı olan “Həqiqət” qəzetinin redaktoru olur. O, yorulmadan bütün varlığını irtica və imperializm əleyhinə mübarizəyə həsr edir. 1923-cü ilə qədər Iranın bir çox şəhərlərində nəşr olunan qəzetlərə məqalələr yazır. 1922-ci ildə Tehranda polis təzyiqinin artması ilə əlaqədar “Həqiqət” qəzeti bağlanır. 1923-cü ilə qədər o, Isfahan şəhərində gizli fəaliyyət göstərir.
“Qəsri-Qacar” zindanında
Rza şahın iş başına gəlməsi ilə polis təqibləri güclənir, qəzet və jurnalların çap edilməsi çətinləşir. Bu fəaliyyət ağır şəraitdə 9 il davam edir. 1930-cu ildə Pişəvəri həbs olunur və 11 il həbsdə qalır. “Qəsri-Qacar” adlanan zindanda bütün işgəncələrə baxmayaraq Pişəvəri öz mübarizəsini davam etdirir.
II dünya müharibəsinin başlanması Rza şah diktaturasının yıxılması ilə nəticələnir. Pişəvəri 1941-ci il sentyabr ayında həbsdən buraxılıb Tehrana gəlir. 1941-ci ildə Iran Xalq partiyasının yaranmasında fəal iştirak edir, 1943-cü il may ayının 23-də nəşr etdirdiyi “Acer” qəzetinin ilk nömrəsini Iran ictimaiyyətinə təqdim edir. Pişəvəri redaktoru olduğu “Acer” qəzeti vasitəsilə Rza şahı, onunla birlikdə xalq kütlələrini vəhşicəsinə soyan və Iranın müstəmləkəyə çevrilməsinə kömək edən irticanı ifşa edir.
1944-cü ildə Pişəvəri Azərbaycandan XIV Şura Məclisinə deputat seçilmiş olsa da, Iran irticası onun deputatlığını rədd edir. Pişəvəri Iranda nəşr olunan 44 mütərəqqi qəzeti birləşdirib “Cəbheyi-azadi” (Azadlıq cəbhəsi) yaratmışdır.
Bu qəzetlər vasitəsilə Pişəvəri Iran xalqlarının irtica və imperializm əleyhinə mübarizəsinə, ölkənin inqilabi qüvvələrini birləşdirməyə çalışmışdır.
S.C.Pişəvəri Azərbaycanda yaranmış inqilabi şəraiti dərk edərək Azərbaycan Demokrat Firqəsini yaratmışdır. Pişəvərinin təşkilatçılıq fəaliyyəti, rəhbərlik istedadı və geniş dünyagörüşü sayəsində Azərbaycan Demokrat Firqəsi qısa müddət ərzində Azərbaycanın bütün zəhmətkeş təbəqələrini və milli qüvvələrini öz bayrağı altında birləşdirib tarixi xalq hərəkatını yarada bilmişdir. 1945-ci ilin oktyabr ayında keçirilən ADF-nin I qurultayı Pişəvərini Mərkəzi Komitənin sədri seçmişdir. ADF-nin orqanı olan “Azərbaycan” qəzeti vasitəsilə Azərbaycan xalqı qarşısında duran vəzifələr və “21 Azər” hərəkatının hazırlanması taktikası Pişəvərinin rəhbərliyi altında həyata keçirilir.
1945-ci il dekabr ayının 12-də “21 Azər” hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin Baş naziri təyin edilmişdir. Məhz həmin hökumətin Iranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı. Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli hökumət il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir. Bu tədbirlər inkaredilməzdir.
Boğulan milli hökumət
1946-cı ildə S.C.Pişəvəri başçılıq etdiyi hökumət adından BMT-yə müraciət edərək, Azərbaycan Milli Hökumətinin tanınmasını istəmişdi. Həmin müraciətdə Azərbaycan türklərinin milli müqəddəratını təyin etməsi, onların Azərbaycanı idarə etməsi üçün yetərincə güclərinin olduğu vurğulanmışdı. Onun ölümü də hələ müəmma olaraq qalmaqdadır. 1947-ci il iyunun 11-də səhər saat 6-da S.C.Pişəvəri, Nuru Quliyev, general Qulam Yəhyanın oturduğu “Ford” markalı maşını erməni sürücü Qarnik Melikyan idarə edirdi. Həmişə arxa oturacaqda əyləşən Pişəvərini bu dəfə ön oturacaqda, sürücünün sağında oturdublar. Yevlaxa 14-15 km qalmış “Ford” yolun sağındakı beton divara zərbə ilə dəyir. Sürücüdən başqa sərnişinlərin hər üçü xəsarət alsa da, yalnız S.C.Pişəvəri xəstəxanada dünyasını dəyişir.
Seyid Cəfər Pişəvərinin taleyi barədə nəvəsi Ibrahim Pişəvərinin dedikləri: “Babam S.C.Pişəvərinin taleyinə gəlincə, burada maraqlı məqamlar var. Haqqında danışdığım idealist siyasətin axarında Pişəvəri hökuməti də olub və Pişəvəri hökumətinin həqiqi hədəfləri Moskva siyasətinin gücünə günbəgün dəyişməli olub. Yəni, bu hədəflər o qədər dəyişdirilib ki, Azərbaycan siyasi hazırlıq aparılmadan Irandan ayrılmalı olub. Indi əsərlər var ki, bu ”siyasi teatrın” kökünü Moskvanın qoyduğunu sübut edir. Bütün bu siyasət Rusiyanın Xəzərdəki Iran neft yataqlarına olan imtiyazları ələ keçirməsinə xidmət edib və həmin imtiyazı qazandıqdan sonra S.C.Pişəvərini də, Azərbaycan xalqını da qurban verdilər.
Babamın həkimi doktor Cahanşah babamın vəfatı ilə bağlı danışır ki, S.C.Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha özünün aradan götürülməsi istəyi olduğunu söyləyib. Doktor Cahanşah babama Moskvaya getməyi məsləhət bilib. Amma babam deyib ki, bu, elə Moskvanın siyasətidir və Moskvaya da getsə, nəticə birdir, aradan götürülməyi gündəmdə qalır.
Doktor Cahanşah danışır ki, üç gündən sonra S.C.Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdüyünü eşidib, yanına gedib, babamın keyfi yaxşı olub və bəzi mülahizələri nəzərə alaraq, xəstəxanada qalmalı olmadığını, evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə “hələ evə getməsinə icazə yoxdur” cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Doktor Cahanşah həmin hadisənin sabahı günü Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun zəng edərək onu yanına çağırdığını deyib və maşınla xəstəxanaya yola düşdükdə S.C.Pişəvərinin vəfat etdiyini bildirib. Dr.Cahanşah xəstəxananın həyətinə çatanda, burada Güneydən olan bir dəstə şəxs, o cümlədən S.C.Pişəvərinin xanımı onun yanına getmək üçün gözləyirmiş. Doktor Cahanşahın sözlərinə görə, M.C.Bağırov heç kimi babasının yanına qoymayıb. O, S.C.Pişəvərinin bədənində qəzadan hər hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə gördüyünü deyib…
AMEA Şərqşünaslıq Institutu Güney Azərbaycanı Araşdırma Qrupunun əməkdaşı, tanınmış araşdırmaçı Əkrəm Rəhimli bu hərəkatı, xüsusilə Seyid Cəfər Pişəvərinin həyat və fəaliyyətini hərtərəfli araşdırıb və “Mübarizə burulğanında keçən ömür – Seyid Cəfər Pişəvəri” kitabını ərsəyə gətirib. Kitabda S.C.Pişəvərinin həyatı, fəaliyyətilə bağlı bütün məlumatlar öz əksini tapıb. Kitab Seyid Cəfər Pişəvərinin, habelə Cənubi Azərbaycanın azadlığı yolunda canlarına fəda etmiş insanların xatirəsinə ithaf edilib…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir