Samir Əliyev: «Borcların silinməsi iqtisadi baxımdan səmərəsiz, siyasi baxımdan kütləyə hesablanmış addımdır»
Məlum olduğu kimi, Ilham Əliyevin fərmanına əsasən, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silindi. Lakin bu məbləğin həqiqi olub-olmadığı da şübhə doğurur. Çünki təkcə “Azadlıq” qəzetinə dəfələrlə şikayətlər daxil olub ki, əhaliyə istifadə etdiyindən artıq su borcu yazılıb. Bəzən bu məbləğ bir neçə yüz manatla ölçülüb. Görünür, belə hesablamalarla borcun məbləği 294,2 milyon manata çatıb. Bu da növbəti dəfə korrupsiyaya yol açır. Bu məbləğin hansı hissəsi korrupsiyanın qurbanına çevriləcək və bunun qarşısını almaq üçün hansı addımlar atıla bilər?
Iqtisadçı-ekspert Samir Əliyevin fikrincə, əhalinin kommunal borclarının silinməsi sosial baxımdan cəlbedici görünə bilərdi. Ancaq məsələyə başqa prizmadan yanaşanda bu addımı heç cür dəstəkləmək olmur. Ən azı iqtisadi baxımdan heç də səmərəli addım deyil.
Ekspertin sözlərinə görə, borcları araşdırdıqda sadə vətəndaşların borclarının az olduğu ortaya çıxır. Borcların böyük hissəsi isə ayrı-ayrı dövlət qurumlarınındır: “Sadə vətəndaşlar istifadə etdiyi suyun pulunu vaxtlı-vaxtında ödəyir. Göstərilən borclar isə süni şəkildə yaradılır. Yəni dövlət qurumlarının fəaliyyətini düzgün qurmaması nəticəsində borc yaranır və bu, əhalinin adına yazılır. Indi də həmin borcların silinməsi məsələsi ortaya atılır”.
Ekspert kommunal xidmətlərə görə borcların bu yolla silinməsini dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi kimi qiymətləndirir: “Dövlət büdcəsindən hər il milyardlarla dollar vəsait müəyyən investisiya layihələrinə ayrılır. Burada söhbət həm də qaz, su, işıq xətlərinin çəkilməsi, infrastrukturun qurulmasından gedir. Bir müddətdən sonra qiymətlər artırılır. Üstündən bir müddət də keçəndən sonra dövlət büdcəsindən yenidən vəsait ayrılır ki, yaranmış borclar silinsin. Bir tərəfdən dövlət vəsaiti xərcləyir infrastruktur qurur, digər tərəfdən yenə də vəsait ayırıb borcları silirlər. Bu da vəsaitin səmərəsiz xərclənməsi kimi dəyərləndirilməlidir”.
S.Əliyev hesab edir ki, hökumət ilk növbədə belə borcların yaranmasına imkan verməməlidir. Digər tərəfdən, hesablama düzgün və şəffaf şəkildə aparılmalıdır. Ekspert bunu iqtisadi baxımdan səmərəsiz, daha çox siyasi baxımdan kütləyə hesablanmış addım kimi dəyərləndirdi.
Fizzə