Bakıda 3 ay əvvəl dəhşətli qətl oldu. Cavan bir oğlanın – Elvin Əsgərovun morqdan fotoları yayıldı. Fotodakı meyitdə o qədər xəsarət izləri vardı ki, ona baxmaq üçün adamdan dəmir əsəb, 8 kameralı ürək tələb olunurdu. Az keçmədi ki, Elvinin anası və bir sıra hüquq müdafiəçiləri ortaya çıxdı və bu qətlin günahkarının polis olduğunu iddia etdilər. Polislər Elvini döyüb öldürmüşdülər…
Elvinin anası Nizami rayonunda müəllimədir. Biz onun haqsız yerə oğlunu öldürənləri qınayan bir kolleqasını da görmədik. Bir allahın qulu müəllim qəzetlərə bəyanat, mövqe yollayıb bu qətli pisləmədi. Onlar haqsızlıq qarşısında quzu susqunluğu göstərdilər.
Bu köhnə hadisəni Cəlilabadda AXCP-nin yerli şöbə sədrinə -Təzəxan Mirələmliyə qarşı rayon pedaqoji kollektivinin etiraz aksiyalarını izləyərkən xatırladım.
Bilənlər bilir, Təzəxan müəllimin oğlu atası müxalifətçi olduğuna görə şiddətli mənəvi terrora məruz qalıb, onu şagird yoldaşları ilə davaya cəlb ediblər, insident nəticəsində bir şagird ölüb.
Ataya görə oğulun, oğula görə atanın ittiham edilməsinin qanunla qadağan olunduğu bir ölkədə bu hadisəyə görə Cəlilabadda “Linç məhkəməsi” quruldu. Zəhmətkeş müəllimlər Təzəxan müəllimin evi önündə aksiya keçirdi. Meyit hələ dəfn olunmamış onlar bunu edirdilər. “Ölü canlar” uşaq meyitini siyasi alver predmetinə çevirdilər…
Cəlilabad müəllimi Bakıdakı müəllimdən çoxmu fərqlidir? Nəyə görə Bakıda öldürülən gəncin anası müəllim ola-ola böyük pedaqoji kollektivlər “bu qan yerdə qalmasın” demədilər?
Azərbaycanda hər gün intihar, qətllər baş verir, hər kəs onları “uf” demədən izləyir. Ancaq haqlı, haqsız, qətldə adı keçənin birinin valideyni müxalifətçi olan kimi “ictimaiyyət”də qəzəb vulkanı püskürür? Idbarlığı bu həddə çatdıranların ağlı var da deyə bilmirəm, yox da.
Dünyanı ikili siyasət yürütməkdə qınayaraq, camaatın başını piyləyən hakimiyyət Cəlilabad olayı ilə özünü zəlil günə saldı. Hamı bir daha anladı ki, bizim dünya birliyi ilə yox, feodal zehniyyətli hakimiyyətlə problemimiz var. Ikili siyasətlə insanlara əzab, kədər yaşadan bir təsisat varsa da o, Azərbaycan hakimiyyətidir.
AzTV-nin bacarmadığını müxalifət bacardı
“Ölkəmizdə bu cür abadlıq işləri aparılır, onları etiraf etməmək korluq olardı”- bu sözləri deyib bir nəfər guya müxalifətdən istefa etdi. Telekanalda bunu gördüm. O adam 2 aprel aksiyasına etiraz xorunda oxuyanlardan idi. Hələ də çaş-baş qalmışam. Bilmirəm, o adam müxalifətin aksiyasını yersiz saydığına görə etiraz etdi, yoxsa abadlıq işlərini çox bəyəndiyinə görəmi?
Ondan sonra danışanların məntiqindən belə anladım ki, çoxlarının bəsirət gözünü 2 aprel aksiyası açıb.
Madam ki, 2 aprel aksiyasından sonra müxalifətdən, AzTV-nin təbirincə desək, kütləvi şəkildə YAP-a üz tuturlar, o zaman heydərçilər zirək tərpənsinlər; məncə, müxalifətə Fəvvarələr meydanında 5-6 aksiyaya icazə verməklə onun sıralarını tam seyrəltmək olar.
Ilahi, nə qədər nadan adamlar varmış, AzTV, Ilham Əliyev 8 ildir ölkənin analoqsuz inkişafından danışır, buna inanmırlar, ancaq elə ki müxalifət bir aksiya keçirir, bahoo, gözlər cənnətdən savayı nəsə görmür.
Sınma nöqtəsi
17 aprelə Ictimai Palata növbəti mitinqi təyin etdi. Bu xəbəri müxalifətçi dostlarımla belə bölüşdüm: “17 şüşə sındırmağa gedirik. Ancaq mağaza şüşələrini yox, divin canı olan şüşəni”…