Afrika Birliyinin atəşkəs təklifini qəbul edən Liviya diktatorunun istefası müzakirə olunur
Liviya diktatoru Müəmmər Qəzzafi Afrika Birliyinin nümayəndə heyətinin irəli sürdüyü atəşkəs planını qəbul edib. Vasitəçilik missiyasını üzərinə götürən Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma Müəmmər Qəzzafi ilə danışıqlardan sonra bu barədə məlumat verib.
Liviyadakı münaqişənin həllilə bağlı şərtlərin təfərrüatları açıqlanmasa da, danışıqlar zamanı Müəmmər Qəzzafinin istefası məsələsinin də müzakirə mövzusu olduğu bildirilir.
Xatırladaq ki, Cənubi Afrika Respublikası, Mavritaniya, Mali və Konqonun prezidentləri, Uqandanın isə xarici işlər naziri ötən gün Liviya paytaxtı Tripolidə Müəmmər Qəzzafi ilə bu ölkədə atəşkəsin şərtlərini müzakirə ediblər. NATO rəhbərliyi Afrika Birliyinin nümayəndə heyətinin Liviyaya uçuşuna icazə verib. Vasitəçilərin bu günə Benqazi şəhərində üsyançıların liderlərilə danışıqları da planlaşdırılıb.
“Demokratiya, vətən, ailəmin rifahı naminə silaha sarıldım”
ANS telekanalının prezidenti Vahid Mustafayev Liviyanın Əcdəbiyə və əl-Breqa şəhərləri arasındakı hissədə üsyançı qrupun rəhbəri Esan Abdullahla söhbət edib. Müsahibəni qısa ixtisarla təqdim edirik:
– Bu yer restoran olub. Burada hər şey Qəzzafinin qüvvələri tərəfindən darmadağın edilib. Bütün bunlar Qəzzafinin törətdiyi vəhşiliklərdir. Onlar bizlərə qarşı tanklardan, silahlardan istifadə edirdilər. Koalisiya qüvvələri dayanandan sonra, Qəzzafi qüvvələri yenidən hücuma keçdi. Sonra mənim kimi mülki şəxslər, cavanlar üsyançılara qoşuldular. Mən özüm mühəndisəm. Heç vaxt əlimdə silah saxlamamışam. Mən bu barədə heç nə bilmirdim. Lakin demokratiya, vətən, ailəmin rifahı naminə silaha sarıldım. Bizim pulumuz niyə başqa yerlərdə olmalıdır? Nəyə görə bizim sərvətlərimizdən yalnız Qəzzafi və onun uşaqları yararlanmalıdır? Buna görə də mən silaha sarıldım ki, vətənimizi azad edək.
– Sizcə, Qəzzafi hakimiyyətdə qala bilərmi?
– Yox. Qəzzafi getməlidir. O artıq gedib. Bütün pulları belə, onu hakimiyyətdə saxlaya bilməz. Biz deyirik ki, o, artıq gedib. Liviyada daha belə adam yoxdur. Həm özü, həm ailəsi, həm də burada tikdiyi hər şey.
– Qəzzafi deyib ki, üsyançıların hamısı terrorçulardır. Siz bu barədə nə düşünürsünüz?
– Yox, elə deyil. Qəzzafi yaxşı adam deyil. O, yalançıdır. Kim öz ac, yoxsul camaatına “xoşbəxt” deyər? Biz bunu öz gözlərimizlə gördük ki, Qəzzafi qüvvələri adamların başını kəsib, dənizə atırdı. Onların arasında 20 qız da vardı. Onlar küçələrdə adamları öldürür, sonra deyirdilər ki, bunu guya biz edirik. O və onun kimi adamlar Liviyada qalmamalıdır.
– Yəni siz Benqazidə yaşayırsız, buraya isə Qəzzafi ilə mübarizə aparmaq üçün gəlirsiniz? Yəni, peşəkar hərbçi deyilsiz?
– Peşəkar deyiləm. Mənim silahım balaca və köhnədir. Liviyada gündə 1.5 milyon barrel neft çıxarılır. Bu, rəsmi rəqəmdir. Əslində isə, gündə 2 milyon barreldən çox neft çıxarılır. Hesablayın, əgər 1 barrel neftin qiyməti 50 və ya 100 dollar olarsa, bu, gündə nə qədər edir? Bəs 1 ildə nə qədər edir? Bu pullar şəxsi ciblərə gedir.
– Sizin kifayət qədər sursatınız varmı?
– Siz silahları soruşursunuz? Onun silahı yoxdur, bunun da silahı yoxdur. Amma bizim Allahımız var. Bizi Allah qoruyur. Bizim silahımız Allahdır. Allah bizimlədir. Liviyada azadlıq və demokratiya olacaq!