Əliyevləri ifşa edən dəhşətli statistika açıqlandı

2006-2010-cu illərdə büdcənin 34,5 faizi – 15 milyarda yaxın vəsait korrupsiya layihələrinə xərclənib

İctimai Palatanın Iqtisadiyyat Komissiyasının sədri Qubad İbadoğlu Azərbaycandakı iqtisadi vəziyyətlə bağlı şok faktlar açıqlayıb. Qubad Ibadoğlu bu faktları rəsmi statistik məlumatlar və apardığı tədqiqatlar əsasında üzə çıxarıb. Bu faktları oxucuların diqqətinə çatdırırıq.

İqtisadiyyat hazırkı formada idarə olunarsa ÜDM ən azı 20 faiz azalacaq

Avropa Yenidənqurma və Inkişaf Bankı 2011-ci ildə Azərbaycan üçün 3.5 faizlik iqtisadi artım tempi (real ÜDM-in faiz artımı) proqnozlaşdırır ki, bu da Şərqi Avropa, Cənubi Qafqaz və Orta Asiya regionunun digər ölkələri ilə müqayisədə nisbətən aşağı göstəricidir.
Beynəlxalq Valyuta Fondunun ekspertlərinin hesablamlarına görə, əgər Azərbaycan iqtisadiyyatı hazırkı formada (inzaibati qaydada və neft-qaz sektorunun dominantlığı şəraitində) idarə olunarsa, bu halda 2024-cü ildə real ÜDM-in səviyyəsi 2010-cu il ÜDM-dən ən azı 20 faiz azala bilər. 2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,0 faiz artaraq 41,6 milyard manata çatıb. Nəzərə alsaq ki, 2024-cü ildə təbii artım tempi ilə Azərbaycanda əhalinin sayı indikindən çox olacaq, onda adambaşına düşən ÜDM-in həcmi hazırkı 4 min 653,3 manatdan 3 min 500 manat səviyyəsinə düşə bilər.

Neftdən hər ailə başına ildə 16 min 200 dollar vəsait daxil olur

Hesablamalara görə, dünya bazarında neftin hazırkı qiymətləri ilə Azərbaycana hər gün 90 milyon dollara qədər vəsait daxil olur. Bu ayda 2,7 milyard, ildə 30 milyard dollardan çoxdur. Bu məbləği adambaşına bölsək gündə 10 dollar, ayda 300 dollar, ildə isə 3600 dollar deməkdir. Orta statistik azərbaycanlı ailəsinə (4,5 nəfərə) hesablayanda bu o deməkdir ki, hər ailə başına ildə 16.200 dollar vəsait ölkəyə yalnız neft satışından daxil olur.
Ötən il Azərbaycan neftinin orta illik ixrac qiyməti 1 barrel üçün 78,2 dollar olub. Halbuki dünya bazarında neftin orta qiyməti 79,68 dollar təşkil edib. Bu iki rəqəm arasındakı bu qədər fərq milyardlarla məbləği ifadə edir və ciddi narahatçılıq doğurur.
2010-cu il yanvar ayının 1-nədək Azərbaycan neftdən 45 milyard 200 milyon dollar gəlir əldə edib ki, onun da 22 milyard 435 milyon dolları xərclənib. Bu gün həddindən artıq xərcləmək sabah daha az xərcləməyə səbəb olur və bu, gələcək nəsillərə neftdən çatacaq payı azaldır. Daha çox xərcləmələr xüsusilə də şəffaflığın aşağı və dövlət maliyyə nəzarətinin zəif olduğu halda səmərəsizliyi artırır.
2006-2010-cu illərdə dövlət büdcə xərcləmələri 43 milyard 408,4 milyon AZN təşkil edib ki, onun da yalnız 10 milyard manata qədəri əmək haqqı və pensiyaların ödənilməsinə yönəlib. Bu dövr ərzində hökumətin həyata keçirdiyi xərcləmələrdən ən çox faydalanan enerji və nəqliyyat (investisiyalar əsasən bu sektorlara yönəldilib), dövlət idarəçiliyi, təhsil və müdafiə sektorları olub.

Qeyri-neft büdcəsinin gəlirlərinə görə Gürcüstandan geri qalırıq

Ötən 5 il ərzində (2006-2010-ci illər üzrə) dövlət büdcəsindən 14 milyard 820,1 milyon manat yalnız investisiya xərclərinə  yönəldilib ki, bu həmin illər üzrə xərclənmiş cəmi büdcə vəsaitlərinin 34,5 faizini təşkil edir. Son 5 ildə təhsilə dövlət büdcəsindən 4 milyard 211,1 milyon AZN vəsait xərclənib.
2010-cu ildə Azərbaycan dövlət büdcəsinin ümumi gəlirləri 11 milyard 400 milyon manat, qeyri-neft büdcəsinin gəlirləri 4 milyard 223 milyon manat olub ki, bu da büdcə gəlirlərinin 63 faizinin neft gəlirləri hesabına formalaşmasını təsdiq edir. Azərbaycanın adambaşına düşən qeyri-neft büdcəsinin gəlirləri cəmisi 470 manat təşkil edir ki, bu da Gürcüstanla müqayisədə 1,5 dəfəyədək azdır.

Neft pulları necə göyə sovrulur?

2011-ci ilə qədər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi 747 milyon manat, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payına 625 milyon 720.2 min manat;  Əzizbəyov metro dairəsindən Bakı Beynəlxalq Aeroportuna gedən avtomobil yolunun layihələndirilməsi, tikintisi, (14 km), tikinti zolağına düşən mühəndis xətlərinin köçürülməsi – 360 milyon 499.6 min manat, Qusar rayonunda turizm infrastrukturunun layihə-smeta sənədlərinin hazırlanması və tikintisi üçün  279 milyon 600 min manat, Heydər Əliyev Hava Limanı – Mərdəkan dairəsi – Bilgəh mövcud avtomobil yolunun (19 km) 6 cərgəli hərəkət yolu kimi yenidən qurulması üçün 250 milyon manat, Bakı şəhərində Heydər Əliyev adına mərkəzin tikintisi üçün 4 il ərzində (2007-2010) 171 milyon 256 min manat;  Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəşisməsində (“Əzizbəyov” metro stansiyası dairəsi) yol qovşağının tikintisi, tikinti zolağına düşən mühəndis xətlərinin və tikililərin köçürülməsi üçün 147 milyon 191.3 min manat xərclənib.
Dövlət büdcəsindən təmir xərcləri üzrə Heydər Əliyev adına Sarayın binasında təmir-yenidənqurma işləri üçün 49 milyon 681 min manat, Bakıda Səadət Sarayının bərpası üçün 42 milyon 887.6 min manat, Akademik Milli Dram Teatrında təmir-bərpa və yenidənqurma işləri üçün 31 milyon 570 min manat,     Nizami kinoteatrının binasının təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması və bərpa-yenidənqurma işləri üçün 25 milyon manat xərclənib.

Oliqarxlar gətirdikləri məhsulları dəyərindən dəfələrlə baha qiymətə satır

Tədqiqatlar göstərir ki, 2003-2009-ci illərin idxal statistikasında 16 ölkə üzrə kənarlaşma məbləği 10 milyard 645 milyon 900 dollar təşkil edib. Aşkara çıxarılmış fərqin  2003-2009-cu illər ərzində rəsmi olaraq bəyan edilmiş idxal əməliyyatlarında payı orta hesabla 41,3 faiz təşkil edir.  Bu isə yol verilə bilən normadan 4 dəfədən də çoxdur.
Tədqiqatlar göstərir ki, oliqarxların şirkətləri gətirdikləri məhsulları dəyərindən dəfələrlə baha satır. Gömrükdə kartof 6 qəpiyə, şəkər 28 qəpiyə, banan 43, portağal isə 44 qəpiyə rəsmiləşdirilir.