Mübarək əleyhinə növbəti mitinq

Təhrir meydanına toplaşan minlərlə etirazçı devrilmiş diktatorun məhkəmə qarşısına çıxarılmasını tələb edib

Misirdə minlərlə insan Qahirənin Təhrir meydanında toplaşaraq, islahatların keçirilməsini və keçmiş prezident Hüsnü Mübarəkin məhkəməyə verilməsini tələb edib. Nümayişçilər həmçinin əvvəlki rejimdə post tutan rəsmilərin hazırkı hökumətdən çıxarılmasını da tələb ediblər.
Hüsnü Mübarəkin uzaqlaşmasından sonra ötən gün keçirilən mitinq iştirakçıların sayına görə ən böyük nümayiş olub.
Xatırladaq ki, Misirin devrilmiş lideri hakimiyyətdən getdikdən sonra ona və ailəsinə məxsus hesablar dondurulub. Keçmiş prezidentin ailə üzvləri Qırmızı dənizdə Şarm əl-Şeyx kurort şəhərində ev dustağı kimi saxlanılır. Mübarəkin hakimiyyəti illərində yüksək post tutmuş bir neçə məmur korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə həbs olunub.

İnformasiya şöbəsi