Masallı sakinlərindən Əliyevə maraqlı təklif

«Masallıya tez-tez gəlməsəniz də, olar, «gələcəyəm, gələcəyəm» deməyiniz kifayətdir ki, icra başçısı 5 ildə görmədiyi işləri 5 günə görsün»

Məlum olduğu kimi, ölkə başçısı Ilham Əliyev son illər bir neçə dəfə cənub bölgəsinə gəlsə də, Cəlilabadda, Lənkəranda, Lerikdə bir sıra obyektlərin açılışında iştirak etsə də, Masallıya ayaq basmayıb. Bu da səbəbsiz deyildi. Çünki Masallıda Prezidentin gəlişinə layiq olası heç bir iş yox idi. Bu kəsiri doldurmaq üçün Masallı Rayon Icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev son vaxtlar Nizami parkının abadlaşdırılması sahəsində qızğın işə başlayıb. Artıq Nizami parkında və onun ətrafında abadlıq və bərpa işləri yekunlaşmaq üzrədir.
Məlum olduğu kimi bu səfər elə bir vaxta təsadüf edir ki, ölkə başçısı korrupsiyaya və saxtakarlığa əsl savaş elan edib. Bəs Masallıda rüşvətxorluğa və saxtakarlığa reallıqda və görüntüdə hansı işlər görülür? Biz bu məsələ barədə ölkə başçısını məlumatlandırmaq qərarına gəldik. Buna görə bütün oxucularımızdan xahiş edirik ki, hazırda Masallıda hökm sürən, prezidentin çağırışına kölgə salan mövcud rüşvətxorluq və saxtakarlıqlar barədə redaksiyaya məlumat versinlər. Redaksiyanın özündə də belə məlumatlar kifayət qədərdir. Biz oxucuların tənqidi qeydlərini əlimizdə olan məlumatlarla birgə ümumiləşdirib prezidentə ünvanlayacağıq ki,  Masallıya gələndə həmin qaranlıq məqamların cavabını icra başçısı Qəzənfər Ağayevdən soruşsun.
Nəzərdə tutmuşuq ki, həmin suallar prezidentin saytı ilə yanaşı, ölkənin digər aparıcı internet saytlarına, informasiya agentliklərinə, çoxtirajlı qəzetlərinə və digər mətbu orqanlarına ünvanlansın.
Inanırıq ki, oxucular bu müraciətimizə həssaslıqla yanaşacaq, Masallıda müşahidə etdikləri korrupsiya, rüşvət, saxtakarlıq və sair neqativ hallar barədə bizə ətraflı məlumat göndərəcəklər. Bu, ölkə başçısının korrupsiya ilə və saxtakarlıqla mübarizə çağırışına layiqli töhfə olar.
Hələlik redaksiyanın poçtunda aşağıdakı təkliflər var:
– Hörmətli Prezident! Masallıya tez-tez gəlməsəniz də, olar. Sadəcə, “Gələcəyəm, gələcəyəm” deməyiniz kifayətdir ki, icra başçısı 5 ildə görmədiyi işləri 5 günə görsün, 5 ildə xərcləmədiyi pulları 5 günə xərcləsin.
– Hörmətli Prezident! Masallıya çox da enli maşınla gəlməyin. Rayonun bütün künc-bucağı dükan-bazar yeri kimi satıldığından şəhərin mərkəzində hərəkət etmək olduqca müşküldür.
– Hörmətli Prezident! Masallının icra başçısından zəhmət olmasa, soruşun ki,  dünyanın harasında 2 parkın arasını kommersiya dükanları ilə “hasarlayırlar?”. Şəhərin yeganə tarixi abidəsi olan hamamı xaraba gündə saxlayırlar?
– Hörmətli Prezident! Gələndə Heydər Əliyev prospekti ilə gəlsəniz də, gedəndə zəhmət omasa, hər gün 1600 şagirdin, 200 müəllimin, 300 həkimin, tibb işçisinin (xəstəxanaya gedən xəstələri saymırıq) yol getdiyi Fizuli küçəsi ilə qayıdın  və onda görərsiniz ki, bu şəhərin iki küçəsindən biri olan bu küçədə yüzlərlə çala-çuxur necə “göz oxşayır”.
Səfər öncəsi ən ürək ağrıdan mənzərələr Masallıda baş verir. Baş həkim Cəlil Nəzərov 80-90 manat əmək haqqı alan tibb bacılarını trassın ortasına töküb yol süpürtdürür, bardurları yuduzdurur. Doğrudanmı belə işləri gördürmək üçün onun fəhlə tutdurmağa imkanı yoxdur. Görəsən, o öz doğmaları olan qadınların bir tikə çörəyə olan ehtiyacından istifadə edib zorakılıqla trassın kənarlarını təmizlətdirərdimi? Belə yerdə deyirlər: “Qeyrətinə” qurban olum!
Icra başçısı ölkə başçısının Masallıya gəlişindən də xeyli fayda götürüb. Gecə ilə şəhərin mərkəzində əsas kölgənəcəklərdən olan iri gövdəli ağacları abadlıq adı ilə kəsdirib və həmin ərazini dükan yeri kimi satdırıb.
Bundan əlavə bütün abadlıq xərclərinin aparıcı idarələrin və sahibkarların üzərinə yükləndiyi barədə xəbərlər dolaşır.
Qeyd: Qəzet çapa gedəndə məlumat aldıq ki, ölkə başçısının cənub səfərinin əsas istiqaməti Astaraya olacaq. Burada Astara-Şahağıcı yolunun, Gənclər Evinin, Taxıl Anbarının, Qaz Kompressor Stansiyasının və digər obyektlərin açılışı gözlənilir.

Zahir Əmənov,
“Cənub xəbərləri” qəzetinin baş redaktoru