«Aprelin 29-da hakimiyyətlə cəmiyyət arasında birdəfəlik uçurum günü ola bilər»
Aprelin 8-də Irəvanda Ermənistan müxalifətinin birləşdiyi Milli Konqresin mitinqi keçirilib. Müxalifət tələblərinin yerinə yetirilməsi üçün Serj Sərkisyan hakimiyyətinə vaxt qoyub. Hakimiyyət əleyhdarları daha kəskin və sərt hərəkətlərə keçməklə bağlı iqtidara xəbərdarlıq edib.
Erməni Milli Konqresinin (EMK) lideri Levon Ter-Petrosyan bəyan edib ki, hakimiyyət növbəti mitinqə – aprelin 28-dək müxalifətin tələblərini yerinə yetirməlidir: “Biz hakimiyyətdən siyasi dustaqların azad edilməsini, Azadlıq meydanında mitinqlərin keçirilməsi hüququnun bərpasını, 2008-ci il martın 1-də törədilmiş qətllərin üstünü açmaqla bağlı hakimiyyətin qərarlı olması barədə rəsmi vəd verməsini gözləyirik. Bu baş verməsə, EMK dialoqun qurulması imkanlarını iflasa uğramış hesab edəcək, bununla da öz fəaliyyətinin strategiya və xarakterini dəyişdirmək məcburiyyətində qalacaq. Biz hakimiyyətlə ultimatum dili ilə danışmağa meylli deyilik. Amma xalqın səbrinin də həddi var. Aprelin 29-u ya dialoqun başlanması günü, ya da hakimiyyətlə cəmiyyət arasında biryolluq uçurum günü olacaq”.
Matenadaran Qədim əlyazmalar institutunun önündə başlayan mitinqdə keçmiş baş nazir Qrant Baqratyan, məşhur rejissor və artist Yervand Manaryan, keçmiş hərbi prokuror Qagik Cangiryan, EÜH idarə heyətinin sədri Aram Manukyan, “Respublika” partiyasının lideri, keçmiş baş nazir Aram Sərkisyan, Xalq partiyasının lideri Stepan Dəmirçyan çıxış ediblər.
Milli Konqresin koordinatoru Levon Zurabyanın çağırışından sonra mitinq iştirakçıları Irəvanın “Azadlıq” meydanına doğru yönəliblər. Polis onların meydana daxil olmasına mane olmayıb.
İnformasiya şöbəsi