17 Aprel – növbəti mitinq günü!

İctimai Palata ümumxalq etiraz aksiyalarını davam etdirməyə qərar verdi (VIDEO)

 

Dünən Ictimai Palatanın növbəti, sayca 4-cü sessiyası keçirilib. Tədbirin gedişində IP üzvlərinin yekdil qərarı ilə aprelin 16-da keçirilməsi nəzərdə tutulan mitinqin vaxtı dəyişdirilib. Ictimai Palata üzvləri qərara alıblar ki, kütləvi etiraz aksiyasının aprelin 17-də, yəni bazar günü keçirilməsi daha məqsədəuyğundur.
Budəfəki sessiyada IP üzvləri Müsavatın qərargahındakı akt zalına yerləşmədiyindən partiya rəhbərliyi qonşuluqdakı daha bir otağı tədbir iştirakçıları üçün ayıraraq, orada sessiyanın gedişini televizor vasitəsilə izləmək üçün imkanlar yaratmışdı.

İsa Qəmbər: “Heç kim xalqın qarşısını ala bilməyəcək”


Budəfəki sessiyanın aparıcısı Müsavat başqanı Isa Qəmbər tədbiri giriş sözü ilə açaraq öncə Azərbaycanın tarixində ən güclü aksiyalardan biri olan 2 aprel mitinqinin qəhrəmanlarını salamlamağı təklif etdi. I.Qəmbərin bu təklifi IP üzvlərinin alqışına səbəb oldu. Azərbaycan xalqının azadlıq, ərazi bütövlüyü uğrunda mübarizəsinin yeni mərhələsinə qədəm qoyduğunu deyən I.Qəmbər vurğuladı ki, bu mübarizənin sonunda qələbənin xalqla olacağına əmindir. “Heç kim xalqın qarşısını ala bilməyəcək”, deyə Müsavat başqanı vurğuladı.
Daha sonra tədbir dövlət himninin canlı oxunması ilə davam etdi. Hər bir insanın bu dünyaya azad olmaq üçün gəldiyini deyən I.Qəmbər qeyd etdi ki, insan azadlıq naminə yaşayır. Bu baxımdan dünənki günün azadlıq uğrunda mübarizənin tarixi günlərindən biri olduğunu xatırladan I.Qəmbər söylədi ki, məhz 1989-cu ilin bu günündə sovet rəhbərliyi Tiflisdə azadlıq uğrunda mübarizə aparan insanları qətlə yetirmişdi.  I.Qəmbərin növbəti bir təklifi millətindən fərqli olmayaraq azadlıq uğrunda mübarizə aparan insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi oldu.
I.Qəmbər tədbir iştirakçılarına 2 aprel aksiyası zamanı həbs olunan şəxslərin mesajını çatdırdı: “Dostlarımızın bir hissəsi hələ də həbsxanalardadır. Onlar bizə mübarizəni davam etdirmək mesajlarını göndərirlər. Mübarizəni onların da hər zaman davam etdirməyə hazır olduqlarını nəzərimizə çatdırırlar. Biz öz fədakar dostlarımıza ”eşq olsun!” deyirik. Onların az bir hissəsi həbsdən azad olub və bugünkü sessiyaya qatılıblar. Mən həmin şəxsləri xüsusilə salamlamaq istəyirəm. Həbslərlə bizim sıralarımızı seyrəltmək mümkün deyil”.

Daha 35 nəfər Ictimai Palataya qoşuldu


Müsavat başqanı IP-nın gündəlik layihəsini təqdim etdi: yeni üzvlərin qəbul olunması, mövcud ictimai-siyasi vəziyyət və demokratik düşərgənin vəzifələri, IP-nın “Iqtisadi islahatlar” konsepsiyasının təqdimatı. Gündəlik yekdilliklə qəbul olundu. Gündəliyin qəbulundan sonra IP-ya müraciət edənlərdən 35 nəfəri təşkilatın sıralarına qəbul edildi.

Əli Kərimli: “Bu rejimin hakimiyyəti tərk etməsi zaman məsələsidir. Amma olmazsa-olmaz məsələsidir”


Sessiya işinə ictimai-siyasi vəziyyətlə bağlı AXCP sədri Əli Kərimlinin çıxışı ilə davam etdi. IP-nın xalqın geniş kəsimi ilə birlikdə aprelin 2-də keçirdiyi son illərin ən möhtəşəm aksiyasının ölkənin gündəminə öz damğasını vurduğunu deyən Ə.Kərimli qeyd etdi ki, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti həmin aksiya və ondan sonrakı proseslər müəyyənləşdirir. Ona görə öncə iki aprel aksiyasında fədakarlıq göstərən insanlara təşəkkürünü bildirən AXCP sədri vurğuladı ki, bu insanlar həmin gün tarixə imza atıblar: “Hökuməti təəccübləndirə bilmiş, dünyanın diqqətini özünə cəlb etmiş insanlara eşq olsun. Bizim sıralarımızdan 200-dən artıq insan müvəqqəti saxlanıldı, 31 nəfərə qarşı inzibati həbs tətbiq olundu, hazırda isə barəsində cinayət işi qaldırılmış şəxslər də var. Ictimai Palatanın ondan artıq fəalı müvəqqəti saxlanma yerlərində və ya istintaq təcridxanalarındadır. Azərbaycan xalqı onların fədakarlığını yüksək qiymətləndirir, onların bu qəhrəmanlığı əvəzsiz qalmayacaq. Bu başlanan iş, inşallah, Azərbaycanı xilasa aparacaq”.

Ə.Kərimli bildirdi ki, aprelin 2-də göründü ki, müxalifətin varlığını belə dananlar 2 həftədir ki, qorxu içindədirlər və həyəcanlarından ağızlarına gələni danışır, ağıllarına gələnləri edirlər. AXCP sədrinin fikrincə, rejim artıq başa düşüb ki, təkcə Azərbaycan müxalifəti deyil, xalqın sabahını düşünən çox böyük kəsimi bu hökumətə qarşıdır: “Hakimiyyət sabitliklə öyündüyü halda aprelin 2-də məlum oldu ki, həmin sabitlik çox müvəqqəti və kövrək imiş. Necə oldu ki, müxalifəti bir zamanlar ”yox” sayanlar indi minlərlə insanın bu təşkilatlardan istefası barədə danışırlar. Adamın bir məntiqi olar. Necə olur ki, minlərlə insan illərlə bu təşkilatları “tərk edir”, amma biz sizin yenə də öyündüyünüz “sabitliyi” sarsıda bilirik? Indi bizi xaos, qarşıdurma yaratmaqda ittiham edirlər. Olmayan bir güc necə xaos yarada bilər? Aprelin 2-dəki aksiyanın ən böyük nəticəsi ondan ibarət oldu; həm Azərbaycan xalqı əmin oldu, həm də bütün dünya gördü ki, ölkəmizdə böyük bir çoxluq bu hakimiyyəti istəmir. Azərbaycanda böyük çoxluq dəyişiklik istəyir. Azərbaycan hökumətinin sosial dayaqları yoxdur. Onun hakimiyyəti tərk etməsi zaman məsələsidir. Amma olmazsa-olmaz məsələsidir”.

“Azərbaycan məsələsini dünyanın diqqətinə çatdırmağın yolu mübarizədən keçir”

Aksiyalardan sonra Azərbaycan cəmiyyətindən böyük dəstək aldıqlarını deyən Ə.Kərimli əlavə etdi ki, IP fəalları ilə çiyin-çiyinə mübarizə aparan minlərlə fəal vətəndaşla yanaşı, on minlərlə insanın mənəvi dəstəyinin şahidi olublar. Ə.Kərimli vurğuladı: “Bu onu göstərir ki, Azərbaycan cəmiyyətinin böyük hissəsi IP-nın tələblərini haqlı sayır. Biz iyirmiyə yaxın diplomatla görüşümüzdə ölkədəki vəziyyəti müzakirə etdik. Onların arasında olduqca nüfuzlu beynəlxalq təşkilatların səfirləri var idi. Biz hamımız onun fərqindəyik ki, sizin bu fədakar addımlarınız Azərbaycan məsələsini beynəlxalq gündəmə gətirib. Artıq aprelin 2-dəki aksiyadan sonra ATƏT-in Bakı ofisi, ATƏT-in Daimi Şurası, Avropa Birliyi, ABŞ Dövlət Departamenti səviyyəsində Azərbaycandakı insan haqlarının pozulmasına sərt, adekvat münasibət bildirilir. Biz bəzən şikayətlənirik ki, nəyə görə bu rejimə münasibət adekvat deyil. Deməli, dünya da bizdən hərəkət gözləyir. Biz o problemləri qaldıranda, biz meydanlarda göstərəndə ki, mübarizəyə hazırıq, dünya da səsini ucaldır. Deməli, Azərbaycan məsələsini dünya məsələsinə çevirməyin yolu mübarizədən, meydanlardan keçir”.
Ə.Kərimlinin çıxışının bu hissəsini də tədbir iştirakçıları gurultulu alqışlarla qarşıladı.

“Önəmli olan bundan sonrakı mübarizəmizdir”

Nitqinə davam edən Ə.Kərimli söylədi ki, Azərbaycandakı rejim xalqın ona qarşı münasibətini bildiyi üçün bəzi profilaktik addımlara başlayıb. Azərbaycan hökumətinin öz təfəkkür tərzinə uyğun olaraq, guya rejimi möhkəmləndirən addımlar reallaşdırdığını düşündüyünü deyən Ə.Kərimli qeyd etdi ki, bu addımlar müəyyən qisim adamlardan istifadə edərək böhtan, şər, iftira dolu “aksiyaların” keçirilməsindən ibarətdir: “Əminəm ki, Azərbaycanın düşünən kəsiminin gözündən bu hakimiyyət tətbiq etdiyi zorla, şərlə-böhtanla daha da düşür. Indi əsəb müharibəsi gedir və mübarizənin ən önəmli məqamıdır. Biz böyük mərhələdə uğur qazanmışıq. Aprelin 2-dəki aksiyanın hökuməti təşvişə salan mitinq olduğuna heç kim şübhə etmir. Amma önəmli olan bundan sonrakı mübarizəmizdir. Biz sübut etməliyik ki, bu mübarizənin sonu nə 2003, nə də 2005-ci ildə olduğu kimi yekunlaşmayacaq. Situasiya dəyişib. Indi Azərbaycan gəncliyi bizim sıralarımızdadır, indi internet əsridir və bizim imkanlarımız daha böyükdür. Müxalifət daha sıx birləşib. Ona görə də mübarizəmizdə heç bir tərəddüdə, enişə yol vermədən davam etməliyik. Bizdən təkan gözləyən on minləri mübarizəmizə qoşmaq üçün ardıcıl, mübariz olmaq və qələbə əzmini itirməmək lazımdır”.

“Aksiyaların davamı zəruridir”

IP üzvü Pənah Hüseyn çıxışında ictimai siyasi vəziyyət və demokratik qüvvələrin vəzifələri haqqında danışdı və tədbir iştirakçılarının müzakirəsinə IP-nin bu barədə qətnamə layihəsini təqdim etdi. Qətnamədə vurğulanırdı ki, IP-nin 2 aprel aksiyası qarşısına qoyduğu məqsədlərə çatmış hesab olunur. Və bu aksiya zamanı mitinq iştirakçılarının iğtişaş və zorakılıq hallarına yol verməməsi yüksək qiymətləndirilir. Eyni zamanda mitinq iştirakçılarına qarşı zorun işlənməsi pislənərək, həbs olunan müxalifət fəalları Arif Hacılı, Tural Abbaslı, Məcid Məmmədli, Şahin Həsənlinin siyasi məhbus sayıldığı və dərhal azadlığa buraxılması tələb olundu. P.Hüseynli də çıxışında köklü islahatlar və demokratik dəyişikliklər şüarı ilə kütləvi etiraz aksiyalarının davam etdirilməsini zəruri saydı.
I.Qəmbər P.Hüseynin çıxışından sonra tədbir iştirakçılarına IP-da hazırda iki nümayəndə heyətinin yaradıldığını bildirdi. Onlardan birincisi həbs olunan şəxslərin azadlığa buraxılması üçün müvafiq dövlət strukturları ilə əlaqələr yaradılması üçün formalaşdırılıb və onun tərkibinə Vaqif Hacıbəyli və Vidadi Mirkamal daxildir. Ikinci nümayəndə heyəti isə mitinqin təşkili üçün Bakı Şəhər Icra Hakimiyyəti ilə təmaslara səlahiyyətlidir ki, buraya da Mehriban Vəzir və Aqil Səmədbəyli daxildir.

“Tunisdə, Misirdə və Liviyada baş verənlər Azərbaycanda da mümkündür”

IP üzvü, siyasi şərhçi Ərəstun Oruclu isə bildirdi ki, Azərbaycanda son günlər baş verən üç olay hadisələrin mahiyyətinə aydınlıq gətirir. Söhbət IP rəhbərlərinin diplomatik korpusun nümayəndələri ilə görüşündən, AB-nın Azərbaycanda insan hüquqları ilə bağlı bəyanatından və ABŞ DD-nin hadisələrə münasibətdə sərgilədiyi mövqedən gedir: “Hakimiyyətin atdığı addımlar artıq onu göstərdi ki, onu hakimiyyətdə saxlayan dayaqlar itirilməkdədir. Əslində bu hakimiyyətin dayağı heç vaxt Azərbaycanda olmayıb. Bu hakimiyyət xaricdən təyin olunub, baxmayaraq ki, onlar bizi xaricdən idarə olunmaqda ittiham edirlər. Sadəcə olaraq dünyada qlobal siyasətin konteksti dəyişdi. Öz xalqına qarşı zorakılıq edən bütün bu cür rejimlərdən imtina edildi. Həmin rejimlərdən imtina edildikdən sonra xalqlar onları qovmağa başladı. Tunisdə baş verənlərin Misirdə mümkün olmayacağını dedilər. Misirdə baş verənlərin Liviyada mümkün olmayacağını dedilər. Indi Tunisdə, Misirdə və Liviyada baş verənlərin Azərbaycanda mümkünsüzlüyünü deyirlər. Lakin Azərbaycanda da demokratiya olacaq və bu, şəksiz mümkündür”.
Hakimiyyətin Ə.Kərimlinin evi, Müsavat Partiyasının qarşısında çirkin aksiyalar keçirməklə özünün siyasətini təkzib etdiyini deyən Ə.Oruclu vurğuladı ki, sərbəst toplaşmağa qoyulan qadağanı bununla özləri aradan qaldırırlar. Eyni zamanda 2 aprel aksiyasını telekanallarda reklam etməklə bütün Azərbaycanı bu aksiya barədə məlumatlandırırlar. Ə.Oruclu qeyd etdi ki, son 15 ildə Azərbaycana qarşı ən ehtiyatlı xarici siyasət yürüdən Almaniyanın konkret mövqe ortaya qoyması da hakimiyyətin süqutunun yaxınlaşdığını göstərir: “Almaniya Bundestaqının xarici əlaqələr komitəsində hökumətə Şərqdə ”sabitliyi” yox, demokratiyanı dəstəkləməyi məsləhət görməsi bir siqnaldır. Bundan başqa, Bəxtiyar Hacıyev və Cabbar Savalanın azadlığa baraxılmalı olduqları tələbi də Almaniya siyasətçilərindən gəlir. Bu o deməkdir ki, beynəlxalq aləm bu hökumətdən bezib”.
IP üzvü Xaliq Bahadır Azərbaycan xalqının tarixi boyu bir sıra qəhrəmanlıqlara imza atdığını dedi. Hazırda da xalqımızın tarixi günlərini yaşadığını deyən X.Bahadır vurğuladı ki, əvvəlki xalq hərəkatları zamanı yol verilən yanlışlıqlardan nəticə çıxarılaraq, budəfəki mübarizəni qələbə ilə sonluğa aparmaq lazımdır: “Çalışmalıyıq ki, bir daha Heydər Əliyev kimi diktatorlar bizim xalqımıza rəhbərlik etməsinlər”. X.Bahadırın daha bir təklifi IP-nin aksiyasının aprelin 17-nə təyin olunması ilə bağlı oldu.
“Dövləti bu quldurlardan təmizləməliyik”

IP üzvü Pərviz Səmədbəyli bildirdi ki, hakimiyyətin yürütdüyü siyasət nəticəsində dövlət təhlükədədir: “Azərbaycanda ailə həmişə müqəddəs olub. Əgər bu müqəddəs anlam hakimiyyətin çirkin davranışları ilə tapdanırsa, hamımız təhlükədəyik. Bu gün evlərin qarşısında təşkil olunan aksiyalar hakimiyyətin əxlaqını göstərir. Biz doğru yoldayıq və dövləti bu quldurlardan təmizləməliyik”.
IP-yə iqtisadi konsepsiya təqdim edən iqtisadçı-ekspert Qubad Ibadoğlu bildirdi ki, hakimiyyətin indiyə qədər elan etdiyi analoqu olmayan iqtisadi inkişafın heç bir əsası yoxdur. Və hər ötən il Azərbaycanın sərvətlərini hazırkı hakimiyyət qəsb edir.

“Qorxunu yox etməyin yolu qorxunun üzərinə getməkdir”

IP üzvü Fuad Qəhrəmanlı qeyd etdi ki, təmsil olunduğu təşkilat təkcə demokratiya uğrunda mübarizə aparmır. IP həm də bir qrup kriminalın zəbt etdiyi vətənimizin azadlığı uğrunda mübarizə aparır: “Biz qərar verərkən bilirdik ki, demokratiya uğrunda, azadlıqlar uğrunda mübarizə hansı yollardan keçir, hansı məhrumiyyətlərdən keçir. Bu baxımdan, 2 apreldə bizə göstərilən güc bizim üçün gözlənilməz deyildi. Çünki biz hansı hakimiyyətlə mübarizə apardığımızı bilirik. Bu gün insanlar da şüurlu olaraq dərk edir ki, baş verənlər təkcə emosional ovqat məsələsi deyil. Bu rejim getməsə, Azərbaycanda dəyişikliklər mümkün deyil. Biz kollektiv şəkildə artıq növbəti mitinq ilə bağlı müzakirələr etməliyik. Biz hazırda repressiyalarla üz-üzəyik. Bunun qarşısını almağın yeganə yolu isə mübarizədir. Biz geriyə çəkilsək, onlar bizim üzərimizə yeriyəcək. Ona görə biz irəli getməliyik. Qorxunu yox etməyin yolu qorxunun üzərinə getməkdir”.

İlqar İbrahimoğlu: “Hakimiyyətin Əli Kərimliyə qarşı atdığı addımlar Sovet imperiyasının Saxarovla mübarizəsinin təkrarıdır”

Sessiyada çıxış edən Hacı İlqar İbrahimoğlu qeyd edib ki, hakimiyyətin əl atdığı çirkin metodlar birmənalı olaraq xalqın xeyrinə işləyəcək: “Biz xaricə səfərlə əlaqədar olaraq keçən iclasdan sonra Koordinasiya Şurasında olan dostlarımızla sağollaşmışdıq. Amma səfər öncəsi internetdə gördük ki, bu gün burada (Müsavat Partiyasının qərargahında – red) piket keçirilib və bu, mənim səfər öncəsi proqramımı dəyişib buraya gəlməyimə səbəb oldu. Onu bildirmək istəyirəm ki, hər növ mənəviyyatdan kənar aksiyalar keçirməklə onlar Sovet dövründə bir çox dissidentlərin başına gələnləri yada salırlar. Sovet imperiyası dissident ”akademik Saxarova qarşı hansı metodları işlədirdisə, Azərbaycan hakimiyyəti də Əli Kərimliyə qarşı həmin metodları işlədir. Biz yaxşı bilirik ki, Sovet dövründə dissidentlərin dilə gətirdiyi fikrə görə onların başına nələr gəlib. Bu yöndə edilən cəhdlər birmənalı olaraq xalqın xeyrinə işləyəcək. Bir məsələni qeyd edim ki, onların səviyyəsinə enmək lazım deyil. Əgər kimsə düşünürsə ki, evlərin, partiya qərargahlarının qaşısında piket keçirməklə nəyəsə nail olacaq, ictimaiyyətin rəyini dəyişə biləcək, bu, yanlış düşüncədir”.
I.Ibrahimoğlu bildirdi ki, Azərbaycanda bu günlərdə forum keçirilib və orada belə bir sual verilib: “Necə ola bilər ki, Quran yandırılsın”. Mən də IP-in tribunasından isifadə edərək, belə suallar vermək istəyirəm. Necə olur ki, son dövrlərdə Azərbaycanda Quran buyuruqlarına qadağalar olur? Necə olur ki, azan qadağan olur? Necə olur ki, məscidlər sökülür? Necə olur ki, 5 aydır inanclı insanların övladları təhsildən kənarda qalır? Necə olur ki, Azərbaycanda olan dini çoxluq dini azlıqlar qədər hüquqlara malik deyil? Bütün sahələrdə olduğu kimi, dinə münasibətdə də köklü dəyişikliklər olmalıdır. Bəzən beynəlxalq insan haqları təşkilatları ilə görüş zamanı onlar soruşurlar ki, Azərbaycanda dini etiqadla bağlı, vicdan azadlıqları ilə bağlı vəziyyət nə yerdədir? Biz onlara çatdırırıq ki, Azərbaycanda dini haqlarla bağlı vəziyyət elə siyasi haqlarla olan vəziyyət kimidir. Artıq insanlar mövcud vəziyyətdə yaşamaq istəmir, insanlar şəxsiyyətli, ləyaqətli yaşamaq istəyir. Bu mübarizənin kökündə də məhz şəxsiyyət, ləyaqət durur. Amma elə addımlar atmaq lazımdır ki, rasional müstəvidə olsun, bu atılan addımların kökündə rasionallıq olsun”.

Aksiyaya bir saat qalmış aksiyanın yeri dəyişdirilə bilər

IP üzvü, gənc fəal Qaya Əliyev bildirdi ki, yeni dünya qurluşunda hazırkı rejimə yer yoxdur və Azərbaycandakı avtoritar rejimin də sonu uzaqda deyil.
IP üzvü Mustafa Hacıbəyli vurğuladı ki, hazırda ölkədə elə situasiya formalaşıb ki, hakimiyyət sərbəst toplaşmağa olan qadağanı ləğv etsə, yüz minlərlə insan meydanlara axışacaq. M.Hacıbəyli hesab edir ki, əgər növbəti dəfə də aksiyanın keçirilməsi üçün meydana girmək mümkün olmasa, o zaman aksiyaya bir saat qalmış mitinqin yeri başqa məkana dəyişdirilməlidir.
IP üzvü Yeganə Əmiraslanova bildirdi ki, hakimiyyət aprelin 1-də Ə.Kərimlinin evində aksiya keçirərkən onlar bunun şahidi olan V.Quluzadədən münasibət öyrəniblər. Və tanınmış politoloq hakimiyyətin güclü lider olan Ə.Kərimlidən qorxduğu üçün bu addımı atdığını deyib. Y.Əmiraslanova növbəti aksiya ilə bağlı bir sıra təkliflər də verdi: “Aprelin 17-dəki aksiyada üzərində şüarlar olan iri şarlar hazırlanaraq havaya buraxılsın”. Y.Əmiraslanova bundan başqa tədbir iştirakçılarının diqqətinə onu da çatdırdı ki, bu gün onların arasında YAP-dan yenicə istefa verərək, IP-ya müraciət edən Nüşabə Atakişiyeva və iki gənc iştirak edir.
Daha sonra bir sıra IP üzvləri gündəlikdə qoyulan məsələlərlə bağlı konkret təkliflər verdilər və sessiya iştirakçılarının oxuduğu Azərbaycan himni ilə tədbiri yekunlaşdırdılar.

Xəyal Şahinoğlu