“Oskar” alan azərbaycanlı baletlə məşğul olacaq

«Yaşadığım həyəcandan hələ də özümə gələ bilməmişəm»

Bugünlərdə Azərbaycan kinosunda bir ilkin şahidi olduq. Azərbaycanda istehsal edilən “Sahə” adlı film “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına təqdim edilmişdi. Bu film müsabiqədən keçməsə də, onu istehsal edənlər Hollivuddan əliboş qayıtmadılar. Filmdə baş rolu ifa edən Timur Oduşev martın 13-də Los-Ancelesdə keçirilən mərasimdə “Hollivudun gənc aktyorları” mükafatı ilə təltif olunub. O, “Xarici bədii filmdə ən yaxşı aparıcı rol” nominasiyasında fərqlənib.

Film haqqında qısaca məlumat

Film Azərbaycan (“Narimanfilm”) və Gürcüstanın (“Georgiafilm”, “Bagirafilm”) birgə layihəsidir. Filmin ssenari müəllifi və quruluşçu rejissor Ilqar Safatdır. Baş prodüsser Nəriman Məmmədov filmin hər mənada uğurlu taleyinə inanır və Azərbaycan kino sahəsində aparılan işlərə nikbinliklə baxır, bizə də bu nikbinliyə qoşulmaqdan başqa bir şey qalmır…

Bu film maraqlı janrlar kəsişməsini – fövqəltəbiiliklə misteriyanı özündə birləşdirir. Bu da öz növbəsində diqqəti müasir münasibətlərdə olan təzyiq və dilemmalara yönəldir.
Filmdə hadisələr Bakıda cərəyan edir. Film keçmişi indiki zamanda məskunlaşmasına mane olan bir insanın klassik hekayəsindən bəhs edir. Hekayədə ölkəmizin bugünkü reallığına qeyri-adi yanaşmanı əks etdirən personajlar və süjet yaxşı işlənmişdir:
Məşhur fotoqraf və nişanlısı mübahisə edərkən yol qəzası baş verir və bu səbəbdən polis SAHƏsinə düşürlər. Burada fotoqraf nişanlısına olan inamsızlığa istinad edərək, özünün daxilində uşaqlıqda qazanılan bir fobiyanı aşkarlayır. Uzun illər onun qəlbində qadınlara qarşı qorxu hissi yaşayır. Bu SAHƏdən sağ-salamat çıxmaq üçün o, öz qorxularını burada qoymalıdır. Burada baş verən əcaib, müəmmalı, birmənalı izahı olmayan “istintaq”ın sonucunda qəhrəman çox şeyləri anlayır, bir sıra yanlışlıqlardan qurtulur, zamansızlıq sahəsinin hikmətlərini dərk edir.
Timurla daha ətraflı tanış olmaq üçün söhbətləşib, ona suallarımızı ünvanladıq.

– Özün haqqında ətraflı məlumat verməyini istərdik…
– Mən Timur Oduşev 1993-cü ildə Bakıda anadan olmuşam. 4 yaşımdan akrobatika ilə məşğul olmuşam. 6 yaşımdan Bakı Xoreoqrafiya məktəbində oxuyuram. Hazırda Xoreoqrafiya məktəbinin 2-ci kurs klassik şöbəsinin tələbəsiyəm. 2008-ci ildə bizim məktəbimizdə “Sahə” filmindəki gənc Qərib rolunun kastinqi keçirilirdi. Müəllimim məsləhət gördü ki, mən də iştirak edim. Doğrusu, rejissor Ilqar Safatın məni seçəcəyini heç ağlıma da gətirmirdim. Ona görə də xəbər gələndə ki, bu rola məni təsdiqləyiblər, çox təəccübləndim və əlbəttə ki, sevindim. Filmin baş qəhrəmanı Qəribin uşaqlıq dövrünü ifa etmək mənə qismət olduğu üçün çox qürurlanıram. Bu, mənim kinoda ilk rolumdur.

– Bildiyimizə görə, “Sahə” filmi “Oskar” mükafatı üçün müsabiqəyə göndərilmişdi, amma müsabiqədən keçə bilməmişdi.ÿSən necə düşünürsən, film nədən müsabiqədən keçmədi?
– Mənim fikrimcə, sadəcə olaraq, rəqabət çox güclü idi və bu filmi qarşıda hələ çox uğurlar gözləyir. Elə mənim laureatı olduğum “Hollivudun gənc istedadları” mükafatının alınması da məhz “Oskar” uğrunda mübarizəyə qoşulduqdan sonra mümkün oldu. Əgər “Sahə” filmi “Oskar”a təqdim olunmasaydı və bu filmi Hollivudda Amerika kinoakademikləri, jurnalistlər seyr edib bəyənməsəydilər, mənə də bu mükafat uğrunda mübarizəyə qoşulmaq təklifi göndərməzdilər.

– Azərbaycanda Hollivudunÿ mükafatçısı olmaq ÿarzusunda və həsrətində ÿolanÿ bir çox aktyorlar var.ÿBu ilki Azərbaycana sən gətirdin. Hollivudun mükafatçısı olmaq necə duyğudur?
– İnanın ki, indinin özündə də hərdən mənə elə gəlir ki, yuxudayam. Hələ deyəndə ki, bu mükafata nominant olmuşam və Amerikaya mükafatın təqdimat mərasiminə gedəcəyəm, inana bilmirdim. Təqdimat mərasimində adımı qalib kimi çəkəndə də özümü elə itirmişdim ki, səhnədə bir neçə dəqiqə susduqdan sonra ancaq “Thank you” deyə bildim, vəssalam. Çox sevincli bir duyğudur. Hələ də tam olaraq, özümə gələ bilmirəm.

“Rüstəm Ibrahimbəyovla tanış olmaq böyük arzumdur”

– Başqa bir azərbaycanlı – Rüstəm İbrahimbəyov da “Oskar”a layiq görülənlər siyahısındadır. Onunla tanışlığın varmı?
– Çox təəssüf ki, Rüstəm Ibrahimbəyovla tanış deyiləm. Onunla tanış olmaq, bir çoxları kimi, mənim də böyük arzumdur.

– Hollivuddan Azərbaycan necə görünür? Oradakı kino texnologiyası, kinoya yanaşma ilə bizim yanaşmalarımızda hansı fərqlər var?
– Əlbəttə, tamamilə başqa bir ölkədir, ancaq o qədər də böyük fərqlərin olduğunu deyə bilmərəm. Orada Azərbaycanı yaxşı tanımırlar, lakin SSRI-nin tərkibindəki respublikalardan olduğumuzu deyəndə, təxminən harada yerləşdiyimizi anlayırlar. Ümid edirəm ki, gələcəkdə ölkəmizi daha yaxşı tanıtmaq imkanı olacaq. Kino texnologiyalarına gəlincə, bu suala mütəxəssislər daha yaxşı cavab verərlər. Mən isə böyük fərq görmürəm.

– Filmin çəkilişi zamanı yadda qalan hadisələrÿolubmu?
– Belə hadisələr çox olub. Əslində, hər bir çəkiliş günü yaddaşımda dərin iz qoyub. Əvvəla, rejissor Ilqar Safatla işləmək çox maraqlı idi. O, mənə çox kömək edirdi, hər bir epizodu çəkməmişdən əvvəl mənə qəhrəmanımın keçirdiyi sarsıntılar, hisslər haqqında danışırdı. Bundan başqa, professional aktyorlarla işləmək, onlardan öyrənmək, onlarla ünsiyyətdə olmaq mənim üçün çox önəmli idi.
Özüm çəkilmədiyim günlərdə belə, çəkiliş meydançasına gəlirdim ki, burada baş verənləri görüm. Çox heyfslənirdim ki, mənim Vaqif Ibrahimoğlu ilə bir yerdə çəkilməli olduğum səhnələr yox idi ssenaridə. Çünki Vaqif müəllimin oyununa da, elə insan kimi özünə də heyran olmuşdum. Məni meydançada görən kimi zarafatlaşırdı.
Ən çox yadımda qalan epizodlardan biri də, qəhrəmanımın gecə vaxtı dərnəyə gələndə müəllimi Iosif Davidoviçlə olan görüşü idi. Müəllimi moskvalı aktyor Ramiz Ibrahimov ifa edirdi. Çəkiliş vaxtı o birdən elə ağlamağa başladı ki, mən lap sarsıldım. Onun oyunu, energetikası mənə necə təsir etmişdisə, o səhnəni çox az dubl köməyilə çəkdik. Ümumiyyətlə, belə hadisələri çox yada salmaq olar.

– Bu mükafata hansısa maddi əlavə də daxildirmi?
– Xeyr, bu mükafata görə pul verilmir.

“Mənim üçün balet daha önəmlidir”

– Mətbuatda gedən məlumatlara görə, sən gələcəkdə aktyorluğun deyil, baletin ardınca getmək istəyirsən. Gələcək planlarında dəyişiklik varmı?
– Mən lap uşaqlıqdan baletlə məşğul olmağı arzulamışam və indi də bu yolda çalışıram. Ən böyük arzum Moskvada böyük Teatrın səhnəsində rəqs etməkdir. Gələcək planlarıma gəlincə, əlbəttə, filmdə çəkilmək təklifi alsam, məmnuniyyətlə qəbul edərəm. Çəkilişlər çox maraqlıdır və mən belə bir təcrübəni bir daha yaşamaq istəyərdim. Əgər film balet rəqqası haqqında olarsa, lap əla olar. Onda mən həyatda ən çox sevdiyim baleti və kinonu bir araya gətirmək imkanı qazanardım. Bu, doğrudan da çox maraqlı olardı.

Ayəndə