Heydər Əliyevin “Başsız və ürəksizlər” əsərinin fəsadları

Internetdə axtarış edəndə gənc rəssam Faiq Əhmədin “Qoca mələklər” əsəri diqqətimi çəkdi. Rəssam əsərində qanadları olan, arğın-yorğun, məsum-məsum baxan iki qoca kişini təsvir edib, şərh də yazmışdı: “Yararlılıq müddəti ötmüş bütün kişilər zərərsiz mələklərə çevrilir”.

Sözün düzü, şərh şəkildən daha çox xoşuma gəlsə də, rəssamın fikri ilə razı deyiləm. Görünür, Faiq bəy rənglər aləminə elə qapılıb ki, ətrafda baş verənlərdən xəbəri yoxdur. Axı buynuzlu-quyruqlu, iti caynaqlı Azərbaycan məmurlarını necə “zərərsiz mələklər” adlandırmaq olar? Əksinə, onlar qocalanda daha qəddar və zərərli olurlar. Hətta öləndən sonra da canlı “əsərləri” ətrafa faciə püskürür. Misal üçün, Heydər Əliyevin “MM”(Başsız və ürəksizlər), “PA”(Fəlakət) əsərləri millətə dayaq olmaq, zövq vermək yerinə, ölkəni zəlil günə qoyub. Əcəba, o səbəbdənmi Milli Məclisdə ən çox müzakirə olunan məsələlər ürəkdən aşağı “problemlər”lə bağlı olur? Əlbəttə, keçirilən bütün seçkilərdə ağıllı, savadlı, vətənpərvər namizədlərin soyqırımı olursa, qutudan başsız, ürəksiz yarımadamlar çıxırsa, Məclis milli tumanbağının uzunluğunu, qısalığını müzakirə etməlidir. Millətin şalvarının, tumanın içi hökumətin ən çox maraq göstərdiyi, “qayğısına qaldığı” yerdir. Millət vəkillərinin fikrincə, guya sakitlik üçün kişilər mütləq axtalanmalıdır, ya da oğlan uşaqları az doğulmalıdır. Son iclaslarında isə qərara alıblar ki, qohumla evlənmək olmaz. Sanki ölkədə əmin-amanlıq, vətənpərvərlik qız uşağı dünyaya gətirməkdən, cinsi orqanı zərərsizləşdirməkdən və ya ailə quracağın adam haqqında sağlamlıq arayışı təqdim etməkdən ibarətdir.

Cənablar, bəlkə, birinci özünüzdən başlayasınız? Yoxsa yazılan, tələb olunan əcaib qanunları ancaq yetim-yesirlər üzərində tətbiq etməyə vərdişkarsız? Illərdir, həyatlarını kef-damaq içində keçirən məmurlar ömürlərini uzatmaq, varislərinin sayını çoxaltmaq üçün min bir hoqqadan çıxırlar. Yemək stolu ilə ayaqyolu arasında, yorğan altında keçən bir ömür bu qədərmi şirindir? Olsun, amma arı südü içməklə, meymun beyni yeməklə, 25 min avroluq çarpayıda yatmaqla Əzrayılı qapıdan qovmaq olmaz. O gəldisə, əliboş qayıdan deyil…

Prezident yumurta qıtlığından həyəcanlanır, amma məmləkətdəki KIŞI qıtlığı vecinə də deyil. Yəni işsizlikdən ölkəni tərk edən, haqsızlığa ürəyi dözməyən, sərhəddə şəhid olan… KIŞIlərin bir yumurta qədər də dəyəri yoxdur? Ölkədə KIŞIlərin soyqırımına kim sərəncam verib? Məhəllədə bir kişi tapmaq olmur ki, işıq sönəndə, su kəsiləndə qabağa düşsün, bir yerə dərdini çatdırsın.

Bizim məhəllədəki qoca rus “mujik”in üstündə hər gün qadınlar arasında qırğın-qiyamət qopur. Bir də görürsən “master” alət dolu çantası ilə küçənin ortasında dayanıb qadınların “atəşkəsini” gözləyir. Tükəzban “Vasya mənim sobamı düzəldəcək, bir aydır uşaqlara şirniyyat bişirmirəm” deyən kimi Hüsniyyə vay-şivənə başlayır: “Heç elə şey yoxdur, Vasya mənim işığımı düzəldəcək, üç gündür qaranlıqda qalmışıq”. Qoca ustanı “bölməyə” Gülnisə, Fatmanisə… qoşulanda keçmiş hərbçi çantasını yerə qoyub, bir nərə çəkir: “Vo pervıx, mənə Vasya yox, Vasiliy Ivanoviç deyin. Vo vtorıx, yesli budete tak prodoljat, mən heç kimi düzəldən deyiləm”. Bu vaxt Tükəzban qiyyə çəkib bir başına döyür, bir də dizinə: “Gorun çatlasın Xudabaxış, düz-əməlli danışa bilməyən urus ümidinə qalmışam”. Əslində, bütün qadınların qiyyə çəkib, bir başına, bir dizinə döymə zamanıdır. Çünki “urus”dan da betərlərin – BAŞsız və ÜRƏKsizlərin ümidinə qalmışıq. BIZi qorumaq üçün ölkədə ağıllı, savadlı, cəsur bir kişi qalmayıb: gedən gedib, ölən ölüb, qalanlar da ölüm ilə üz-üzədirlər. Belə getsə, hətta qəzet köşələrindəki dəyərli kişi şəkillərinə də həsrət qalacağıq: “Azadlıq” qəzetində köşə qonşum, cəsur jurnalist Seymur bəyi oğurlayıb döyəndən sonra, digər KIŞI yazarlara hücumlar başlayıb. Lənətə gəlmişlər, heç olmasa qəzetlərdəki köşə qonşularımıza toxunmayın! Axı qadınlar yalnız KIŞIlərin əhatəsində özünü güvəndə hiss edir. Ey insanlıqdan, sevib-sevilməkdən, ilahi duyğulardan məhrum olan başsız və ürəksizlər! Sayənizdə ölkə başdan-başa dərddən vərəmləyən analar, dul, tənha qadınlar, qarımış qızlar diyarına çevrilib. Imkan verin heç olmasa şəkillərimiz vərəmləməsin, tənhalıqdan çatlamasın…