«Qış bulvar»ında növbəti aksiya

“Abutalıbov pulumuzu yeyir” deyən sakinlər yolu bağladılar

 

Aprelin 7-də “Qış bulvarı”nın qurbanları yenidən etiraz aksiyası keçirdilər. Aksiya edənlər evlərinin sökülməsinə görə verilən pul və evlə razılaşmırlar. Onlar pulun azlığından və evlərin uzaqlığından şikayətçidilər.

 

Buna görə də 100-ə yaxın vətəndaş H.Əliyev Sarayının arxasındakı avtomobil yolunu bağladı. Bundan sonra əraziyə xeyli sayda polis əməkdaşları gəldi. Polislər sakinlərdən dağılmağı, Prezident Administrasiyası və Bakı meriyasına müraciət ünvanlamağı tövsiyə etdilər.

Narazılar isə müraciətlərin heç bir nəticə vermədiyini və bundan sonra ardıcıl mitinqlər keçirəcəklərini bildirdilər. Hökumətin onların müraciətlərinə biganə münasibətindən təngə gələn vətəndaşlar nə meriya nümayəndəsi Zülfəli Ismayılova, nə də Hacıbala Abutalıbova şikayət edəcəklərini dedilər.

Onlar ölkə başçısı Ilham Əliyevdən baş verənlərə münasibət bildirməyi və onların problemləri ilə maraqlanmağı tələb etdilər. Onlar Ilham Əliyevdən yumurtanın qiymətinə göstərilən diqqəti, eynilə evlərin sökülməsi məsələsinə də göstərməyi xahiş etdilər. Evlərinin zorla sökülməsinə etiraz edən vətəndaşlar bildirdilər ki, ya prezidentin bu qanunsuzluqlardan xəbəri var və sadəcə, onu əhali maraqlandırmır, yaxud da Abutalıbov ona yalan məlumatlar verir.

Sakinlər bildirdi ki, onların mənzillərinin hər kvadratmetri 3500 manatdan hesablanmalıdır. Onlar hesab edirlər ki, elə 3500 manatdan da hesablanıb. Sadəcə, Abutalıbov həmin pulları yeyib. Onlar yarım milyon vəsaitin mənimsənildiyini iddia etdilər.

Vətəndaşlar aksiyanı Füzuli küçəsində davam etdirdilər. Şikayətçi Şirinbacı Rzayeva Abutalıbovun onlara dövlət səviyyəsində terror etdiyini söylədi: “Allah bu hökumətin cəzasını verəcək. Qoy yığsınlar milyonları, yeyə bilməyəcəklər. Haram olsun, sizə xalqın pulu. Bu qədər haqsızlıq olmaz. Biz evlərimizdən çıxmayacağıq. Illərdir ki, şəhərin mərkəzində yaşayırıq. Indi evlərimizi uçurub, bizi şəhərdən kənara göndərirlər. Mən necə gedim ”karobka” evlərdə yaşayım? Bu hökumət bizə heç nə vermədi, zülmdən başqa”.

Özünü təqdim etməyən rəsmi nümayəndə isə heç kimin mənzilinin zorla sökülmədiyini və əgər belə bir fakt varsa, məhkəməyə müraciət edə biləcəklərini söylədi. Polis vətəndaşları Zülfəli Ismayılovun yaxınlıqda yaradılmış qərargahına getməyə çağırdı. Ancaq sakinlər inadından dönmədilər və Z.Ismayılovun onların ayağına gəlməsini tələb etdilər.

Vətəndaşların sözlərinə görə, kvadratmetri 1500 manatdan kompensasiyaya mərkəzdə mənzil almaq mümkün deyil. Əhali Abutalıbovun yaratdığı ikitirəlikdən də şikayətləndilər və mənzili 60 kvadratmetrdən çox olan sakinlərə ev verilməsini düzgün saymadıqlarını dedilər.

Aqşin