Goranboyun icra başçısı müxalifətçilərə hücum əmri verib

İcra başçısı Nizaməddin Quliyevin göstərişi ilə AXCP, Müsavat, AMIP və KXCP fəallarına təzyiqlər edilir

Goranboyun yerli hakimiyyəti rayon müxalifətçilərinə qarşı hücuma keçib. Rayondan daxil olan məlumatlarda deyilir ki, icra başçısı Nizaməddin Quliyevin göstərişi ilə müxalifətçi fəallara ciddi təzyiqlər olunur. Bu işlə əsasən icra başçısının müavini Baxış Abdullayevlə rayon mədəniyyət və turizm şöbəsinin rəhbəri Gündüz Hacıyev məşğul olur. Adıçəkilən məmurlar şəxsən müxalifətçilərə zəng vuraraq əvvəlcə şirnikləndirici vədlərlə onları YAP-a üzv olmağa çağırırlar. Müxalifətçilər razılaşmayanda isə onları həbslə hədələyirlər. 
Məlumatlarda həmçinin deyilir ki, Goranboy müxalifətçilərində heç kim təmsil etdiyi partiyadan istefa verməyib. “Telekanallarda iki nəfər göstəriblər. Guya onlardan biri AXCP-nin digəri isə Müsavatın üzvüdür. Halbuki bu adamlardan biri Kommunist Partiyasının üzvüdür, onu rayonda hər kəs yaxşı tanıyır. Digər şəxs isə heç bir partiyanın üzvü deyil. Sadəcə vaxtilə xalq hərəkatında iştirak edib”,- deyə Goranboydakı mənbə bildirib.
Mənbə bir maraqlı faktı da diqqətimizə çatdırıb. Onun sözlərinə görə, icra başçısı Nizaməddin Quliyev rayonun abadlıq işlərində çalışan 125 fəhlənin maaşını verməkdən imtina edib: “Həmin fəhlələrin hərəsinə 1500-2000 manat pul verilməlidir. Onlar bu məsələ ilə bağlı Nizaməddin Quliyevin qəbulunda olublar. Amma icra başçısı deyib ki, mənim üçün işləməmisiniz ki, sizə pul verim”.

İnformasiya şöbəsi